Artıq öyrəndiniz ki, hamiləsiniz. Təsadüfi və ya planlaşdırılmış hamiləlik özü ilə həyatınıza fərqli hisslər bəxş edir. Əlbəttə ki, növbəti 9 ayın xoşbəxtlik gətirməsi mütləqdir. Bəs narahat fikir və hisslərdən azad ola bilmirsinizsə, nə etməli?

Dəyişiklik vaxtıdır
Hamiləliyin ilk ayları nəinki qadında fizioloji inqilabi dəyişiklik dövrüdür, həmçinin psixoloji dəyişmə vaxtıdır. Çünki artıq həyatını kiminləsə bölüşməli olursan və bəlkə də bu gündən bütün planlarını dəyişməlisən.

Heç də hər kəs bütün dəyişiklikləri asanlıqla qəbul etmir. Hətta uşaq arzulanan olduğu halda qadın müəyyən narahatlıqlar keçirməyə başlayır. ”Sonrakı həyatım necə olacaq? Hamiləlik normal keçəcəkmi? Karyeram nə yerdə qalacaq? Övladıma layiqli gələcək verə biləcəyəmmi? Yaxşı ana olma şansım nə qədərdir?

Yəqin ki, bu suallar sizə çox tanışdır. Bu mənəvi narahatlıqlar nəinki qıcıqlanma, hətta toksikoz və ya hamiləliyə təhlükə yarada bilər.

Nə etməli?

Birincisi, bütün problemləri dərhal həll etməyə çalışmayın. Bəzi məsələləri sonraya saxlayın. Ola bilsin ki, onlar zamanla həll olunacaq və sizin burada iştirakınız bir o qədər önəmli olmayacaq. Ümumiyyətlə, hamiləlik həyat problemlərinə reaksiya verməmək üçün əla zamandır. Bu laqeyid münasibətə görə vicdan əzabı da çəkməməlisiniz. Unutmayın ki, maddiyyatdan daha çox körpənin sizin diqqət, qayğı və sevginizə ehtiyacı var.

İkincisi, ən əsası bu vəziyyəti anlayıb qəbul etməkdir. Hamiləlik sizin həyatınıza qadağalar dövrü kimi deyil, əksinə yeni imkanlar zamanı kimi daxil olmalıdır. Məsələn: “mən sevimli dar cins şalvarımı geyinə bilməyəcəyəm. Şükürlər olsun, qarderobu yeniləmək üçün uğurlu zaman gəlib çıxdı.” Sadəcə baxış tərzinizi dəyişmək kifayət edər.

“Hər şey məni qıcıqlandırır!”

Hamiləlik qadını emosional olaraq həssas edir. Narahatlığa və neqativ fikirlərə meyilli olur. Həyəcan və narahatlıq üçün səbəb olmasa belə bu hisslərdən yaxa qurtarmaq olmur. Heç nə sizi sevindirmir. Həkimlər bu vəziyyəti orqanizmdə baş verən şiddətli hormonal dəyişikliklərlə izah edirlər. Sadəcə bu vəziyyətin normal olduğunu qəbul etməklə də qadın rahatlıq tapa bilmir.

Nə etməli?

Güclü qıcıqlanma gələcək analara rahatlaşma haqda siqnaldır. Çünki rahat olmağı bacarma qabiliyyəti nəinki hamiləlik və doğuş zamanı, ümumilikdə həyatınıza müsbət təsir göstərəcək. Rahatlaşmaq üçün ən yaxşı üsul sakit musiqi dinləyərək, özünüzə rahat guşə düzəldib dərindən nəfəs almaqdır. Dərindən nəfəs alın və nəfəs verin. Elə zənn edin ki, hər nəfəslə sizə sakitlik və rahatlıq gəlir. Yeri gəlmişkən fiziki aktivlik qüssə və xiffətdən can qurtarmaq üçün əla vasitədir.

Göz yaşları ovcunun içindədir

Hətta hamiləliyə qədər qadın möhkəm vərdişləri ilə fərqlənirdisə, indi asanlıqla təlaşa düşür? Hamiləlik zamanı yaranan cüzi problemlər, rəfiqənin doğuş haqda danışdıqları, televiziya xəbərləri, işdə müdirin iradları göz yaşlarına səbəb olur. Bu cür həssaslıq hadisələrə baxışı dəyişmək vaxtından xəbər verir.

Nə etməli?

