Halsızlığın səbəbi qanazlığı ola bilər

Dəmir, foli turşusu və B12 vitamini çatışmazlığı ilə müşahidə edilən qan azlığı, yəni anemiya xəstəliyi müalicə edilmədikdə daha ciddi problemlərə səbəb olur.

Qan azlığı qanda hemoqlobin miqdarının yaşa və cinsiyyətə görə qəbul edilən normalardan aşağı olmasıdır. Qan azlığının səbəblərindən biri də sümük iliyində qanın özünübərpa funksiyasının azalması, müxtəlif səbəblər üzündən qan itkisinin artmasıdır.

Qanazlığının əlamətləri:
1. Yorğunluq.
2. Halsızlıq.
3. Başgicəllənmə.
4. İş qabiliyyətinin azalması.
5. İştahasızlıq.
6. Bəzən ürəkbulanma.
7. Təngnəfəslik.
8. Üşütmə.
9. Saçların tökülməsi.
10. Müvazinətin pozulması.

Qanazlığının səbəb olduğu problemlər:
Hamilə qadınlarda:
1. Uşaq ölümü.
2. Azçəkili uşaqların doğulması.
3. Erkən doğuş.
4. Bədənin müqavimətinin azalması.

Uşaqlarda:
1. İnkişafda gerilik.
2. Fiziki aktivliyin azalması.
3. Bədənin müqavimətinin azalması.
4. Yaddaşsızlıq.

Yeniyetmələrdə:
1. Mütəmadi olaraq yorğunluq hissi, halsızlıq.
2. İş qabiliyyətinin azalması.
3. Bədənin müqavimətinin azalması.
Dəmir çatışmazlığı ilə bağlı anemiya:
Dəmir bədəndə oksigen daşıma vəzifəsini yerinə yetirən eritrosidlərin bərpası üçün vacibdir.

Dəmir çatışmazlığının səbəbləri:
1. Qidalardan az miqdarda dəmir alma.
2. Bağırsaqlar tərəfindən az miqdarda sorulma.
3. Xroniki qanaxmalar.
Mədə-bağırsaq yarası, xərçəng xəstəliyi, həmçinin uzun müddət aspirin və revmatizma dərmanları qəbul etmək də qan azlığına gətirib çıxarır.
Yuxu pozğunluğu, rejimsizlik, düzgün qidalanmama da bu kateqoriyaya daxildir. Körpələrdə əlavə qidalara gec başlamaq, ana südü əvəzinə inək südü ilə qidalanmaq da qan azlığına səbəb olur.

Qan azlığı özünü necə göstərir?
1. Torpaq, buz, kirəc yemək istəyi.
2. Ağız ətrafında çatlar.
3. Dırnaqlarda düzləşmə.
4. Dildə qırmızılaşma.
Gündəlik dəmir tələbatı 2 milliqramdır. Qaraciyərdə, mal ətində, həmçinin balıq məhsullarında dəmir ehtiyatı çoxdur. C vitamini və portağal şirəsi bitkilərdən alınan dəmirin sorulmasını artırır, çay və qəhvə isə bu sorulmanı azaldır.
Dəmir çatışmazlığının müalicəsindən 2 ay sonra hemoqlobin miqdarı normal səviyyəyə çatır. Sümük iliyində dəmir miqdarını bərpa etmək üçün daha uzunmüddətli müalicə lazımdır.

Foli turşusu çatışmazlığı ilə əlaqədar anemiya:
Orqanizmin qırmızı qan hüceyrələrini istehsal etməsi üçün foli turşusuna ehtiyacı var. Foli turşusunun miqdarı normadan az olduqda qan hüceyrələrinin istehsalı azalır və anemiya baş verir. Keçi südü ilə qidalanma, bağırsaq xəstəlikləri, xərçəng xəstəliyi və epilepsiya üçün istifadə edilən dərmanlar da foli turşusu çatışmazlığına səbəb olur.
Foli turşusu çatışmazlığı ilə əlaqədar yaranan anemiya zamanı ishal, depressiya, dilin şişməsi və qızarması halları baş verir.
B12 vitamini çatışmazlığı zamanı da anemiya yaranır. Bu vaxt dil şişir və ağrıyır, dəri saralır, zehni funksiyalar azalır.


Yeganə Məmmədova - ZAMAN