Peyğəmbərin Tərifi

Nizami Gəncəvi

(N. Gəncəvinin “Xosrov və Şirin” poemasından qismən ixtisarla)

Böyük Məhəmmədə yüz min afərin!

Xilqət torpağıdır, buna ol əmin.

Həqiqət görənlər gözünə çıraq,

Varlığa bir zinət özüdür ancaq.

Vəfa meydanının qabaqcılıdır,

Nəbilərə rəhbər, başçı sayılır.

Günahkar ümməti qoymaz xəcalət,

Eyləyər onlara daim şəfaət.

...Mənada Adəmin can kimyası,

Surətdə aləmin göz tutiyası.

Şəriət evinə qoymuşdur dörd hədd,

Qurmuş dörd divarla bir əbədiyyət.

Nübuvvətlə dini verdi yenilik,

Köməkçisi oldu ağıl və bilik.

Dini dünyada son din olduğundan,

Başqa dinlər batil edildi həmən.

...O bütün xaslardan xas bir Ayazdır,

Məsuddan Mahmuda çatmış bir xasdır.

Bir nüsrət qılıncı Haqq vermiş ona,

Dəmirlə iz salır daşın bağrına.

Möcüzlə xar etdi bədgümanları,

Sıxdı daş qəlbilə yaşayanları.

Dostunu qarşılar gül tək gülərək,

Hər qeyddən azaddır dünya sərvitək.