Yeni il gecəsi Bakıda əylənmək neçəyə başa gələcək?

Bayramları restoranlarda qeyd etmək artıq ənənə halını alıb.
Paytaxt restoranları, otellər, əyləncə obyektləri Yeni il gecəsi üçün də müxtəlif şou proqramlar, əyləncəli bayram şənlikləri vəd edir.

Bakıdakı restoranların dekabrın 31-də təşkil etdiyi proqramlar və onların qiymətləri heç də hər kəsin çibinə uyğun olmasa da tələbat kifayət qədər çoxdur.

Apardığımız sorğu zamanı məlum oldu ki, bayram gecəsi bütün əyləncə mərkəzlərində, otellərdə qiymətlər adi günlərdən fərqli olaraq bir necə dəfə qalxıb.

Onu da deyək ki, Yeni ili qarşılamaq üçün Azərbaycandan xarici ölkələrə gedənlər çox olduğu kimi, Bakıda bu şənliyə gələnlərin də sayı az deyil. Qara ilan ilini Bakıda qarşılamaq istəyənlər əsasən, İran və Türkiyə vətəndaşlarıdır.

Qonşu ölkə vətəndaşlarının ölkəmizə gəlişini nəzərə alaraq restoran və əyləncə obyektləri ilə yanaşı, kirayə verilən günlük evlərin, avtomobillərin, otellərin də qiyməti 2-3 dəfə artıb.

Qiymətlərlə bağlı apardığımız sorğu zamanı öyrəndik ki, əgər adi günlərdə kirayə verilən günlük evlərin qiyməti 1 gün üçün 50 manatdırsa, bayramla əlaqədar qiymətlər 80-150 manata, günlük avtomobil kirayəsinin qiyməti 80-200 manata (markasından asılı olaraq), otellərin qiyməti isə 150-500 manatadək yüksəlib.

Bakıda Yeni il şənliyi təklif edən əyləncə məkanlarındakı qiymətləri də öyrəndik.

Maraqlı şou-proqram vəd edən “Oazis” restoranında ayın 31-də arxa sıralar 100 manata, orta sıralar 150 manata, ön sıralar isə 200 manatadır. “Oazis”in səhərə qədər vəd etdiyi əyləncəli proqramda 20-yə yaxın tanınmış müğənni iştirak edəcək.

“Lido” restoranında da adambaşı qiymət 100 manata qalxıb. “Sərin” restoranında yeni ili qarşılamaq bir nəfərə 100-150 manata başa gələcək.

“Neolit” restoranı da Yeni il gecəsi bayram və əyləncə proqramı təşkil edənlərdəndir. Burada bayram masası bir adama 150 manata başa gəlir. “Xəmsə”də isə qiymətlər 80 manatdır.

“Grand Hotel Europe”da (“Avropa” mehmanxanası) 31 dekabr 21:00-da təşkil olunacaq Yeni il gecəsində biletlərin qiyməti 199 manat, VİP biletlərin qiymət isə 299 manatdır.

“JW Marriot Absheron Baku” otelində isə masanın yerləşməsindən asılı olaraq qiymətlər 400, 450, 500 manat arasında dəyişir.