Son deportasiyanın 20 ili

YURD HAVASI

Tanışlığımız çoxdan başlayıb. Əslində bu tanışlığa talelərimizin tanışlığı kimi baxıram. İndi bu tanışlığın 20 yaşı var. İyirmi ildi ki, sonuncu adama kimi, sonuncu kərə o yurdlardan sıxvarılıb çıxarıldıq. İndi iyirmi ildi ki, yurdlarımızda yel vurub yengələr oynayır. Bu iyirmi ildəki itkilərimizi saymaqnan qurtarmaq olmaz. Yurd üstə şəhid olanlar da, yollarda-izlərdə itbata düşənlər də, ölənlər də, qəribliyə-qürbətə, iqlimə, havaya-suya dözməyib gedənlər də hesaba-saya gələn deyil. Təbii ki, artımımız da, dünyaya gələnlərimiz də qədərinnən bəlkə də çoxdu.
Bu iyirmi ildə dərd çoxlarımızın içində qarıdı. Elə dərdin qarımış şəkli üzümüzə çıxdı-gözümüzə hopdu. Bir gənc şairin dediyi kimi, «yaşlaşdıqca allah adamın üzündə qocalır». Tanrı da üzümüzdə beləcə qocaldı, dərd də.
Bu da, bəlkə də, içimdə qarıyıb-qocalmış dərdlərdən göyərənlərdi.

Ağzımız dadı yandırır
Gözümüz odu yandırır
Çölümüz yadı yandırır
İçimiz qürbətdi bizə.

