Artıq 10 ildən artıqdır ki, müxtəlif ölkələrdə fərqli nominasiyalar üzrə ilin ən yaxşılarını mükafatlandıran Avropa Qəzetçilər Dərnəyi (AQD) bu il Azərbaycandan 3 nəfəri mükafatlandıracaq. Bu vaxta qədər dərnək Azərbaycandan yalnız bir nəfəri – gənc rejissor Samir Fərzəlibəyovu “ilin ən yaxşı rejissoru” nominasiyası üzrə mükafatlandırıb.
Avropa Qəzetçilər Dərnəyi mükafatlarını indiyə qədər müxtəlif nominasiyalar üzrə Türkiyə Prezidenti Abdullah Gül, dövlət naziri Egemen Bağış, eləcə də sənət dünyasının tanınmış simaları – Muazzez Ersoy, şoumen Beyaz, populyar müğənni Sıla, Səlami Şahin, “Babutsa” qrupu, Soner Sarıkabadayı, aktyor Ozan Güven, “Ezel” serialı və bir sıra iş adamları, siyasətçilər, TV kanalları qazanıb.
AQD-nin Azərbaycan üzrə nümayəndəsi Afaq Tahirqızı mediaya açıqlamasında bildirib ki, bu il 10 nəfər namizəddən yalnız ikisinə ödül, 1 nəfərə isə fəxri qonaq adı veriləcək: “Məlum olduğu kimi, Avropa Qəzetçilər Dərnəyinin hər il keçirdiyi layihəyə əsasən, müxtəlif peşə sahiblərindən ilin ən yaxşıları seçilir. AQD -nin Azərbaycan nümayəndəliyi də seçim edərkən Dərnəyimizin tarixini, təcrübəsini əldə rəhbər tutaraq seçim edəcəkdir. Bu il 2 nəfərə ödül veriləcək, 1 nəfərə isə fəxri qonaq adını daşıyacaq”.
Dərnək seçimlərini edəndə bir sıra prosedur qaydalarını yerinə yetirir:
1)Əhali arasında sorğu keçirilir
2)KİV-lərdə dərc olunan məqalələr nəzərdən keçirilir
3)Müşahidə qrupları yaradılır
4)Yaradılmış müşahidə qrupları əldə olunan nəticələrə rəy bildirir
5)Alınan nəticələr AQD-nin mərkəzi qərargahına, İstanbula təqdim edilir
Afaq Xanım həmçinin onu da bildirib ki, bütün bunlardan əlavə, seçim dövrü ərzində görülən işlərlə bağlı mütəmadi olaraq ictimaiyyəti KİV-lər vasitəsi ilə məlumatlandırmaq nəzərdə tutulub: “AQD-nin qarşıya qoyduğu məqsədlərdən biri də, Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan millət vəkilləri ilə, iş adamları və şirkət rəhbərliyi ilə, ictimai nüfuza malik olan müxtəlif insanlarla görüşmək, onların fikirlərini dinləmək və onlar tərəfindən verilən məsləhətləri müzakirə etməkdir.”
Qeyd edək ki, dərnəyin Azərbaycan üzrə rəhbəri Afaq Tahirqızı həm də İstanbulda nəşr olunan “İpək yolu” jurnalının təmsilçisi təyin olunub. Bu vaxta qədər Afaq Tahirqızı hər nömrə üçün Azərbaycan tarixində iz salmış görkəmli mədəniyyət xadimləri barədə araşdırmalar aparıb və bu indi də davam etməkdədir. Artıq Afaq xanım Rəşid Behbudov barəsindəki araşdırma yazısını jurnala göndərib.
Afaq Tahirqızı ümumilikdə mediaya açıqlamalarında dərnəyin fəaliyyətini belə dəyərləndirib: “Bu dərnək mətbuatın inkişafı naminə mühüm işlər görməklə yanaşı, həm də ictimaiyyətin diqqət və rəğbətini qazanan şəxsləri fəxri adlar və mükafatlarla təltif edir. Bu isə həm ictimai-siyasi, həm elmi-mədəni və həm də iqtisadi sahələrdə həvəsləndirmə və ictimai dəyərləndirmə baxımından böyük əhəmiyyət kəsb edir. Bu ildən etibarən isə artıq Azərbaycan cəmiyyəti də bu layihəyə cəlb ediləcək. Bir təmsilçi kimi, mənim vəzifəm mükafatlandırma üçün namizədləri müəyyənləşdirmək və AQD rəhbərliyinə seçimlərimizi təqdim etmək olacaq. Eyni zamanda, seçilən həmvətənlərimizin piar kampaniyasının təşkili ilə də məşğul olacağıq ki, başqa ölkələrdən olan namizədlərlə rəqabətdə davamlılıq nümayiş etdirək.” show-biznes.az
Yer imleri