İslamda ticarət ədəbi


Ticarət halal, bərəkətli və bol qazanclı yollardan ən gözəlidir.

Çünki peyğəmbər məsləyidir. Sevgili Peyğəmbərimiz (s.ə.s.) də 40 yaşına qədər ticarətlə məşğul olub. Səhabələrin də bir çoxu Hz. Əbu Bəkir (r.a.) xəlifə olana qədər qazanclarını bu yolla təmin ediblər.
Gözəl dinimiz İslamda həyatımızın bütün sahələrinə aid olduğu kimi ticarət sahəsinə dair də bir sıra qaydalar müəyyənləşdirilib. Bu qaydalara riayət edənlər həm bu dünyada böyük sərvət sahibi olmaqla yanaşı, həm də axirət həyatı üçün də ibadət savabı qazanırlar. Bir hədisi-şərifdə buyurulub: “Doğru sözlü və etibarlı tacir axirətdə peyğəmbərlər, sadiqlər və şəhidlərlə birlikdə olacaq”.
Demək ki, İslam ticarətin əleyhinə deyil, əksinə insanları ticarətə təşviq edir. Ancaq bu işlə məşğul olarkən qoyulan qaydalara, halal-harama diqqət yetirmək gərəkir. Alver edərkən “nəyin bahasına olursa olsun” pul qazanma hərisliyinə qapılmamaq, dürüst, etibarlı və güvənilir olmaq lazımdır. Yalnız bu halda maddi olaraq əldə etdiklərimiz bizə eyni zamanda mənəvi gəlirlər də qazandırar.
Dürüst tacir (daha müasir ifadəylə biznesmen) ayağımızdan dartmağa və bizi yıxmağa çalışan şeytanın tələ və hiylələrinə aldanmır. Onun tərəzisi heç vaxt haram çəkmir, o, bir qram belə əksik verməmək üçün tərəzisində çox həssas olur. O, insanların sadəlövhlüyündən istifadə etmir. O, Allahdan (c.c.) qorxduğu üçün kimsəni aldatmır, malın yaxşısını göstərib pisini satmır. Yalan yerə and içmir, boşuna vəd vermir, müştərilərin xoş niyyətlərindən öz məqsədləri üçün faydalanmır.
Belə satıcılar var-dövlətin çoxlu pulda olduğuna deyil, bərəkətdə olduğuna inanır. Onlarda “qazancım az olsun, amma halal olsun. Allah da bərəkətini verər, bərəkətli pul çox puldan daha xeyirlidir” anlayışı hakimdir. Belə düşünən tacirlərimiz çox olarsa, market ve bazarlarımız əməl dəftərimizə xeyir işlərin yazıldığı məkanlara çevrilər.
Ticarət deyilincə ilk ağla gələn tərəzidən dürüstlükdür. Bu, o qədər önəmli məsələdir ki, Qurani-Kərimdə Şüeyb Peyğəmbərin (ə.s.) qövmünün məhz tərəzidə aldatdıqları üçün həlak edildiyi vurğulanıb. Şuera surəsində buyurulub: “Ölçüdə düz olun, (onu) əksildənlərdən olmayın! Düz tərəzi ilə çəkin! İnsanların haqqını azaltmayın! (Camaatın malını əksiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin” (181-183). Sonradan surə belə davam edir: “Nəyahət onu (Şüebi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi. Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır” (189-190).
Tərəzidə aldadanlar ilk baxışdan çoxlu pul qazanmış kimi görünə bilərlər. Ancaq belə insanların malı artmaz, haram yolla əldə etdikləri qazancı rahat-rahat yeyə bilmirlər. Diqqət etmisinizsə, belə insanların başından müsibət əksik olmaz. Təbii ki, bütün cəzaları da bu dünyada gözləmək düzgün deyil. Ya bu dünyada, yaxud da axirətdə Allah mütləq haqqı yerinə qovuşduracaq.
Bədəndə ruh nədirsə, ticarətdə dürüstlük odur...
