2 sonuçtan 1 ile 2 arası

Əli Hacı

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Apr 2009
    Mesajlar
    1

    Əli Hacı

    ƏLİ HACI






    Durum gedim
    Döyməyə qapı qalmadı
    Ürək açmağa adam.
    Bizi sabahlara ötürən
    Gedənlər də gəlmədi!
    Durum gedim!

    Hər gecə səhərin xəstəsi
    Könlüm sabahlardan da bezir
    Hər gün
    Gəzdiyim yollarımda
    Tənhalığım gəzir.
    Gəzdiyim yollarım
    Əl üzdüyüm yollarım
    Durum gedim!

    Buluda bax! İlahi!...
    Əlləri göydən üzülüb
    Yer də götürə bilmir.
    Mən çoxdan ölmüşün
    Yanına adamlar yığılıb
    Yerdən götürə bilmir,
    Durum gedim!
    ***

















    Sən və mən
    Sən dəniz
    Mən çay olmuşam,
    Gəlib sənə qovuşmağa.
    Sən torpaq,
    Mənsə göy olmuşam,
    Bulud-bulud ağlamağa.

    Sən sevinc,
    Mənsə kədər
    Kimi gəlmişəm,
    Qoynunda yer almağa.

    Sən olum,
    Mən ölüm,
    Gəlmişəm sən olmağa.

    ***























    Yazıma bu axşam qış qarı düşüb
    Payızda qonubdu çiçəyim üstə.
    Mənim sabahıma axşamlar düşüb
    Qəmə yurd salıbdı ürəyim üstə.

    Gözümdə şəkli var dumanın, çənin
    Axan göz yaşım da bulanıq gəlir.
    Rəngi qanımdandı saralan gülün
    Ruhuma bu dünya qaranlıq gəlir.

    Qollarım meşə budandığından
    Ayağım yorulub yol yeriməkdən.
    Bezmişəm adam tək yaşadığımdan
    Bezmişəm şaman tək söz ələməkdən.

    Sabahım axşamdı fəsillərində
    Dünyadan nə sevinc,nə gülüş istə.
    Bir sınıq güzgüyəm yar əllərində
    Bir ağır dünya var qollarım üstə.

    ***













    Daha gül qoxusu gəlmir havadan
    Gül qoxusu verən şerlər yazım.
    Yoxdu dərdlərimdən məni oyadan
    Durub bağça gəzim, bir çiçək üzüm.

    Daha gül qoxusu yox yaşamaqda
    Dəyişmir nə gecə, nə də gündüzü.
    Böyük günah varmış adam olmaqda
    Adam tək sevmədik bir-birimizi.

    Silərək adımı varaqlarından
    Bu yer kitabından getmək istədim.
    Hamını çox sevdim mən öz yerimə
    Hamının yerinə ölmək istədim.

    ***


























    Bu gün çağır hamını
    Boynu bükük sevgiləri
    Yaşatmağa.
    Hamının
    Şərab doldur canına.
    Sonra
    Tanrıdan başqa yoxluğuna
    Inandır hamını.

    ***



























    Sən ah çəkdin
    Mən üşüdüm.
    Çəkdiyim aha gurladım
    Üşüdüm –ayrılığa
    Ağladım-tənhalığa.
    Sənin ayaqlarının
    Altı torpaqdı deyə
    Özümü verdim
    Ölüm adlı varlığa.

    ***
































    Başqa sevgim qalmadı
    Verdim olanı yemisən.
    Mən doğru bilib verdim,
    Sənsə yalanı yemisən.

    Soyutmağa verməmişəm
    Qaytar elə isti onu.
    Yaz ürəkdən sevməmişəm,
    Qaytaranda üstün onun.

    ***


























    Yoruldum bu sevdadan
    Istəyin həsrət yoludur.
    Çıxıb təkliyə gedirəm
    Yanın adamla doludur.

    Burax məni tənhalığa
    Torpaq ol, bulud ağlayım.
    Bir yer saxla ayrılığa,
    Ayrılığı yurd saxlayım.

    ***



























    Çıxart vaxtımın içindən
    O zəhrimar soyuqluğunu.
    Çıx vaxtının
    Mənsiz üşüyən qırağına
    Güzgü tut üzünə günahlarının!
    Səma da təmiz olmur,
    Hər vaxtın içində
    Kor Ərəbin mahnısına
    Qovrulan tək qovrulursan,
    Saralmış bəxtinin içində!...
    ***





























    Sən qoyma
    Sən qoyma uzağa gedəm
    Tanrım gözündən o yana
    Özündən aşağı yer ver,
    Qoyma özündən o yana.

