“Baş verən hadisədə mənə görə narahat olub günlərlə xəstəxananın qarşısına toplaşan, sağalmağım üçün dua edən və məni dəstəkləyən hər kəsin qarşısında diz çökürəm!”. Bu sözlər Azərbaycanın xalq artisti Faiq Ağayevə məxsusdur. Bu gün ANS TV-nin efirində yayımlanan “Günə Baxan” verilişinin qonağı olan müğənni bu sözlərdən sonra tamaşaçılar qarşısında diz çöküb.

Onun “Günə Baxan” verilişində iştirakı ötən ay bıçaqlandıqdan sonra efirə ilk çıxışı olub. Faiq Ağayevin proqrama qatılması studiyada böyük ajiotaj yaradıb. Xalq artistinə sevgisini bildirmək istəyənlərin əlindən pavilyonda yer olmayıb. Tamaşaçılar sənətçini uzun müddət ayaqüstə alqışlayıblar. Veriliş boyu tamaşaçılar arasında göz yaşlarını saxlaya bilməyənlər də tapılıb.

Proqramda hətta kiçik bir yarışma da keçirilib. Tamaşaçılar arasından Fidan və Ülkər adlı iki qız xalq artistinin repertuarından mahnılar ifa ediblər. Onlar arasında qalibi seçməli olan müğənni iştirakçıların hər ikisini mükafatlandırıb. Verilişə qatılmayan bir qadın pərəstişkar isə Faiq Ağayevə gül səbəti yollayaraq ona öz sevgisini izhar edib.

Verilişdə qeydə alınan daha bir maraqlı məqam aparıcı İlqar Mikayıloğlunun baş verənlərdən sonra “Kişinin başına iş gələr” deyərək müğənniyə gələcəkdə belə hallardan qorunmaq üçün zirehli jilet təqdim etməsi olub. Aparıcının hərəkəti əlbəttə ki, zarafatyana qarşılanıb. Faiq Ağayev isə gülərək, “bunun çəkisi mənim çəkimdən ağır olar” deyərək zirehli jileti götürməyib.

show-biznes.az