Gənc müğənni Rəcəb Musayev ( Receb Musayev ) dünən gecə saat 12 radələrində dünyasını dəyişib. Bu barədə 3 saylı Sabunçu xəstəxənasından məlumat verilib. Xəstəxana personalından adının açıqlanmasını istəməyən tibb işçisi, Rəcəb Musayevin avtomobil qəzasından xəsarət aldığını və xəstəxanaya ağır vəziyyətdə çatdırıldığını bildirib. Onun sözlərinə görə, həkimlərin bütün səylərinə baxmayaraq Rəcəb Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumatda isə bildirildi ki, R.Musayev yanvarın 8-də saat 20:45-də Kürdəxanı-Lahic bağları istiqamətində hərəkət edən zaman yol qəzasına düşüb. O, idarə etdiyi “Mercedes” markalı "10 NU 411" dövlət nömrə nişanlı avtomobilini aşırıb. Yüksək süərlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək münkün olmayıb.

Xatırladaq ki, tamaşaçılar Rəcəb Musayevi bir neçə il öncə keçirilmiş “Yeni Ulduz-2” müsiqi müsabiqəsindən tanıyıblar. Daha çox gitarada ifası ilə yadda qalan gənc ifaçı elə həmin müsabiqənin qalibi olmuşdu.

Rəcəb Musayev, yerli kanallardan birində yayımlanan “Əsgər anı” verilişinin həm də aparıcılarından biri idi. ANSPRESS