    Gəlişimdə yol azmışam,
    Geriyə yolu azmışam.
    Ölmüşəm yolu bu axşam,
    Dirilim gedim hayana!...

    Durub baxmadım arxama,
    Kədər yapışdı yaxama.
    Bu həyat bir qumarxana
    Mən də qoşuldum oyuna.



    Dünyanı küyə gəzirəm
    Doyub ərköyün gəzirəm.
    Ölümün toyun gəzirəm,
    Özümü verim toyuna.

    Sən qoyma uzağa gedəm
    Tanrım,gözündən o yana.
    Özündən aşağı yer ver,
    Qoyma özündən o yana.

    ***











    Sənsizliyin içindən çıxıb
    Ay işığına tutdum üzümü.
    Xeyirlə şərin qarışığına
    Göz yaşımla yuyurdum
    Üzümü.
    Sakit havanın ağzına
    Çəkdiyim ah-
    Isti nəfəsim dolurdu.
    Didərgin baxışlarıma,
    Sürgündəki sevgimə
    Bu gecə
    Adamlığımı yonurdum!...

    ***



























    Tənhalığım-boyuma bicilən kəfən
    Ayrılıq-məni öldürən qatil.
    Tanrım gün gətir ,
    Öz gözlərin baxan günü gətir
    əvvəlin sonuna,
    sonun əvvəlinə.

    Nə qız baxışıdı bu gün
    Nə ərli qadının
    Qadınlıq üzü,
    Nə qadina baxan ər gözü.
    Gecədən şeh qonan
    Qaranlıq gecədi gündüzün.


    Kəfənim-tənhalıq
    Qatilim-ayrılıq
    Nə yaxşı hələ tanrı
    Birdə göy üzü var
    Göy üzünə ayrılırıq!
    Tanrım !
    Göy üzünə ayrılırıq.
    əli hacı
















    qarım yağdı,qar üstünə
    ürəyimin geniş,
    bu dünyanın dar üstünə.
    Şəkər sözüm acılaşdı,
    Dedim bacıdı,qardaşdı
    Məndən əvvəl qocalmışdı
    Məndən sonra ölən dərdim.
    Ruzgarların özüdür
    Dünyadakı sonsuz ahım.
    Yerdə daş gözlüdür,
    Göydə,göy gözlüdür Allahım!
    Buda mənəm,İlahi!


    Mən öldürdüm,
    Kor elədim
    Özgə üzə,özgə gözə
    Baxa-baxa baxışımı.
    Həm səhəri,həm axşamı
    Dərdi yedim üzü göyə
    Buda mənəm,İlahi!

    Bu axşam,ay işığına
    Baş dasımı yondu misram.
    Göyün birinçi mərtəbəsində.
    Dua oxuyurdum Tanrıya
    Ruzgarların səsində.
    Adamlığdan qacırdım
    Bir cicəyin əlləriylə bu axşam,
    Ölümə əl acırdım.
    Buqa mənəm,İlahi!

    Tövbələr qapısından uzaq
    Göy üzünə oxşayan
    Üzümün
    Ayparadı qaşları.
    Hər gün
    Suladığım üzümdə
    Şoranlıq qırışları!
    Hər gün sərxoşdu sözlərim,
    Küləklər qabağında
    Yüngüllükdən oynayan
    Qum dənələri kimi!
    Buda Tanrımın hökmü,
    Büda mənəm, İlahi!
    Əli Hacı



































    Sən dərd, mən də ağ kəfən
    Büküm özümə səni.
    Gözlərim içində gör,
    Qoyum yerimə səni.

    Bu yolu qoşa gedək,
    Yaş, quru yolun üstdən.
    Gəl sən içimdə can ver,
    Mən də qolların üstdə.

    Baş altım daşdı, daş
    Yarpaqlar yorğan mənə.
    Qoşul gedək, yerim yaş,
    Daş, yarpaq qurban sənə.

    ***


























    Sən dur toyuna tələs
    Mən də durum ölməyə.
    Sən gəldin dərd verəsən,
    Mən də dərd öldürməyə.

    Toyunun xərci olsun
    Göndərim döz daşımı.
    Su əvəzi dalınca,
    Səpim bu göz yaşımı.

    Havasızda oynayan
    əllərini sal yana.
    Göylər mənimdi, dayan,
    Ah çəksəm külün yanar.

