Həmçinin Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ili qeyd olunur.


1920-ci ilin 23 aprelində Ankarada Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi toplanıb və türk xalqının Qurtuluş Savaşında – Cümhuriyyət quruculuğu yolunda tarixi səhifə açılıb.


Türkiyə respublikasının təşəkkülündən sonra bu tarixi gün rəsmi dövlət bayramı – Milli Suverenlik Günü (Ulusal Egemenlik Günü) kimi qeyd olunmağa başlanıb və böyük öndər Atatürk 23 apreli Türkiyə və dünya uşaqlarına bir bayram kimi ərməğan edib.


"Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub.

Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər deyir. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir.

Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.