Ticarətdə dürüstlük bir tərəfdən malı yalandan tərifləyərək alıcıya sırımamaqdırsa, digər tərəfdən malın qüsurlarını gizlətməməkdir. Peyğəmbər Əfəndimiz (s.ə.s.): “Qüsurunu gizlədərək mal satan kimsə daima Allahın qəzəbi altındadır. Mələklər də o adamın Allahın rəhmətindən uzaq qalmasını diləyərlər”,- buyurub. Allahın rəhmətindən kənarda qalan insanın mal-mülkünün ona nə faydası var ki?! Belə mal-mülkün nə dəyəri var ki?!
Bir gün Rəsulullah (s.ə.s.) bazarda qida satan bir adama yaxınlaşaraq: “Alış-veriş necə gedir?”- deyə soruşur. Sonra da əlini həmin adamın satdığı buğda çuvalının içinə salır. Çuvalın altındakı buğdalar nəm, üst tərəfdəkilər isə quru idi. Rəsulullah bunun səbəbini soruşur. Satıcı: “Yağış yağdı, bu səbədən belə oldu”, - cavabını verir. Bu cavabı eşidən Allah Rəsulu (s.ə.s.) buyurur: “Müştərilərin görə bilməsi üçün nəm olan hissəni üzə çıxarsaydın” və sözünü belə tamamlayır: “Aldadan məndən deyil”.
Bu xəbərdarlıq Allahı və Rəsulunu sevən, axirətdə də mərhəmət görmək və şəfaətə nail olmaq istəyən hər bir mömin üçün kifayət qədər təsirlidir. Müsəlman yalnız səccadə üzərində deyil, bazarda da, insanlarla məişət ünsiyyətində də İslamın gözəlliklərini nümayiş etdirməlidir, aldatmamalı və aldanmamalıdır.
Müştəri ilə xoş davranmaq da Rəsulullahın (s.ə.s.) bir hədisində də göstərildiyi kimi çox gözəl hərəkətdir: “Kim müştərinin geri gətirdiyi malı qəbul edərsə, Allah da qiyamət günü onun günahlarını bağışlayar”.
Ticarət deyilincə ağlımıza yalnız satıcılar gəlməsin. Hər birimiz satıcı olmasaq da, bir alıcı olaraq alış-veriş prosesində iştirak edirik. Biz də bir az əvvəl qeyd olunan qaydalara riayət edərək alış-veriş etsək savab qazanarıq. Bəzən nisyə mal alırıq, bəzən də nəyi isə alanda xırda pulumuz çatmır, “sonra verərəm” deyə dükandan ayrılırıq. Ancaq söz verdiyimiz vaxt başa çatsa da, borcumuzu ödəmirik. Əslində alış-veriş qarşılıqlı dürüstlükdür: aldatmama və aldanmama. Bəzən də ola bilər ki, satıcının başı qarışar və sizə qalıq olaraq artıq pul qaytarar. Alıcı kimi bunu aşkar etsək, mütləq geri qaytarmalıyıq. Bu, həm də satıcının alıcılara olan etimadını artırar.
Əmmar qəbiləsindən olan səhabə qadınlardan Kaylə bir gün Rəsulullahın (s.ə.s.) yanına gəlir və deyir: “Ya Rəsulullah, mən alış-verişlə məşğul olan bir qadınam. Bir şey satın almaq istəyəndə arzu etdiyim mal üçün az bir miqdar təklif edirəm. Sonra nəzərdə tutduğum qiymətə qədər yavaş-yavaş qaldırıram. Bir malı satmaq istədikdə isə əksinə edirəm”. Bunu eşidən Rəsulullah (s.ə.s.) buyurur: “Elə etmə, ey Kaylə. Sən bir şey satın almaq istədikdə ilk dəfədən nəzərdə tutduğun rəqəmi söylə. İstər o mal sənə verilsin, istər verilməsin. Bir malı satmaq istədikdə isə müştəriyə satmaq istədiyin rəqəmi söylə: o alsa da, almasa da”.
Bu hədisdən çıxarılacaq dərs odur ki, möminin hər davranışı dürüst olmalıdır, heç kimin zərərə uğramasını istəməməlidir. Etdiyimiz iş kiçik bir alış-veriş kimi görünə bilər, ancaq unutmayaq ki, Allah bizim hər davranışımıza dəyər verir.
Yazımıza Allah Rəsulunun (s.ə.s.) həm alıcılara, həm də satıcılara xitab edən bir hədisini xatırlamaqla son qoyaq:
“Bir şey satanda, satın alanda və ya almaq istədikdə işi rahatlaşdıran qula Allah mərhəmət etsin!” (AMİN)


Sumeyra Irmak (Zaman.az)