Namaz Meracın hədiyyəsidir. İnsanların Meracıdır namaz. Namaz Haqqa yüksəlmək, Kəbəyə yönəlməkdir. Namaz qəlbin “Allah! Allah!” deyə inləməsidir.

Namaz insan ruhunun Allaha (c.c.) “indekslənməsi,” bütün varlığı ilə Ona (c.c.) yönəlməsidir. Namaz Allahın öz qullarına günün müəyyən saatlarında təyin etdiyi görüş anıdır. Mömin bəndə namaz anında Allahın (c.c.) hüzurunda olduğunun fərqinə vararaq öz ruhunu o müqəddəs atmosferdə yuyur, təmizləyir, mənəvi paklığa can atır. Namaz həqiqi şükrün ifadəsidir. Məxluqların əşrəfi, ən üstünü olaraq yaradılan insana göstərilən ən münasib şükr yoludur namaz. İyirmi dörd saat kimi dəyərli xəzinəni bəxş edən Sonsuz Qüdrət Sahibinə həmin saatlardan birini həsr etməkdir namaz. Namaz Allahla (c.c.) dialoqdur, Onun (c.c.) göndərdiyi dillə yenə Onunla (c.c.) danışmaqdır. Namaz Onun (c.c.) qarşısında acizliyin, səmimiyyətin, əlacsızlığın, yalvarışın, diz çökmənin ifadəsidir. Namaz insanın Yaradanla münasibətini daima canlı saxlayan vasitədir. Namaz günahlara qarşı sipərdir. Allah (c.c.) ixlasla qılınan iki namaz arasında işlənən günahları bağışlayacağını vəd edir. Bu vədə ümiddir namaz. Namaz Haqqa güvənməkdir, Ona (c.c.) sığınmaqdır, Sonsuza doğru irəliləməkdir.
Namaz Haqqa əsgər olmaqdır, itaətdir. Namaz qürurun sınması, alnın yerə sürtülməsidir. Yalnız və yalnız Allaha (c.c.) ibadətdir namaz, başqa səcdəgah tanımamaqdır. Namaz ruhun qidasıdır. “Ruhunu bu qida ilə doyurmayan mənən ölmüşdür” - deməkdir. Namazsızlıq ruhsuzluqdur.
Namaz əbədiyyət yolçuluğunun yeganə biletidir. Namaz ucuz qiymətə alınan böyük mükafatdır. Qurumuş ruhların, tükənmiş ümidlərin, çürümüş könüllərin yenidən canlanması, şahlanması, nurlanmasıdır namaz.
Namaz Meracın hədiyyəsidir. İnsanların Meracıdır namaz. Namaz Haqqa yüksəlmək, Kəbəyə yönəlməkdir. Namaz qəlbin “Allah! Allah!” deyə inləməsidir.
Namaz dinin dirəyidir. “Namazsız insan dinini yıxmışdır” deməkdir, “namazsız insan dinin məsuliyyəti altında əzilmişdir” deməkdir. Namaz İslamın bütün şərtlərini ehtiva edən ibadətdir: həm kəlimeyi-şəhadətdir, həm namazın özüdür, həm orucdur, həm zəkatdır, həm də həccdir. Namaz qılan mömin hər oturuşda kəlimeyi-şəhadəti təkrarlayır: namazda bir şey yeməməklə oruc tutur; vaxtının, enerjisinin zəkatını verir; Kəbəyə yönəlməklə mənəvi olaraq həcc ziyarətini yerinə yetirir. Namaz İslamdır.
Namaz günün proqramıdır, möminin saatıdır, vaxtın bərəkətlənməsidir. Namaz qəbir mələklərinin suallarına cavabdır. Cəhənnəmin atəşini söndürən bir damla göz yaşıdır namaz. Namaz ölümü öldürməkdir. Namaz imanın ən böyük şahididir. Ən vəfalı dostdur namaz. Namaz ruhun azadlığı, vicdanın rahatlığıdır. Namaz mömin üçün qanaddır.
Namaz əbədi və rahat həyatdır!