İxracat xəritəmiz!
İSTEHSAL PROSSESİ VƏ ZAVODUN FƏALİYYƏTİ
Çuğundur qəbulu. Çuğundur silosları zavoda gətirilən çuğundurun boşaldılması və istehsalata daxil olmamışdan əvvəl müəyyən müddətə saxlanılması üçün nəzərdə tutulmuş, xüsusi konstruksiyaya malik olan, səthi betonla örtülmüş çuxurlardır. Çuğundur buradan istehsalata yüksək təzyiqli su vasitəsi ilə nəql olunur. Zavodun iki ədəd silosu vardır. Buradan saatda 200 ton çuğunduru istehsalata vermək mümkündür.
Ekstraksiya. Ekstraksiya prossesi çuğundur şirəsinin çıxarılmasında ən vacib mərhələdir. Diffuziya qülləsi, daxilində hərəkət edən xüsusi konveyorlara malik olan hündür avadanlıqdır. Burada, doğranmış çuğundur və isti su əks istiqamətdə hərəkət edərək şirə ifrazının daha məhsuldar olmasına şərait yaradır. Diffuziya qurğusunun gündə 5000 ton çuğundurdan xam şərbət əldə etmə qabiliyyəti var.
Şirə emalı. Diffuziya prossesində çuğundurun şirəsi çıxarılaraq saflaşdırılmasına başlanılır. Bunun üçün əhəng südündən istifadə edilir. Şirənin tərkibindəki qeyri şəkər maddələr çökdürülərək saflaşdırılmış şirə əldə olunur. Daha sonra təmizlənmiş çuğundur şirəsi evaporatorlarda buxarlaşdırılaraq yüksək konsentrasiyada məhlul əldə edilir. Evaporatorlar xüsusi daxili dizayna malik olan fasiləsiz buxarlaşdırıcılardır. İmişli Şəkər Zavodunda müxtəlif ölçü və tiplərdə evaporatorlar vardır.
Kristallaşdırma. Yüksək konsentrasiyada məhlul Rafinasiya sexinə verilir. Burada şirə vakum buxarlaşdırıcılarından keçərək ifrat doymuş hala gəlir. Bu şəraitdə kristal dənələrinin yaranması müşahidə olunur. Vakum buxarlaşdırıcıları Almanyanın Buckau R.Wolf, Krupp Teknik və BMA şirkətlərinin istehsalıdır.
Sentrifuqalar. Şəkər kristalları ilə doymuş kütlə sentrifuqalara verilir. Sentrifuqa avadanlığının vəzifəsi şəkəri suspenziyadan ayırmaqdır. Mərhələli prossesin sonunda məhsuldan əlavə melas əldə edilir. Melasın tərkibində bir miqdar şəkər var ancaq bu şəkəri melasdan ayırmaq səmərəli deyil. Bu avadanlıqlar Almanyanın BMA şirkətində istehsal olunmuş qurğulardır. Bu qurğuların hər biri gündə ortalama 600 ton kristal suspenziyasını emal etmək qabiliyyətinə malikdir.
Qurutma. Yaş şəkər sentrifuqalardan çıxaraq qurutma aparatlarına daxil olur. Bu avadanlıqlarda şəkər isti hava ilə əks istiqamətdə alçaq sürətlə nəql olunur. Bu prosses yaş şəkərin qurumasına səbəb olur. Cəmi üç ədəd Almanya istehsalı olan bu avadanlıqların hər birində gündə 500 ton yaş şəkəri qurutma imkanı vardır. Şəkər tamamilə qurudulduqdan sonra ələklərdən keçərək paketləmə bölməsinə göndərilir.
Paketləmə. Burada şəkər tozu torbalara doldurularaq transportyor vasitəsi ilə anbara göndərilir. Bölmə, İngiltərə istehsalı olan yarı-avtomatik paketləmə qurğuları ilə təmin olunmuşdur.
Anbarlar. İmişli Şəkər Zavodu xammal, material və məhsul anbarlarına malikdir. Məhsul anbarında torbalar yük maşınlarına və ya vaqonlara nəql olunur. Məhsul buradan yüklənərək yola çıxır. Məhsul anbarı, torbaların saxlanması üçün deyil, nəqliyyat vasitələrinə yüklənməsi üçün nəzərdə tutulmuşdur. Texniki anbarda zavodun ehtiyacı olan bütün köməkçi materiallar və ehtiyat hissələri saxlanılır. Xammal anbarından isə xam şəkərin saxlanılması üçün istifadə edilir.
Keyfiyyətə Nəzarət Laboratoriyası. İmişli Şəkər Zavodunda istehsalatın hər bir mərhələsində keyfiyyətə nəzarət sistemi fəaliyyət göstərir. Keyfiyyətə nəzarət xüsusi cihazlarla təmin olunmuş laboratoriyada 24 saat fasiləsiz olaraq aparılır. Laboratoriyada həm hazır məhsulun, həm də xammalın və köməkçi materialların analizləri aparılaraq beynəlxalq keyfiyyət normalarına uyğunluğu yoxlanılır. Bundan əlavə, istehsalatın ayrı ayrı mərhələlərinin də şəkər istehsalı normalarına uyğunluğu nəzarət altında saxlanılır. Laboratoriya, həm kimyəvi həm də mikrobioloji analizlərin aparılması üçün lazımi cihazlarla təchiz olunmuşdur. Burada əsasən polarimetrik, rəng testləri, konduksiya külü, sakarometrik, spektrofotometrik, kalorimetrik, digestiya, bulanıqlıq və s. analizləri göstərmək olar.