Unutmayın ki, bu həssaslığın bir başqa tərəfi var – dünyaya başqa cür baxma bacarığı. Sanki hamiləlik zamanı qadın uşaqlaşır və dünyaya maraq və heyrətlə baxır. Bu imkandan istifadə edib həyatın gözəl tərəflərindən zövq almağı bacarın. Belə ki, keçirdiyiniz hər bir hissi, dünya haqda qəbul etdiyiniz məlumatı birbaşa uşağa ötürürsünüz. Sizin hissləriniz dünyanın xeyirxah və ya qəddar, rəngli yoxsa solğun, şən və ya kədərli olması haqda körpəyə informasiya ötürür. Buna görə də tez-tez təbiət qoynunda olun, konsert zallarına və muzeylərə baş çəkin.

Tənha, kimsəsiz

Hamilə qadının qəlbində o qədər dəyişiklik baş verir ki, o özünü bu dəyişikliklər içində tam yalqız hiss edə bilər. Ətrafda heç kim dəyişməyib, yalnız siz “hamiləlik hissləri” ilə baş-başasınız. Lakin tənhalıq hissləri daxili aləminizə baş çəkməyə, həyat təcrübənizi analiz etməyə, həmçinin həyatı dəyərləri qiymətləndirməyə imkan verir.
Nə etməli?

Tənhalıq hissini özünüzə qiymət vermə zamanı kimi qiymətləndirin, lakin əsla özünüzə qapılmayın. Hisslərinizi yaxınlarla bölüşün, digər hamilə qadınlarla söhbət edin, ünsiyyət saxlayın. Həmçinin indi hamilələr üçün müxtəlif kurslar da təşkil olunur. İstənilən halda siz tənha deyilsiniz, çünki uşaq hər zaman yanınızdadır. Onunla ünsiyyətə başlayın, qarnınızı sığallayın, ona mahnılar oxuyun.
Mənim “yar”ım

Hamiləlik dövrü ailədə müsbət münasibətlərə səbəb olur. Qadın üçün isə əri tərəfindən dəstək almaq çox əhəmiyyətlidir. Lakin nəzərə alın ki,qadının hamiləliyini kişilər bir qədər gec dərk edir. Qadının bətnində uşağın böyüməsini təsvir etmək kişiyə çətindir. Belə ki, kişini daha çox sizin özünüzü aparmağınız narahat edir, nəinki hamiləlik. Nadir kişilər bətndəki uşaqla söhbətlər edir. Lakin bu o demək deyil ki, kişi bu dəyişikliklərə biganədir. Sadəcə hamiləliyi onlar özünəməxsus tərzdə keçirirlər.

Nə etməli?

Həyat yoldaşınıza hamiləlik haqda ətraflı məlumat verin. Onu sadəcə sizin orqanizminizdə nə baş verməsi maraqlandırır. Əgər imkan varsa birlikdə USM-ə gedin. Bəzi kişilər bətndəki uşağı gördükdə münasibətləri dəyişir. Sanki uşağın real olduğuna inanırlar. Tez-tez “biz” kəlməsini işlədin. Bu artıq sizin tək olmamanıza işarədir. Hər gün ərinizə uşağın bu gün özünü necə aparması haqda məlumat verin. Əgər ilk vaxtla ondan istədiyiniz reaksiyanı almasanız kədərlənməyə və ərinizi qınağa dəyməz. Sadəcə bəzi kişilər emosiyalarını büruzə verməkdə çətinlik çəkirlər.
Hər tərəfdə təhlükə var.

Əksər hallarda hamilə qadın hamiləliyin başlanğıcından sonuna kimi keçirdiyi xətəlik haqda düşünür və bunun körpəyə zərər verəcəyi fikri onu rahat buraxmır. Qrip, soyuqdəymə, qəbul edilən dərmanlar və.s. O zamanlar hamilə idim, lakin xəbərim yox idi. Həmçinin çirkli hava, işdə kompüter qarşısında saatlarla oturmağım necə olacaq? Bundan başqa körpəyə təsəvvür etmədiyim çox şey xətər yetirə bilər.

Nə etməli?

Risk ehtimalını artırmağa heç bir lüzum yoxdu. Anadangəlmə qüsür və nöqsanlar nadir hallarda rast gəlinir. Unutmayın ki, boş yerə narahatçılığınız daha təhlükəlidir. Həyəcan keçirməkdənsə bu zərərli təsirləri başqaları ilə əvəz etməyə çalışın. Məsələn: parkda və ya təmiz havada gəzinti, normal qida və ya klassik musiqi dinləmə. Daim xoş insanlarla ünsiyyət olun. Bir sözlə həyatdan maksimum zövq almağa çalışın. Həmçinin uşağınızın necə sağlam və gözəl olacağı haqda düşünün!