Həyat yoldaşını və iki azyaşlı övladını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Kəlbəcər rayon sakininə hökm oxunub. ANS PRESS-in məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mirzə Xankişiyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Mürsəl Mahmudov ömürlük azadlıqdan məhrum edilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, aşkar surətdə köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi, o cümlədən təqsirkar şəxs üçün aşkar sürətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə ittiham olunub.

Qeyd edək ki, Mürsəl Mahmudov 2007-ci ilin avqustun 18-də Gəncə şəhəri, Rəfibəyli küçəsində Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada həyat yoldaşı 29 yaşlı Nəcibə Mahmudovanı balta ilə qətlə yetirib. Daha sonra o, 4 yaşlı oğlu Yusifi və 5 yaşlı qızı Fəxriyyəni yatdıqları yerdə bədən və baş hissəsinə kəsici alətlə xəsarət yetirərək öldürüb.

Xatırladaq ki, məhkəmə prosesinin gedişində təqsirləndirilən şəxsin xəstə olmasını yoxlamaq məqsədilə məhkəmə tibbi ekspertizası təyin edib. Ekspertizanın rəyinə görə, M.Mahmudov hadisəni törədərkən anlaqsız olub və buna görə də məhkəmə onun 1 saylı Ruhi Əsəb Dispanserində məcburi müalicə alması barədə qərar qəbul edib. Bu ilin yayında isə M. Mahmudovun müalicəsi başa çatıb və həkimlər onun sağlam olması barədə rəy verib.