Sənət aləmində özünə yer tapan gənc müğənni Leyla Ramazanova tamaşaçısını hər dəfə qeyri-adi yeniliklər etməyə alışdırıb. Şou-biznes aləminə böyük axın olduğu bir dövrdə Leyla özünün dəsti-xəttini yaratdığını deyir. Onun fikrincə, tamaşaçı tərəfindən sevilmək, eyni zamanda sağlam rəqabət üçün ifaçının təkcə vizual görünüşü və ya pulunun olması yetərli deyil. Onun üçün həm səs, həm də repertuar və səhnə mədəniyyəti vəhdət təşkil etməlidir.

Leyla Ramazanovanın sənət strategiyası bəzi hallarda birmənalı qarşılanmır. Müğənni rəqabətin olmasını normal qəbul edir. Lakin qısqanclıqlarla barışa bilmir.

Söhbətin səmtini dəyişən Leyla yeniliklərdən söhbət açdı. Bildirdi ki, hazırda albom üzərində çalışır. Məlum oldu ki, topluya 10-12 mahnı daxil etməyi planlaşdırıb.

Yeri gəlmişkən qeyd edək ki, albomda yalnız bəstəkar İsmayıl Əsədovun musiqiləri yer alacaq. Albom hazırlığı ilə yanaşı paralel olaraq gənc müğənni klip layihəsinə də imza atıb. Müğənninin "Belə birdən getmə" adlanan mahnısına rejissor Xavər Ramazanlı ekran həyatı verib. Qeyd edək ki, Xavər Leylanın doğma bacısıdır. Qrafika üslubunda hazırlanan klipi qrafika ustası Samir Fərzəlibəyov montaj edir. Klipin ərsəyə gəlməsi üçün 3 ay vaxt sərf olunub.

Klipin bu günlərdə təqdimat mərasimi keçiriləcək. Leyla öz yeniliklərinin bununla bitmədiyini bildirdi. Gənc müğənni bu il məhsuldar olmağa çalışır. Çünki bu klipdən dərhal sonra başqa bir mahnısına klip çəkdirmək plandadır.

Leyla deyir ki, bu il bir çox irihəcmli və maraqlı layihələrə imza atacaq.