Bu Qanun Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir, hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verir.

I fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. bədən tərbiyəsi – cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, fiziki hərəkətlər vasitəsi ilə insanın sağlam həyat tərzinin formalaşdırılmasına, fiziki və əqli inkişafına yönəldilmiş norma, bilik və dəyərlər məcmusunu özündə əks etdirən sosial fəaliyyət sahəsi;
1.0.2. idman – müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsi ilə mütəmadi olaraq şəxsin fiziki hazırlığının təkmilləşdirilməsinə, bütün səviyyəli yarışlarda iştiraka və yüksək nəticələr göstərilməsinə yönəldilmiş bədən tərbiyəsinin tərkib hissəsi;
1.0.3. kütləvi idman – təşkil olunmuş formada əhalinin bədən tərbiyəsi ilə məşğulluğuna və fiziki inkişafına, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirlərində və kütləvi idman yarışlarında iştirakına yönəldilmiş idman sahəsi;
1.0.4. fiziki hazırlıq – insanın sosial-demoqrafik xüsusiyyətləri və fəaliyyət növləri nəzərə alınmaqla, onda fiziki keyfiyyətlərin, qabiliyyətin inkişafına yönəlmiş proses;
1.0.5. fiziki kamillik – bədən tərbiyəsi və idmanla məşğul olan hər bir şəxsdə fiziki və mənəvi keyfiyyətlərin ahəngdar birləşməsi prosesi;
1.0.6. idmançı – seçdiyi idman növü və ya növləri ilə mütəmadi olaraq məşğul olan və idman yarışlarında iştirak edən fiziki şəxs;
1.0.7. yüksək səviyyəli idmançı – müvafiq idman adına (dərəcəsinə) malik və yüksək idman nəticələrinə nail olmaq məqsədilə idman yarışlarında çıxış edən idmançı;
1.0.8. peşəkar idman – idman-tamaşa tədbirlərinin (yarışların) təşkil olunmasına və keçirilməsinə yönəldilmiş idmanın elə tərkib hissəsidir ki, burada idmanı özünə peşə (əmək) fəaliyyəti seçən idmançılar həmin tədbirlərdə (yarışlarda) iştirak etmək və onlara hazırlaşmaq üçün qanunvericiliyə uyğun olaraq əmək haqqı (pul mükafatı) alırlar;
1.0.9. məşqçi – idmançılarla təlim-məşq prosesini həyata keçirən, onların yüksək nəticələrə nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta ixtisas təhsilinə malik olan fiziki şəxs;
1.0.10. idman hakimi – idman yarışının təşkilatçısı tərəfindən idman növünün qaydalarına və yarışın əsasnaməsinə (reqlamentinə) riayət olunmasına nəzarət etməyə səlahiyyətləndirilmiş, xüsusi hazırlıq keçmiş və müvafiq təsnifat dərəcəsini almış fiziki şəxs;
1.0.11. idman növü – idmanın aşağıdakı fərqləndirici əlamətləri olan bir hissəsi: məşğələlər mühiti, istifadə olunan idman alətləri (mühafizə vasitələri istisna olmaqla) və avadanlıq, müəyyən edilmiş qaydada qəbul olunmuş yarış qaydaları;
1.0.12. idman fənni – fərqləndirici əlamətləri olan idman növünün tərkib hissələri;
1.0.13. hərbi-tətbiqi və xidməti-tətbiqi idman növləri – əsasını xüsusi hərəkətlər (o cümlədən fəndlər) təşkil edən, hərbi qulluqçular və hüquq mühafizə orqanlarının əməkdaşlarının (bundan sonra - xüsusi xidmət keçən şəxslər) öz xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqəli bir və ya bir neçə hərbi və ya hüquq mühafizə orqanının fəaliyyəti çərçivəsində inkişaf etdirilən idman növləri;
1.0.14. milli idman növləri – əhalinin etnik qruplarında tarixən formalaşmış və sosial-mədəni yönümlü idman növləri;
1.0.15. respublika idman federasiyası – üzvlük əsasında yaradılan, dövlət akkreditasiyasından keçən, məqsədi ölkə miqyasında bir və ya bir neçə idman növünün inkişaf etdirilməsi, həmçinin respublika və ya beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi, milli yığma komandaların formalaşdırılması, beynəlxalq yarışlara hazırlanması və iştirakı olan idman növü ( növləri) üzrə ictimai birlik;
1.0.16. milli yığma komandalar – idmanın müxtəlif növləri üzrə respublika idman federasiyaları tərəfindən beynəlxalq yarışlara hazırlaşmaq və bu yarışlarda dövləti təmsil etmək məqsədi ilə müxtəlif yaş qruplarına aid idmançılardan, məşqçilərdən və bədən tərbiyəsi-idman sahəsində digər mütəxəssislərdən formalaşdırılan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən kollektivlər;
1.0.17. rəsmi bədən tərbiyəsi və idman tədbirləri – bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təqvim planlarına daxil edilmiş rayon, şəhər, regional, respublika və beynəlxalq miqyaslı tədbirlər və yarışlar;
1.0.18. bədən tərbiyəsi və idman tədbirlərinin təşkilatçısı – tədbirlərin və idman yarışlarının təşkilatı məsələlərinin həllini, maliyyələşdirilməsini, hazırlanması və keçirilməsi ilə bağlı digər təminatları öz üzərinə götürən təşəbbüsçü hüquqi və ya fiziki şəxs;
1.0.19. bədən tərbiyəsi və idman sistemi – bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədi ilə dövlət orqanları və bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin əlaqəli şəkildə göstərdikləri fəaliyyət;
1.0.20. əhalinin fiziki hazırlığı və inkişafının monitorinqi – əhalinin fiziki sağlamlığının, fiziki hazırlığının və iş qabiliyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin bunlarla əhalinin fiziki inkişafı arasında səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi;
1.0.21. fiziki reabilitasiya – sağlamlığın pozulmasına səbəb olan məhdud həyat fəaliyyətinin aradan qaldırılmasına və ya maksimal dərəcədə tam kompensasiyasına yönəlmiş adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitə və metodlarından istifadə etməklə insan orqanizminin pozulmuş və ya müvəqqəti itirilmiş funksiyalarının və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin ictimai və peşəkar fəaliyyətdə iştirak qabiliyyətlərinin bərpası;
1.0.22. idman obyektləri – bədən tərbiyəsi və idman tədbirlərinin (o cümlədən təlim-məşq proseslərinin, idman yarışlarının) keçirilməsi üçün xüsusi olaraq nəzərdə tutulmuş, inşa edilmiş, quraşdırılmış idman qurğuları, örtülü və açıq obyektlər;
1.0.23. yüksək nailiyyətlər idmanı – rəsmi respublika və beynəlxalq yarışlarda iştirak edən idmançıların yüksək nəticələr göstərməsinə və nailiyyətlər əldə etməsinə yönəldilmiş idman sahəsi;
1.0.24. paralimpiya hərəkatı – sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idman vasitəsilə cəmiyyətə inteqrasiyasında, özünütəsdiqində, fiziki və mənəvi kamilliyə çatmasında əsas vasitələrdən biri kimi paralimpiya idmanının inkişafını əhatə edən fəaliyyət;
1.0.25. deflimpiya hərəkatı – eşitmə qabiliyyətləri məhdud olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə təşkil olunan və həyata keçirilən fəaliyyət;
1.0.26. xüsusi olimpiya hərəkatı – əqli imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idman vasitəsi ilə reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsinə yönəldilmiş fəaliyyət.

[