VASİF TALIBOV PKK-çı İLƏ BANK YARATDI
Terrorçu hörgütün simpatizanları məmurlarla işbirliyində
“Naxçıvanbank”ın təsisçiləri arasında 30 faizlik payla Emil Uçarın da adı var



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov özəl bir bankın yaradılması prosesinə başlayıb. Söhbət ondan gedir ki, muxtar respublikada bir neçə nəfərin iştirakı ilə “Naxçıvanbank” adlı yeni bank təsis edilib. “Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti artıq Vergilər Nazirliyində də qeydiyyatdan keçib. Adından da göründüyü kimi, təşkilatın hüquqi ünvanı Naxçıvan şəhəridir.
Verilən məlumata görə, “Naxçıvanbank”ın təsisçiləri 7 nəfərdir və onların çoxu Naxçıvanda yüksək çinli məmurların yaxın qohumları və ya övladlarıdır. Onu da deyək ki, yeni bankın nizamnamə fondu 10 milyon manatdır. Yeri gəlmişkən, “Naxçıvanbank” qeydiyyata alınandan sonra ölkənin ikinci böyük regional bankı olacaq. İndiyə qədər muxtar respublikada Azərbaycan Beynəlxalq Bankı, “Kapitalbank”, “Rabitəbank”, “Bank of Azerbaycan” və “Xalq Bank”ın Naxçıvan filialları açılıb.
Yeni bankın təsisçiləri isə əsasən Vasif Talıbovun yaxın ətrafı və qohum-əqrəbasıdır. Bu sırada Vasif Talıbovun oğlu Rza Talıbovun da adı yer alıb. Təsis sənədlərində onun payı 10 faizdir. Təsisçilərin arasında yer alan Türkiyə vətəndaşı Emil Uçar daha böyük payla fərqlənir. Bölgədə PKK simpatizanı və dəstəkçisi kimi tanınan bu şəxs bankda 30 faiz paya sahibdir.
Muxtar respublikadakı mənbələrimiz onu da bildirdilər ki, tikintisinə təzə başlanan Naxçıvan-Şərur-İqdır yolunun inşası da milliyyətcə kürd olan və PKK-ya yaxınlığı heç kimdə şübhə doğurmayan Emil Uçar adlı iş adamına etibar edilib. Emil Uçar o adamdır ki, Naxçıvanda kütləvi işsizlik olmasına baxmayaraq, Türkiyədən bura kürd fəhlələr gətirib işlədir, hətta onların Naxçıvanda məskunlaşmasına şərait yaradır. Vasif Talıbov muxtar respublikada bütün tikinti işlərini ona tapşırıb. Onun şirkətinin tikdiyi binalar və digər obyektlər isə 6 aydan sonra nədənsə yenidən təmir edilir.
Yenə həmin mənbənin dediyinə görə, PKK simpatizanı kimi tanınan və Naxçıvanda tikinti ilə məşğul olan “Uçar-inşaat” (bu şirkət hazırda “Gəmiqaya” adlanır-red.) şirkətinin bir sıra işçiləri xüsusi dövlət nömrə nişanı olan maşınlarda gəzirlər. Qaynağın verdiyi bilgiyə görə, E.Uçara yaxın adamlar 70 AA və 85 AA seriyaları ilə başlayan maşınlarda hərəkət edir. Heç kimə sirr deyil ki, bu seriyalar dövlət maşınlarına verilir. İndi bu maşınlarda PKK simpatizanları çox rahat şəkildə gəzirlər. Naxçıvanın yol polisi isə bu maşınları saxlamağa cürət etmir.
Qəzetimizi ardıcıl oxuyanlar xatırlayarlar; bir qədər əvvəl Naxçıvandakı mənbəmizdən bayrağımızın təhqir olunması ilə bağlı bir xəbər almışdıq. Həmin xəbərdə deyilirdi ki, Naxçıvan-Şərur-İqdır yolunun tikintisində sürücü işləyən Niyazi Qasımov adlı şəxsin idarə etdiyi “Mercedes” markalı yük maşınında kiçik ölçülü Azərbaycan və Türkiyə bayraqları olub. Həmin bayraqlar sürücünün maşınından götürülüb, daha sonra əvvəlcə tapdalanıb, sonda da cırılıb atılıb. N.Qasımovun bu olaya etirazına isə məhəl qoymayıblar. Əksinə, etiraz etdiyinə görə onu işdən qovublar. Bu şirkətdə çalışan mühəndis-texniki heyətin tam əksəriyyətini Türkiyədən gəlmiş kürdlər təşkil edir. Niyazi Qasımova və bayrağımıza həqarət yapanlar da elə kürdlər olub. Onları qıcıqlandıran məqam da elə N.Qasımovun idarə etdiyi maşından Azərbaycan və Türkiyə bayraqlarını asması imiş.
