“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü barədə ötən sayımızda məlumat vermişdik. Vəkil Elçin Sadıqovun sözlərinə görə, köçürülmə ilə bağlı nə ona, nə də Q.Zahidin digər vəkillərinə məlumat verilməyib. Halbuki müdafiəçilər bu barədə xəbərdar olunmalı idilər. E.Sadıqov 17-ci kalonun 2 saylı kalonun yaxınlığında yerləşdiyini, ərazisinin isə kiçik olduğunu bildirir: “Hələlik kalonla bağlı ətraflı məlumatım yoxdur, yəqin Qənimət bəylə görüşüb söhbət edəndən sonra hər şey bəlli olar”. Vəkil bildirir ki, Q.Zahidlə görüş üçün mütləq rəsmi icazə alınmalıdır: “Ailəsi də, vəkilləri olaraq biz də Qənimət Zahidlə birbaşa görüşə bilmərik. Bunun üçün hər dəfə müəssisənin rəhbərliyinə rəsmi qaydada ərizə ilə müraciət etmək lazımdır. Əslində, qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmayıb. Əgər, bu istiqamətdə bizə və Qənimət bəyin ailəsinə süni əngəllər yaratsalar, bu qanunsuz əməldən məhkəməyə müraciət edəcəyik”. Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva da baş redaktorun köçürüldüyü kalonun şəraiti ilə bağlı məlumatsız olduğunu deyir: “Kalonun şəraitinin necə olduğunu bilmirəm. Bir onu eşitmişəm ki, balaca yerdir. Yəqin, Qənimətlə görüşəndən sonra bu məsələ də aydınlaşar. Əsas odur ki, onu ”Bayıl" təcridxanasından köçürdülər. Orada çox əziyyət çəkirdi. Həm yer darısqal idi, həm havaya çıxıb gəzə bilmirdi. Payız və qış aylarını birtəhər keçirmək olur, havalar istiləşəndə orada qalmaq mümkünsüzdür. Elə ona görə də Qənimət özü tezliklə kalona köçürülməsini istəyirdi". A.Mürsəliyeva yaxın günlərdə həyat yoldaşı ilə görüşəcəyini bildirir: “Istəyirik ki, uşaqlarla bir yerdə yanına gedək. Deyəsən, görüşmək üçün ərizə yazıb icazə almaq lazımdır. Yəqin ki, problem yaratmazlar”. Xatırladaq ki, Q.Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Bu günlərdə Ali Məhkəməyə verilən kassasiya şikayəti isə hələ icraata götürülməyib. Vəkilin sözlərinə görə, Ali Məhkəmə işə ən azı iki aydan sonra baxacaq.