Bu misralar Kəmaləddin Kamunun «Ben qürbətdə deyilim, Qürbet benim içimdə» deməyiynən eyni ovqatda, üst-üstədi. Heç də özümü Kəmaləddin Kamuyla bir bərabərdə tutmaq iddiasında deyiləm. Görünür burada da talelərin tanışlığı var. Sözün üst-üstə düşməsi də bu tanışlıqdan başlayır.
Hər gün gördüyüm adamdı. Səhərlər işə gedəndə gördüyüm adam. Yayın beyinləri dəlib keçə biləcək istisində də, qışın sümükləri pasladan rütubətli soyuğunda-sazağında da. Sağ əlində çəliyi, sol əlində qutuya bənzər balaca çamadan. Başında qaragül papaq, azca əyilməyə meyilli qaməti, (sinni səksəni keçsə də özünü şax tutmağa adətkar görünür) bığları Koroğlunun bığları kimi ucları eşilmiş, sifəti xəritəyə bənzəyir. Dərdin, ağrının, həsrətin, itkilərin sərhədləri bu sifətdə bəlkə də bir-birinə qarışıb. Bəlkə də ağrının, dərdin cızgilərini, sərhədlərini ayrıca görmək mümkündü. O da baxır baxanın kimliyinə, necəliyinə, baxmağına, zəndinə. Hər halda Balay Məhəmməd oğlu Xudakərim nəvəsinin sifəti bir tarix kimi, bir etnoqrafik mənzərə kimi adamın diqqətini çəkir.
Beləcə bu şəkildə hər səhər işə gedəndə, bu şəkildə, bu görkəmdə gördüyüm adam. O da tələsir, qarışıq dayanacaqların birində avtobusa minir, basabasnan avtobusdan düşür, sonra metroya enir, basabasda xeyli yol gedir, dayanacaqların birində yerin altınnan çıxır, adamların tünlüyündə gözdən itir, bir əlində xırdaca qutuya oxşayan çamadan, o biri əlində əsası.
Onu meydanlarda, keçidlərdə insanların gur qaynar yerlərində çox görmüşəm. Özünə mətəris bir yer seçir. Balaca çamadanı açır. Bəlkə də səksən ildi özüylə gəzdirdiyi, özünün ciyərparası bildiyi zurnanı, balabanı, neyi çıxarır, alətləri bir daha yaxşıca kökləyir, sazlayır. Başlayır kökdən, şəcərədən bildiyi, indi çoxunun yaddaşlarından silinib, itən havaları səsləndirməyə. Balay Məhəmməd oğlu Xudakərim nəvəsi tək öz dərdlərini çalmır, o yaddaşları oyadır. Beləcə hava-havacat qanad-qanada çırpına-çırpına ətraflara yayılır. Havalar dəyişir, alətlər bir-birini əvəz eləyir. Zurnadan balabana, balabannan neyə, neydən tütəyə keçdikcə havalar adamın içalatınnan keçir, adamların çoxusunu dərd-dərd bir-birinə tikir.
Bəzən axşamlar toylara dəvətli olur. Elə olur ki, «iş yeri»nnən tez getməli olur. Onu «iş yerində» görməyəndə adamlar narahatlıq keçirir: «görəsən qoca niyə yoxdu».Repertuarında üç yüzdən çox hava-havacat var. Ən qədimi havaları ən qədimi varianta çalır, səsləndirir. «Sarı gəlin», «Aman nənə», «Sarı yaylıq», «Summanı», «Dağ çiçəyi», «Oyna gülüm», «Tərəkəmə», «Qaradonlu», «Ənzəli», «Tiflisi», «Arpa çayı», «Xoş damağı», «Atdandırma», hansı birin deyəsən. Hamısı da «Yurd havası»dı. Hərəsində də bir tarix, oxşar, fərqli talelər, bir-birinə bənzər-bənzəməz dərdlər, ağrılar, vaxtın-zamanın söylədikləri, dədə-babadan görüb-götürülənlər, insanın içi-içalatı, ovqatdan-ovqata köklənmə, oğul-uşağa, gələcəyə deyiləcəklər, yaxın-uzaq yaşantılar, görgülər, daha nələr-nələr. Balay kişi çox qədimnən gələn zurna sənətinin davamçılarınnan, bu böyük tarixi sənəti bu günümüzə yetirənlərdəndi. Gözünü açannan atası Məhəmməd kişini də, babası Xudakərim kişini də bu sənətin üstündə görüb. Ot kökü üstə böyüyər, o da kökü üstə də gəlir. Ulu babaları da bu qədim sənətin yolunda saç-saqqal ağardıb, yurdda bərkiyib, dövrannar qurub, toylar-şadyanlıqlar keçirib, yeyib-içib dünyadan köçüb. Tanrıdan hamısına min rəhmət. Amma yurddan köçmək tanrı dərgahında daha ağır dərdlərdəndi, daha ağır imtahandı. O yurd ki, dədə-babadan gələn min illiklər boyu nəfəsimiz işləyən Kotanlı kəndi, Şölən-Paşalı eli. Sonra da bir yalançı beynəlmiləlçilik eləyib bu bölgəyə Əzizbəyov rayonu adını vermişdilər.
Günü beləcə keçir. Amma heç başa düşmək olmur ki, çaldığı hava- havacatnan daha nə demək istəyir, adamları, nəyə səsləyir? Yoxsa çaldıqlarını daşların, divarların, küçələrin, asfaltların qulaqlarınamı çatdırmaq, eşitdirmək istəyir.
Beləcə axşam düşməmiş yır-yığışın eləyir. Yenə əsasına söykənə-söykənə o biri əlində balaca qutuya oxşar çamadan adamların tünnüyünə qarışır, metroya enir, sonra basa-basnan bir təhər avtobusa qalxır, evinə gəlir. Hər dəfə də qapını üzünə açan qarısına axşamın xeyir-deyib, hal-əhval tutur. Qazandığı qəpik-quruşu qarısının ovcuna qoyub, buna da şükür eləyib, süfrə arxasına keçir.Düşünürəm düşmən bu qocanın hər şeyini əlinnən alıb, yerini-yurdunu dağıdıb. Min illik yurdunda turp əkib. Bir oğlunu qətlə yetirib. Qaçqına, didərginə çevirib, özünü çöllərə salıb. Amma min illərin havasına bərkiyən içini sındıra bilməyib. Bu gün də bu qocalığında da dədə-baba sənətiylə özünə bir parça çörək pulu qazana bilir, bir parça çörək üçün heç kimə də minnətli deyil..
Balay Məhəmməd oğlu Xudakərim nəvəsi ilə tez-tez söhbətlərim olur. Lap atüstü olsa da, lap avtobusda, metroda görsəm də.
Bir neçə dəfə Azərbaycan Radiosunun efirinə dəvət eləmişəm, maraqlı söhbətləri, çalğısı, ustadlığı dinləyiciləri də məmnun eləyib. Radionun efirindən hər görüşü bir radio-film olub.
İndi siri-sifəti, yerişi-duruşu etnoqrafik tapıntıya bənzəyən, çalğısında, hava-havacatında tarix yaşadan, özümüzü yurda-ulusa səsləyən bu qoca zurnaçının bir film taleyini yaza, yarada biləcək bir rejissora daha çox ehtiyac var. Bu rejissor zaman özü ola bilər.

Tahir TALIBLI