Qaynağın iddiasına görə, E.Uçar Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovla şərikdir. Naxçıvan sakinləri arasında gəzən söz-söhbətə görə, bu şəxs muxtar respublikada tikinti işləri ilə bağlı keçirilən bütün tenderlərin qalibi olur. Bundan əlavə, Naxçıvan rəhbərliyi ilə həddən artıq yaxın olduğu deyilən E.Uçarın adı bir müddət öncə mətbuatda hallandırılmağa başlamışdı. Sahibkara məxsus olan müəssisələrin birində sobaların istehsal olunduğunu qeyd edən müxtəlif qəzetlər məhz buna görə Naxçıvanda hər kəsin bu sobalardan almağa məcbur edildiyini vurğulayırdı.
“Naxçıvanbank”a gəldikdə isə məlum olur ki, onun təsisçiləri sırasında E.Uçar və Vasif Talıbovun oğlu Rza Talıbovla bərabər daha bir Talıbov soyadı var; onun da payı 10 faizdir. Araşdırmalar zamanı Talıbov Vüqar İlqar oğlunun kimliyini dəqiqləşdirə bilmədik. Çox güman ki, o da Naxçıvandakı hakim ailəyə qohumdur.
Bankın təsisçilərindən biri isə Abbasov Vüqar Zakir oğludur. Bankın 30 faizinə sahib olan bu şəxsin kimliyini, hansı işlə məşğul olduğunu isə dünən günün sonunda dəqiqləşdirə bildik. İlkin araşdırmalara görə, Vüqar Abbasov Naxçıvan MR Daxili İşlər Nazirliyi Pasport Qeydiyyatı İdarəsinin rəisi Zakir Abbasovun oğludur. O, əsası Naxçıvanda qoyulmuş “Cahan-Holdinq”in prezidentidir. Bu şirkət əsasən avtomobil biznesi, yəni Almaniya və Türkiyədən Azərbaycana avtomobil idxalı ilə məşğuldur. Vüqar Abbasovu tanıyanların dediyinə görə, onun Bakıda - Nərimanov rayonu ərazisində (Ayna Sultanovanın heykəli yaxınlığında) böyük avtosalonu var. Mənbənin dediyinə görə, Avropadan qaçırılmış oğurluq avtomobillər “Cahan-Holdinq”in biznesinin əsasını təşkil edir.
“Naxçıvanbank”ın təsisçiləri sırasında iki xanım da - Sultanova Sevil Rza qızı və Əliyeva Tünzalə Meydan qızı - təmsil olunur. Təsisçi xanımların kimə qohum olmasını araşdırmağa çalışsaq da, real nəticəyə nail olmadıq.
“Naxçıvanbank” ASC-də pay isə təsisçilər arasında belə bölünüb: Talıbov Vüqar İlqar oğlu (100 min səhm, 10 faiz), Sultanova Sevil Rza qızı (100 min səhm, 10 faiz), Abbasov Vüqar Zakir oğlu (300 min səhm, 30 faiz), Emil Uçar Rəsul oğlu (Türkiyə vətəndaşı, 300 min səhm, 30 faiz), Teymurov Vurğun Bəbir oğlu (50 min səhm, 5 faiz), Əliyeva Tünzalə Meydan qızı (50 min səhm, 5 faiz) və Talıbov Rza Vasif oğlu (100 min səhm, 10 faiz).
Yeri gəlmişkən, bankın Müşahidə Şurasının üzvləri kimi Mircavadova Xuraman Abbas qızı, Kazımov Vasif Əli oğlu və Babayev Əlidadaş Adil oğlu qeydiyyata alınıb. Adıçəkilən bank üçün Naxçıvan şəhəri, H.Əliyev küçəsi, 3 ünvanında möhtəşəm bir ofis də tikilib.
Dünən söhbətləşdiyimiz ekspertlərdən biri adıçəkilən bankın təsis edilməsini təsadüfi saymadı: “Əllərində külli miqdarda varidatı olan Talıbovlar çox güman ki, bundan sonra çirkli pullarını məhz bu bank vasitəsilə yuyacaqlar. Bundan əlavə, Bakıdan gizlətməklə öz pullarını rahat şəkildə ”Naxçıvanbank" vasitəsilə xaricə çıxara biləcəklər. Bankın yaradıcıları arasında 30 faizlə təsisçilik hüququna malik Emil Uçarın adının olması da təsadüfi deyil. Naxçıvanda hamı çox gözəl bilir ki, Vasif Talıbovun Türkiyədəki trikotaj və turizm biznesini bu adam yönəldir. Və hamı onu da gözəl bilir ki, milliyyətcə kürd olan bu şəxs həm də PKK simpatizanıdır. Emil Uçarın Almaniyada çox gözəl biznes ilişgiləri var. Böyük ehtimalla Talıbovların paraları və “Naxçıvanbank”ın əsas fəaliyyət istiqaməti də məhz Almaniya ilə bağlı olacaq".
Mövzuya qayıdacağıq.
Ervin MİRZƏ