Mən bu Vətən üçün ölməyə hazıram, güllələyin məni, əclaflar
25 yaşlı əsir, min ilə bərabər 55 gün, bu dünyanın cəhənnəmi...
“Başımı kəsmək üçün qəbiristanlığa aparıb bıçağı boğazıma dirədilər....”
O, gəncliyinin ən gözəl illərini, günlərini müharibənin gətirdiyi iztirablara, məhrumiyyətlərə qurban verib. Həyat yolu səngərdən tutmuş əsirlik məşəqqətinə qədər aparıb onu. Doğma kəndlərinin müdafiəsində son gülləsinə qədər döyüşür, silahdaşlarıyla sursatları tükənir və hər şey bundan sonra başlayır... 25 yaşında yaşadığı əsirlik həyatı onun taleyini tamam alt-üst edir.
“Özümüzü öldürməyə güllə tapmadıq”
“118 nəfər idik, çoxu da yaralı... Son gülləmizi atıb qurtardıq. İdarənin binasına yığışmışdıq hamımız. Kənd hər tərəfdən mühasirədə idi. Ermənilər uzun döyüşün ağırlığından qorxub sığındığımız binaya yaxınlaşmağa cəsarət edə bilmirdilər. Bacardıqları qədər idarəni zirehli texnikayla, qumbaratanla vururdular. Bizimsə, daha müqavimət göstərməyə bir dənə də olsun gülləmiz yox idi...”
Danışdıqca, gözlərinə qan sızır, bulud kimi dolur, bağırıb ağlamaqdan özünü güclə saxlayır Şahruz Əliyev. 55 gün əsirlikdə çəkdiyi anları bir-bir anlatmağa çalışır. 1992-ci ilin fevral ayının 17-də doğma kəndi Qaradağlının süqutu günü əsir düşüb ermənilərə: “Kaş ki, bircə qutu patronumuz olaydı... Patronumuzun necə qurtardığından xəbərimiz olmamışdı. Heç olmasa özümüzü öldürüb əsir düşməzdik...”
“Güllə atmadığımızı görüb gəldilər...”
“Ermənilər güllə atmadığımız görüb yaxınlaşdılar idarəyə. Qışqıra-qışqıra deyirdilər ki, “Güllə atmayın, heç kimlə işimiz olmayacaq, silahlarınızı təhvil versəniz, sizi sağ buraxcağıq”.
Onsuz da, patronumuz yox idi. Dörd gün idi ermənilər Qaradağlını almaq üçün bütün qüvvələrini səfərbər eləmişdilər. Bilirdik ki, təkcə 47 nəfər muzdlu əsgərləri ölüb bizimlə döyüşdə. Gücümüz tükənirdi. Kömək üçün, silah-sursat üçün yalvarmadığımız yer qalmamışdı - Ağdam, Füzuli... Amma axırıncı dəfə bizə patron, ərzaq gətirən vertolyotu ermənilər atəşə tutmuşdular. Ondan sonra heç kim ora uçmaq istəmirdi. Həm də Qaradağlı dörd bir tərəfdən ermənilərin əlində olan yüksəkliklərlə əhatələnmişdi. Haradan gəldi atırdı düşmən.
Sonuncu gün isə mühasirə halqası tamamilə daraldı. Müdafiə olunmaq üçün çıxmağa yer yox idi, nə də ki sursat...
...İçəri girən kimi, bir neçə yaralını yerindəcə güllələdilər. Qalanlarımızı maşına yığıb Xankəndi istiqamətində apardılar. Yolda - Bəylik bağı deyilən yerdə saxlayıb 33 nəfər sağ-salamat, yaralı adamı diri-diri silos quyusuna atıb üstlərini torpaqladılar. Sonra da bizim olduğumuz maşınları gülləyə tutdular. Orada da kimi öldü, kimi yaralandı... Biz Xankəndinə gedib çatana qədər, 68 nəfəri amansızlıqla qətlə yetirib meyitlərini yol kənarlarına atıb getdilər...
İnternat məktəbinin zirzəmisi: bu dünyanın cəhənnəmi
Sağ qalan əsirləri Xankəndindəki Lampa zavodunun yanında internat məktəbinin zirzəmisinə aparırlar. Əsl məşəqqət bundan sonra başlayır. 65-68 nəfər azərbaycanlı əsirin görmədiyi zülm qalmır. Şahruz Əliyev birgə əsir düşdüyü qardaşı Vətənlə ayrı-ayrı otaqlara salınır. Bir dəfə ermənilər gəlib bəyan edirlər ki, Qaradağlıda öldürülən komandirlərinin qəbri üstündə başlarını kəsməyə dörd adam aparacaqlar. Onlardan biri də Vətən olub: “Dəqiq bilmirəm, amma deyirdilər ki, Vətən yaxasını açıb erməni silahlılarına qışqırıb ki, “mən bu Vətən üçün ölməyə hazıram, güllələyin məni, əclaflar...” Onu güllələmişdilər”.
Ermənilər “qurban kəsmə mərasimi”ni hər həftə davam etdiriblər....
Anası azərbaycanlı, atası erməni...
