İşə qəbul

İşverənlə müsahibəyə hazırlıq

İndi isə işə düzəlmə müddətində mövcud olan müxtəlif problemlərin həlli yollarına keçək. Burada siz sənədləri necə tərtib etmək, psixoloji testdən (əgər olarsa) necə keçmək və, nəhayət, işverənlə müsahibəyə necə hazırlaşmaq lazımdır suallarına düzgün cavab tapa biləcəksiniz.

Sənədlər necə tərtib olunmalıdır

İşə düzəlmə prosesində kifayət qədər təcrübəsi olmayan insanlar düşünürlər ki, işə qəbul üçün təqdim edilən sənədlərdə onların şəxsi və professional keyfiyyətləri elə obyektiv şəkildə əks edilir ki, onların vasitəsilə işverənin rəyinə təsir göstərmək mümkün deyil. Əslində isə belə deil. Siz bir neçə sənəd təqdim edirsiniz, və müəyyən dərəcədə onların hər biri sizin şəxsiyyətinizi ən optimal aspektdə əks etdirməyə imkan verir. Lakin bu fikir doğru olduğu qədər də yanlışdır. Məsələn, 6-cı sinif üçün ingilis dili dərsliyi çox vacib kitabdır, lakin eyni zamanda digər kitablar olmadan siz heç vaxt ingilis dilini öyrənə bilməzsiniz. Buna görə, təcrübə və kvalifikasiyanızı isbat edən bütün sənədləri təqdim edin.

Potensial işverənə təqdim edəcəyiniz savad, kvalifikasiya və təcrübənizə dair rəsmi sənədlərdən başlayaq. Onlardan ən əsasları yalnız üçüdür: pasport, diplom və əmək kitabçası (əgər varsa). Lakin ola bilər ki, digər sənədləriniz də olsun və həmin əlavə sənədlər sizin başqa namizədlərdən daha üstün olmanızı göstərsin. Belə sənədlərə müxtəlif kursalrın bitirilməsi haqqında şəhadətnamə və sertifikatlar aiddir, o cümlədən, kompüter və xarici dillər. Hətta sürücülük vəsiqəsi həlledici rol oynaya bilər, çünki bu gün işverənlərin əksəriyyəti işçilərdən maşın sürmək bacarığı tələb edir. Əvvəllər tələb olunan rəsmi sənədlərdən biri də son iş və ya təhsil yerindən verilən xarakteristika idi. Hazırda belə xarakteristika əksər idarə və şirkətlərdə tələb olunmur, lakin əgər müsbət xarakteristika almaq imkanınız varsa, onu təqdim etmək heç də pis olmaz.

Potensial işverənə rəsmi sənədlər paketi təqdim olunanda o, təbii ki, onların əsli ilə də tanış olmaq istəyir. Lakin əgər siz aktiv şəkildə iş axtarır və işə düzəlmək üçün bir neçə varianta əl atırsınızsa, çox guman ki, həmin sənədlər sizə başqa yerlərdə də lazım olsun. Buna görə mütləq bütün sənədlərin kserokopiyasını çıxardın (pasportdan başqa). Həmin kopiyaları işverənə təqdim etmək olar. Kopiyalar üçün yalnız yüksəkkeyfiyyətli üzçıxarma texnikasından və keyfiyyətli ağ kağızdan istifadə edin. Səliqə ilə hazırlanmış sənəd paketi bir daha nümayiş etdirəcək ki, siz məsuliyyətli və işguzar insansınız.

İşə qəbul üçün təqdim olunan sənədlərdən biri də Kadr uçotu üzrə şəxsi vərəqədir. Bu sənəd hazırda öz aktuallığını itirib. Lakin bir çox işverənlər ona elə alışıb ki, bu blankı əldə etməyiniz və doldurub digər sənədlərlə yanaşı təqdim etməyiniz məsləhətdir. Bununla siz təcrübəli və səriştəli işçi olmanızı nümayiş etdirərsiniz.

Kadr uçotu üzrə şəxsi vərəqənin doldurulmasında əsas prinsiplərdən biri düzgünlükdür. Həmin vərəqədə göstərdiyiniz bütün informasiyanı digər sənədlərə əsaslanaraq asanlıqla yoxlamaq olar. İkincisi - səliqə. Həmin vərəqə adətən əllə doldurulur. Buna görə də vərəqəni doldurmazdan əvvəl tələb olunanları qaralamada yazın və yalnız bundan sonra diqqət və səliqə ilə vərəqəyə köçürün. Üçüncü və bütün anketlərə aid olan şərt ondan ibarətdir ki, hər hansı bir sizə əlaqəsi olmayan informasiyanın qarşısında "yox", "yoxdur" və s. bu kimi sözlər yazılmalıdır. Belə olduqda anketinizi oxuyanlar başa düşəcəklər ki, siz bütün suallara cavab vermisiniz və hər hansı bir qərəzlə heç bir sualı cavabsız qoymamısınız.

