İndi də şou-biznesimizdəki cütlüklərdən danışacağıq. O cütlüklərdən ki bir-birinə könül verib, əhd-peyman bağlayırlar, bununla da həmişə diqqət mərkəzində olurlar, haqlarında çoxlu söz-söhbət, şayiələr dolaşır. Azərbaycanda şou-biznesin təməli qoyulmamışdan öncə də, bütün sahələrdəki kimi bu sənətdə də ulduzları barışan cütlüklər az olmayıb.

Kimisi bunu rəsmiləşdirsə də, kimisi qeyri-rəsmi olaraq bərabər yaşayıb. Hələ ötən əsrdə xalq artistləri, mərhum Tükəzban İsmayılova ilə Həbib İsmayılovun sevgisi onların ailə həyatının təməlini qoyub. Onlardan sonra Amaliya Pənahova ilə diktor Yusif Muxtarov, müğənnilər Təranə Vəlizadə ilə mərhum Eyvaz Həsənov ailə həyatı qurublar. Bəstəkarlar Nailə və mərhum Hikmət Mirməmmədlilər də həmişə qibtə edilən cütlüklərdən olublar.

Qeyd edək ki, xarici ölkələrdə tanınmış şəxslər, şou-biznesin nümayəndələri münasibətlərini, adətən gizlətmirlər. Onlar gizlətməyə cəhd etsələr belə, paparasilər buna imkan verməzlər. Dünyanın tanınmış şou-biznes nümayəndələrinin bəziləri bu yolla reklam olunurlar. Bəzi məşhurların isə ailə həyatı paparasilərin üzündən dağılıb.

Azərbaycanda hələlik maqazin jurnalistikası lazımi səviyyədə inkişaf etməyindən və şou-biznesin nümayəndələri də münasibətlərini səmimi etiraf etmədiyindən gizli ilişkiləri ortaya çıxarmaq asan deyil. Buna görə biz münasibətləri hamıya məlum olan cütlükləri sizə təqdim edirik.

Şou-biznes aləmində ən tanınmış simalarımızdan olan xalq artisti Brilliant Dadaşova artıq ailə həyatının ikinci 10 illiyini yaşayır. Xanım müğənnimiz Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə birgə ömür-gün sürür.

Bu siyahıda daim maraq obyektində olan Aygün Kazımova ilə Namiq Qaraçuxurludur ki, ikinci tərəf bu münasibətləri nə qədər gizləməyə çalışsa da, xanım sənətçimiz bu sevgisini el ilə bir eləyib. Lakin onlar münasibətlərini hələ də rəsmiləşdirmək fikrində deyillər.

Prodüserlər Anar və Elnurə Mədədovanın evliliyi də şou-biznesin cütlüklərindən sayıla bilər.

Müğənni Elnarə ilə teleaparıcı Rövşən sevib-sevilərək ailə həyatı qurmağa razılıq veriblər və onların evliliyi iki ildən artıqdır, davam edir.

Klipmeykerlərimiz də sənət əhli ilə ailə qurmağa üstünlük verirlər. Rejissor Kənan MM müğənni Aygün Şükürova ilə, Fuad Əlişov isə aktrisa-prodüser Sevinc Əlişova ilə əhdi-peyman bağlayıblar.

Birgə yaşadıqlarını gizli saxlayan cütlüklərimiz də az deyil. Deyilənlərə görə, rəqqasə Sevda ilə müğənni Qismət, rejissor Aqil M. Quliyevlə müğənni Nura, müğənnilər Natəvan Həbibi ilə Elnur, Zamiqlə İradə İbrahimova, Səidə Sultanla Coşqun Viləş, Elmira Ələkbərzadə ilə “Cin” ləqəbi ilə tanınan gənc repçi bir vaxtlar aşiq-məşuq olublar.

Yaxın günlərdə nikah masasına oturacaq cütlüklərimiz də var. Müğənni Xəyalə Manaflı ilə “N brothers” qrupunun üzvü Emil, Azərbaycanı “Eurovision-2008” rəqs müsabiqəsində təmsil edən Eldar Cəfərov və Anna Sajina cütlükləri də toya hazırlaşır.

Xalq artistləri, səhnəmizin “Elçin” və “Gülnar”ı - Yaşar Nuri ilə Firəngiz Mütəllimovanın adlarını isə bir-birindən ayrı çəkmək mümkün deyil. Hətta belə demək olarsa, onların bir-birinə olan münasibətləri daim xalqın marağında olub.

Onu da qeyd etmək yerinə düşərdi ki, hazırda səhnəmizdə duet oxuyanların bəzilərinin də bir-birilə eşq macərası yaşadıqları çoxlarına məlumdur.

NİGAR



Lent.az