Saxlandığı kamerada bir nəfər Tahir adlı oğlan olub. Onun anası azərbaycanlı, atası erməni olub. Ermənilərə qarşı vuruşduğuna görə, ermənilər Tahiri hər dəqiqə təhqir edir, ona zillət yaşadırmışlar. Növbəti “qurban kəsmə mərasimi”ndə Tahirlə Şahruzu maşına mindirib qəbiristanlığa aparırlar. Silahlılar “qurbanlıq” üçün birinci Tahiri seçirlər. 23-25 yaşlarında olan gənci bir qəbrin üstünə yıxıb başını kəsirlər. Növbə Şahruza çatanda onu da yerə uzadıb boğazına bıçaq çəkəndə qəbiristanlığa sürətlə bir maşın girir. İçindən düşən ağ saçlı bir qadın nifrətlə Şahruza baxa-baxa Tahirin başını kəsən maskalı silahlının qulağına nəsə deyir. O, qanlı bıçağını kəmərindən asılan qınına qoyub, dəstəsini yığıb tələsik harasa gedir. Şahruzu isə onu qəbiristanlığa gətirdikləri 366-cı alayın “Hərbi Tibbi Yardımı” maşınının sürücüsü, milliyətcə özbək olan əsgərin ayaqları altına atıb “istəyirsənsə, bunu da sən apar kəs” deyirlər...
26 fevral: sındırılan rus və özbək hərbiçilər...
Fevralın 26 günü Şahruzun kamerasına ölümcül döyülmüş altı əsgər salınır. Onlardan ikisi rus, digər dördü isə özbək olur. 366-cı alay Xocalı soyqırımını törətməyə gedəndə, həmin əsgərlər günahsız insanlara atəş açmaqdan imtina edirlər. Əmrə qarşı çıxan hərbiçilər iki rus kapitanı və erməni xüsusi təyinatlıları tərəfindən əzişdirilir. Təhqir əlaməti olaraq onları azərbaycanlı əsirlər olan yerə salırlar. Bir neçə gün əsirlə bir yerdə qalan rus əsgərləri deyirlər ki, onların bütün maddi-texniki təchizatı ermənilərin sərəncamındadır və onlar azərbaycanlılara qarşı istifadə olunur...
Əsir xocalılar, özünkülərə xəbərdarlıq edən erməni milis mayoru
Fevralın 26 gecə, 27 səhər Şahruzgilin saxlanıldığı internata çoxlu sayda uşaqlı-böyüklü əsir gətirirlər. Əvvəldən saxlanılan əsirləri dəhlizə çıxarıb təzə əsirləri onların gözü qarşısında təhqir edir, başlarını kəsir, uşaqlarını əllərindən alıb gözləri önündəcə öldürürlər...
Əsirləri növbə ilə Xankəndi milisinə aparıb idarənin dəhlizində düzür, erməni məktəbliləri gəlib onları döyürmüşlər. Hətta yoldan keçən erməni qadınlar belə yollarını milis idarəsindən salıb, əsirləri “dubinka” ilə çırpırlar... Bu, hər həftə baş verir!
Bir dəfə bir əsir qadını harasa aparmaq istəyirlər. Erməni onun əlindən qundaqdakı körpəni zorla alıb yerə çırpır. Bu vaxt bir erməni mayoru vəhşilik edən erməniyə “bir də kimsə bu qadınlarla belə davransa, onu şəxsən özüm güllələyəcəm” deyir: “Gedin kişilərə güllə atın, özünüzü bu əsir, çarəsiz qadınların üzərində kişi hesab eləməyin...”
Əsgərlik illərinin yadigarı, gücsüz, amma vəfalı erməni dost
Şahruz Əliyev Sovet Ordusunda uzaq Rusiya ellərində xidmət edib. O vaxtlar birlikdə qulluq keçdiyi ermənilərdən biri ilə əsirlikdə rastlaşır. Həmin erməni özününkülərə Şahruzla əsgər yoldaşı olduğunu bildirmir. Amma həmişə əsirlərin üstündə qarovula gələndə Şahruza siqaret, təmiz su, çörək gətirir. Hər dəfə də xahiş edir ki, elə eləsinlər ki, kimsə bunu bilməsin. Yoxsa onu öldürərlər. 1992-ci ilin martında, novruz ərəfəsində həmin erməni keçmiş əsgər yoldaşına bayram payı olaraq iki stəkan civarında qovurğa da gətirir... Və həmişə Şahruza heç bir köməklik edə bilmədiyi üçün ondan acizcəsinə üzr istəyirmiş.
Beynəlxalq Qırmızı Xaçın əməkdaşları, davam edən məşəqqətlər
Şahruz əsir götürüldükdən təxminən bir ay sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onlara baş çəkir. Humanitar təşkilat tərəfindən qeydiyyata alınmaları da azərbaycanlı əsirləri zülmdən xilas edə bilmir. BQXK əməkdaşları hər dəfə onların saxlandığı yeri tərk edən kimi, ermənilər əsirlərlə heyvan kimi davranmağa davam edirlər.
Şahruz Əliyev deyir ki, ermənilər nə edirdilərsə, hamısını lentə alırdılar. Ən acınacaqlısı isə əsir kişilərin gözü qarşısındaca qadınların zorlanması olur...
55 günlük əsirlik, 10 aprel doğum günü, azadlıq tarixi...
Şahruz Əliyev 55 gün əsirlik həyatından sonra, 1992-ci ilin aprel ayının 10-da - doğum günündə əsirlikdən geri alınır. Ağdamın Qarağacı qəbiristanlığında təmas xəttində 8 azərbaycanlı əsir 10 erməniyə dəyişdirilir. Ondan sonra qardaşı Vətənin və əsirlikdə qalan digər soydaşlarının aqibətindən xəbəri olmur. Əsirlik məşəqqətlərinin ağrı-acısı səngiməmiş o yenidən səngərə qayıdır və atəşkəs haqda razılıq əldə olunan günə qədər ermənilərə qarşı vuruşur.
P.S. Şahruz Əliyevi indi də bircə amal düşündürür: Gözləri önündə öldürülən soydaşlarımızın qanını almaq... Anasının qucağında süngüyə keçirilən körpələrinin qanlı bələklərini düşmən qanıyla yumağı arzulayır keçmiş döyüşçü. O ümid edir ki, bütün bunlar tezliklə reallaşacaq...
Yer imleri