    ***






















    Gedək ruhum, tək-tənha
    Mənə iman da dindir.
    Döydüm qapısı bağlı
    Dünya yas yerindədir.

    Qaç cütdüyüm birə qaç,
    Dərd səni güldürər qaç.
    Nə qapı var, nə baca
    Ölümdə sirr birdədir.

    Olub gedən var-yoxum,
    Olmaq deyil bu qorxum.
    Axirətdəki qoxum
    Dünyanın üzündədir.

    Haqqa gələn, haqq gəlir,
    Şərabımız ağ gəlir.
    Yersiz bir sağlıq gəlir,
    Dindən çıxan dindədir.

    Gedək ruhum, tək- tənha
    Mənə iman da dindir.
    Döydüm qapısı bağlı
    Dünya yas yerindədir.

    ***













    Göy buludsuz, yer də quru
    Yağış hayana yağır?!
    Tanrı gözünü açıb
    Onu duyana yağır.

    Yeddi qurşaq altına,
    Torpağın üz qatına,
    Ozanın söz qatına
    Ruhuna, cana yağır.

    Ölçüsü üçdü deyə,
    Güneyi döşdü deyə,
    Bu dünya boşdu deyə
    Yollu imana yağır.

    Bir sonsuzdu,bir çəki
    Ağ üzün içindəki
    Zamanın içindəki
    Gizli məkana yağır.

    ***



















    Çıx get,sən Allah çıx get
    Çaylar dənizə qovuşan təki
    qovuşa bilmədik.
    Çıx get!
    Duman dərələrdə itən təki
    Çıx get!
    Bölüb verirdim sənə
    olan sevgimi tikə-tikə
    Ac xəyallarımdan keçirdi
    Sən də yeyəsən bəlkə…
    Çıx get!
    Bulanıq suları axan sulara buraxdım .
    Indi
    Tanrıdan başqa kimsəyə yox vaxtım-
    Çıx get…!

    ***























    Dost dalınca dua
    Çıx kölgəsindən sevginin
    acıların yerinə ağzına su al
    səni savabа götürməyən
    düz yolların yerinə
    daş altındakı ilan tək
    yemini gözlə
    bir az da yuvanı əzizlə
    olanların yerinə.
    Şaxta vurmuş budaqlar-
    heysiz qolların,
    fərsiz adamlar-
    ac qarnın kimidi
    özünə özün ağla
    qalanların yerinə,
    adamların yerinə

    ***






















    Yaşamaq da bir dərddi
    Çək dərdini, çək gedək,
    Burax dünyanı ONA,
    Qoşul mənə,tək gedək.

    Tərəzi el gözüdə,
    Yeməyin el gözündə,
    İyi alıb yarpızdan
    Havada ölək gedək…

    Yükü vuraq dəvəyə,
    Daş torpağa,su göyə…
    Nağıl olub nəvəyə
    Gəl biz də bitək gedək.

    Göz-ada,qaş-aypara
    Duamız tənhalara…
    Su verib səhralara
    Ölümü sevək gedək.

    Yaşamaq da bir dərddi
    Çək dərdini, çək gedək,
    Burax dünyanı ONA,
    Qoşul mənə,tək gedək.

    ***














    Sevirik təkliyi bir ola-ola
    hər gün tənhayıq
    hər gün görüşmək arzusundayıq,
    budaqlar yarpağa,
    yağışlar torpağa həsrət təki.
    Çoxdan qovuşmuşuq taleyimizlə
    Qovuşa bilmirik təkliyimizlə.
    Bu da bir gözəllik
    gündə bir yerdəyik
    ancaq tənhayıq,təkik.
    Elə belə
    gözlə hər gün məni,
    mənim dərdim sənin bəxt üzüyündü
    sal ürəyinə tanıyım səni…

    ***

























    Daşam hörün divara,
    Hörən daşsız qalmasın.
    Bu üzündən dünyanın
    Yerim yersiz qalmasın.

    Özümə çatmır əlim,
    Uzağa çatır əlim.
    Kül altında közərim
    Ocaq közsüz qalmasın.

    Üstünə günahların
    Göylər yağsın ağlasın,
    Ağ yerə üzüm qarasın
    Yaxın, rəngsiz qalmasın.

    Dünyanı bu üzünə
    Sevək, daş su üzünə,
    Çevirək o üzünə,
    Astar üzsüz qalmasın

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Əli Hacı

    Serleriniz xosuma geldi hamisini oxudum.Amma o qeder gunahlarimiz varki,ne qeder yagis yagsa bele yuyub apara bilmez

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.