İstilik Elektrik Mərkəzi. İstilik Elektrik Mərkəzi qazan və turbin bölmələrindən ibarət olub İmişli Şəkər Zavodunu fasiləsiz olaraq elektrik enerjisi və buxarla təmin edir. Qazan bölməsi Rusiya istehsalı olan iki ədəd avtomatik rejimdə idarə olunan qazanlarla təmin olunmuşdur. Bu qazanların hər biri saatda 50 ton buxar vermə qabiliyyətinə malikdir. Turbin bölməsində Ukraynada dizayn olunmuş 12 MW gücə malik turbin mövcuddur.
Əhəng müəssisəsi. Əhəng sexi istehsalat prossesini xüsusi əhəmiyyətə malik olan əhəng məhlulu və karbon qazı ilə təmin edir. Əhəng məhlulu və karbon qazı şərbətin saflaşdırılmasında istifadə olunur. Müəssisədə iki ədəd əhəng sobası mövcuddur. Bunlardan biri Almanya istehsalıdır və gündə 200 ton əhəng daşını yandırmaq imkanı vardır. Bu soba koks kömürü ilə fəaliyyət göstərir. İranda istehsal olunan digər soba mazutla işləyir və gün ərzində 150 ton əhəng daşını yandıra bilir.
Su Hovuzları və Təmizləyici Qurğular. İmişli Şəkər Zavodunun işlətdiyi su dünyada qəbul edilmiş normalara uyğun təmizləmə prossesindən keçdikdən sonra istehsalata verilir. İçməli su eyni zamanda zavodun yataqxanalarında və digər xidməti sahələrində də istifadə olunur. Təmizləyici qurğular bölməsi saatda 200 m3 suyu təmizləyib ana xəttə verə bilir. Üç ədəd hovuz bölməni daimi olaraq su ilə təmin edir. Dizinfeksiya sistemi olaraq UV texnologiyasından istifadə olunur.
İstehsalat və Məişət Sularını Təmizləmə Sexi. Bu müəssisənin tikilməsinin səbəbi zavodun istehsalat və məişət sularının ekologiya üçün təhlükəsiz vəziyyətə gətirilməsidir. Müəssisə iki hissədən ibarətdir: Aerob-anaerob və məişət sularının təmizlənmə sexləri.
Daşkəsən Dağ Mədən Sahəsi. Daşkəsən mədən sahəsi Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən İmişli Şəkər Zavodunu əhəng daşı ilə təmin etmək üçün 2005 -ci ildə yaradılmışdır. Burada fasilələrlə bir gündə 300 ton daş hasil olunur. Əhəng daşı çıxarılmamışdan əvvəl xüsusi quyular qazılaraq filiz nümunələri İmişli Şəkər Zavodunun Keyfiyyətə Nəzarət Laboratoriyasına göndərilir. Burada aparılan analizlərə əsasən daşın standartlara uyğunluğu yoxlanılır. Əhəng daşı normalara uyğundursa, yataqda partlayış keçirilir və qazıntı işləri başlayır. Çıxarılan iri daşlar xırdalanır və yuyularaq tozdan təmizlənir. Daha sonra əhəng daşı dəmir yolu stansiyasına gətirilərək vagonlara yüklənir və buradan da İmişli rayonuna gətirilir.
Avtomatika və Prossesə Nəzarət. İmişli Şəkər Zavodunda istehsal prossesinin avtomatlaşdırılması layihəsi Polşa Respublikasında 2004 - 2005 -ci illərdə hazırlanmışdır. Hal-hazırda zavod layihədə nəzərdə tutulmuş həcmdə tam avtomatlaşdırılmışdır. Texnoloji prossesin ayrı-ayrı mərhələlərində şərbətin keyfiyyət parametrlərinə uyğun emal olunmağı avtomatik cihazlarla ölçülür. Bu cihazlar real dəyərləri qəbul edilmiş parametrlərlə (istilik, pH, Bx, səviyyə, təzyiq və s.) müqayisə edərək avadanlıqlara lazımi əmrləri göndərir və texnoloji rejimin stabil davam etməsinə nəzarət edir. Bu cihazlar Türkiyə, Almaniya, İngiltərə, Amerika və Ukraynada istehsal olunmuşdur.
Sosial xidmətlər. İmişli Şəkər Zavodu əməkdaşlarını sosial xidmətlərlə də təmin edir. Sosial xidmətlərə yataqxana, yeməkxana, istirahət klubu, tibbi xidmət sahələri aiddir. Yataqxanalar 4 ədəd üç mərtəbəli binalardan ibarətdir. Zavod növbəli iş rejimində işlədiyinə görə gündə üç dəfə yemək və qəhvəaltı verilir. İşçi klubunda zavod əməkdaşları boş vaxtlarında istirahət edirlər. Təcili tibbi yardım maşını ilə təchiz olunmuş tibb xidməti işçilərin sağlamlığının qayğısına qalır.
Yer imleri