Hər şəxsi vərəqədə foto üçün yer ayrılır. Bura siz mütləq öz fotoşəklinizi yapışdırmalısınız. Yaxşı fotoşəkil psixoloji baxımdan çox mühüm amildir. Görüşdən sonra işverən müstəqil şəkildə qərar qəbul etməlidir. Və ola bilər ki, məhz sizin şəkliniz bu qərarda son həlledici amil olsun. Yalnız pozitiv cəhətlərinizi - istər xarici, istərsə də daxili - əks etdirən fotoşəkil yaxşı sayıla bilər. Xarici görünüşdə pozitiv cəhətlər - paltar və saç düzümünün səliqəli olması, üzünüzün açıq və mülayim ifadəsidir. Yaxşı foto təmkin, iradə və özünüzə inam kimi daxili keyfiyyətlərinizi də əks etdirə bilər. Buna görə bir neçə fotoşəkil çəkdirməyə ərinməyin. Həmin şəkilləri ətrafdakılarınıza göstərib onların fikrini dinləyin və yalnız lazımi məsləhət aldıqdan sonra bəyənilən şəkli sənədə yapışdırın. Yaxşı fotoşəkil - uğura doğru bir addımdır. Əgər sizə pinti bir adamı təsvir etsələr və ya onun səliqəsiz görkəmdə çəkilən şəklini göstərsələr, siz heç vaxt onun qabiliyyətli və istedadlı olduğunu düşünməyəcəksiniz. Doğrudan da, insanın xarici görkəmi əksər hallarda onun işə və ümumiyyətlə həyata münasibətini əks etdirir.

Digər çox mühüm və son dərəcə məsuliyyətli yanaşma tələb edən sənəd tərcümeyi-haldır. Əvvəllər bu məqsədlə xüsusi hazır blanklar var idi. Onlar adətən əllə doldurulurdu. Əgər işverən sizə belə blank versə onun bir neçə nüsxədə surətini çıxardın. Həmin kopiyalar sizə qaralama kimi ilkin variantları hazırlamaqda lazım olacaq. Son variantı səliqə ilə işverənin sizə təqdim etdiyi blanka köçürün.

Avtobioqrafiyanı yazarkən, aşağıdakı tövsiyyələrə riayət edin

Yazılanlar lakonik və dəqiq olmalıdır. Unutmayın ki, özünüz və ya professional imkanlarınız, eləcə də təcrübəniz barəsində yazdığınız hər hansı bir qeyri-dəqiq, yayğın informasiya, haqqınzda eləcə də yayğın təsəvvür yarada bilər;

Hər bir gənc üçün onun professional səriştəsini, potensial imkanlarını və işləmək arzusunu bildirən qeydlər xüsusilə əhəmiyyətlidir, çünki onun praktiki təcrübəsi, təbii ki, kifayət qədər olmaya da bilər;

Professional təcrübəniz barədə yazın, hətta əgər həmin təcrübə ictimai əsaslarda aparılan işdən ibarətdirsə. Əldə etdiyiniz professional nailiyyətləri qeyd edin;

Unutmayın ki, tərcümeyi-halda özünüz haqda hər hansı bir neqativ informasiya vermək məsləhət deyil. Axı ilk dəfə bir insanla tanış olduqda sizin heç ağlınıza da gəlməz ki, ağır xasiyyətinizdən və ya hər hansı bir xəstəliyinizdən söz açasınız;

Tərcümeyi-halınızın həcmi səhifə yarımdan artıq olmamalıdır. Axı oxumağa gəldikdə, siz özünüz də daha yığcam sənədlərə üstünlük verirsiniz - psixoloji olaraq sizə elə gəlir ki, onlar daha rahat və anlaşılandır;

Avtobioqrafiyanızı yazdıqdan sonra mütləq onu mümkün orfoqrafik və stilistik səhvləri düzəltmək məqsədilə təkrarən yoxlayın.

"Abituriyent" Hazırlıq Kursu
1998-2003 © Bütün hüquqlar müdaifiə olunur.