Artıq çəki problemi bu gün dünyada hər kəsi narahat edir.
Ölkəmizdə də bu məsələ aktuallığını qoruyub-saxlayır. Vətəndaşlarımızın təxminən 65 faizi izafi çəkidən əziyyət çəkir. Heç kimə sirr deyil ki, artıq kilolar sağlamlıq baxımından da orqanizmə zərərlidir. Qan-damar sisteminin normadan artıq işləməsi təzyiqin və ümumən orqanizmin funksiyasının pozulmasına gətirib-çıxarır. Digər tərəfdən, qaraciyərin piylənməsi nəticəsində vaxtından əvvəl sıradan çıxması təhlükəsi yaranır. Ağciyərin effektiv işləməsinə maneçilik törədilir və insan təngnəfəslik problemi ilə qarşılaşır. Bütün bunlara kök adamın əsəbi, stress altında yaşadığını, yuxusuzluğu əlavə etsək, mənzərənin son dərəcə acınacaqlı olduğunu görə bilərik.
"Arıq olmaq insan orqanizmi üçün təhlükəlidirmi" sualı bizi çox düşündürdüyündən həkim Lalə Cavadova ilə əlaqə saxladıq. O, sualımıza belə aydınlıq gətirdi: "Rəsmi statistikaya görə, kök adamlar arıqlara nisbətən 6-7 il az yaşayırlar. Bir anlıq təsəvvür edin ki, hər gün sizə normal çəkinizdən əlavə olaraq 20-30 kilo ağır yük daşıdırlar. Sizcə, bu sınağa bədəniniz dözə bilərmi? Cavab birmənalıdır, insan hər an normadan artıq çəki daşımaq məcburiyyətində qalarsa, orqanizm əvvəl-axır yorulub sıradan çıxacaq. Deməli, kök olmaq hər cəhətdən zərərlidir və estetik görünmür. Lakin son ayların araşdırmaları yeni bir təhlükəli tendensiyanı üzə çıxarıb. Sən demə, kökəlmək təhlükəsi qarşısında özlərini arıqladan gənclər daha qorxulu olan arıqlıq problemi ilə üz-üzə qalıblar".
Lalə xanım bizə 90-60-90 ölçüsü haqqında da məlumat verdi: "Araşdırmalardan məlum olub ki, etalon sayılan 90-60-90 ölçüsü normal göstərici deyil. Başqa sözlə desək, sağlam bədənə aid deyil. Bu xəstəlik tibbi dildə "anoreksiya" adlanır. Təsadüfi deyil ki, bu il Çində keçiriləcək payız-yaz paltarlarının defilesində fransız manekenlərin çıxışına qadağa qoyulmuşdu. Ölkənin Səhiyyə Nazirliyi bu addımını manekenlərin qeyri-sağlam bədən ölçülərinə malik olmaları ilə izah etmişdi. Defile təqdimlənsəydi, gənclərə pis örnək ola bilərdi".
Müsahibimiz bizə dünyaca məşhur fotoqraf sayılan Olivero Toskaninin bu sahədə çalışmasından da söz açdı: "Olivero Toskani son zamanlar bu problem üzərində çalışmağa başlayıb. O, 1982-ci ildən 2000-ci ilədək "Colors" jurnalının rəhbərlərindən biri olub və son dərəcə kəskin süjetlərdən istifadə etməklə reklam çəkilişlərində ağlagəlməz kompozisiyaları ilə tanınıb. İtaliyalı fotoqraf bir müddət ictimai işlərdən uzaq qaldı və yalnız bu il yenidən fəaliyyətə başladı. 21 yaşlı braziliyalı model Anna Reston anoreksiya xəstəliyindən dünyasını dəyişdikdən sonra Olivero Toskani bu xəstəliyə qarşı ümumdünya mübarizə kampaniyasına qoşuldu. O, Milan şəhərində ənənəvi təşkil olunan həftəlik moda defilesi ərəfəsində 23 yaşlı fransız İzabel Karonun çılpaq şəkillərini ictimaiyyətə təqdim etdi. Fransalı maneken 13 yaşından bəri bu xəstəlikdən əziyyət çəkirdi. O, "Vanity fair" mətbu orqanına müsahibəsi zamanı bunları söyləmişdi: "Mən həmişə öz bədənimi gizlətmişəm. İndi qorxmadan göstərirəm. Çünki mənim çəkdiyim əzabı görən hər kəs arıqlamaq tələsindən qurtula biləcək, necə ki mən çalışıram".