“Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak və “Eurovision-2004” müsabiqəsinin qalibi Ruslana Bakıdadır.

APA-nın məlumatına görə, ötən gün axşam saatlarında Bakıya gələn müsabiqə qalibləri iki gün ölkəmizdə səfərdə olacaqlar. Səfərin məqsədi isə bu gün axşam “Buta Palace”da “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçiriləcək milli yarımfinal konsertində çıxış etməkdir. Hər iki sənətçi bu gün axşam repertuarlarındakı ən populyar mahnıları ilə Bakı tamaşaçıları qarşısında çıxış edəcəklər. Aleksandr Rıbak ilk dəfə Bakıya gəlsə də, Ruslana artıq bir neçə dəfə Bakı tamaşaçıları qarşısında çıxış edib. Hər iki sənətçi onlara qalibiyyət gətirən mahnıları da Bakı səhnəsində ifa edəcəklər.

İki saatlıq yarımfinal proqramında Azərbaycanı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində təmsil etmək iddiasında olan 6 namizəd – Azad Şabanov, Səfurə Əlizadə, Məryəm Şabanova, Ülviyyə Rəhimova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu rəqabət aparacaq. Gecədə eləcə də sürpriz qonaqlar qismində Aleksandr Rıbak, Ruslana və “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən AySel Teymurzadə xüsusi proqramla çıxış edəcəklər.

Məhz bu gün axşamkı milli yarımfinal konsertindən sonra 6 namizəd arasından bir neçə sənətçi finala vəsiqə qazanacaq. Azərbaycanın Milli Yayım Şurası “Eurovision-2010” Azərbaycan təmsilçisinin bu gün seçiləcəyini də istisna etmir. Bütün bu qərarlar isə tərkibi gizlin saxlanılan milli münsiflər heyətindən asılıdır.

Münsiflər heyətinin qərarı açıqlandıqdan sonra həm ölkəmizin qonaqlarının, təşkilat komitəsinin və finala keçən namizədlərin iştirakı ilə mətbuat konfransının keçirilməsi gözlənilir.