“Başqalarını özünüzdən əvvəl fikirləşməyi həmişə üstün tutun...”

Əli və Zubeyr bir-biri ilə çox yaxşı dost idilər. Onlar bir-biri ilə qonşuluqda yaşayır, hətta bir məktəbdə, bir sinifdə oxuyurdular. Bütün günü bir yerdə oynayar, dərslərini bir yerdə öyrənərdilər. Onların bu birlikləri dərslərində əlaçı və nümunəvi şagird olmaqlarına səbəb olmuşdu. Hər səhər məktəbə də birlikdə gedərdilər.

Bir gün səhər Zubeyir evdən gec çıxır. Əli isə məktəbə tək getmək istəmir, öz dostunun evdən çıxmasını təmkinlə gözləyirdi. Budur, artıq Zubeyir evdən çıxır. Əli:

* Salam əleyküm.

Zubeyir:

* Əleyküməssalam.

Əli:

* Tez gəl, dərsə yubanırıq.

Zubeyir:

* Onda gəl qaçaq, belə məktəbə tez çatarıq, dərsə də gecikmərik.

Əli razılaşır, ikisi də qaça-qaça məktəbə gedirlər. Yolun yarısında Əlinin ayağı balaca bir kötüyə ilişir və o, yıxılır. Zubeyir bunu görüb çox narahat olur:

* Əli, sənə bir şey olmadı ki?

Əli qalxıb üstünü təmizləyərək cavab verir:

* Şükür Allaha ki, mən salamatam.

Zubeyir:

* Onda durma, tələs, yoxsa dərsə gecikərik.

Əli:

* Dayan, əvvəlcə biz gərək bu kötüyü çıxardaq, burda qalsa başqalarını da yıxa bilər.

Zubeyir:

* Sən nə danışırsan? Dərsin başlanmasına bir neçə dəqiqə qalıb. Biz yubansaq, müəllim bizi danlayacaq.

Əli:

* İstəyirsən sən get, amma mən bu kötüyü çıxarmamış heç yerə getməyəcəm.

Zubeyir:

* Onda mən gedirəm, müəllimə sənin nə üçün gecikdiyini deyərəm. Məktəbdə görüşərik.

Əli:

* Yaxşı.

Zubeyr gedən kimi Əli kötüyü çıxartmağa cəhd göstərir. Bir neçə dəfə kötüyü dartır, ancaq nə qədər əlləşirsə də, kötüyü çıxara bilmir.

Zubeyr isə artıq məktəbə çatmışdı. Pilləkənlərlə ikinci mərtəbəyə qalxıb sinfə daxil olur. Öz yerində əyləşən kimi dərsin başlamasına işarə edən zəng çalınır. Zubeyir öz-özünə fikirləşir:

* Yaxşı ki, mən də Əli ilə qalmadım, yoxsa dərsə yubanacaqdım. Müəllim isə buna görə məni danlayacaqdı.

Müəllim sinfə daxil olub uşaqlarla salamlaşır. Jurnalı açır, uşaqların siyahısına nəzər salandan sonra Əlini səsləyib lövhənin qarşısına çağırır. Bu zaman Zubeyr əlini qaldırıb Əlinin nəyə görə dərsə yubandığını müəllimə danışır.

Əli isə bu vaxt kötüyü yerindən oynatmışdı, ancaq kötük yenə də çıxmaq bilmirdi. Əli bir anlığa ətrafına nəzər salır, bu zaman onun gözünə bir ağac dəyir. O, ağacı yandan kötüyün altına salıb ağırlığını bu ağaca salır. Beləliklə, kötüyü torpaqdan çıxardır. Onu bir kənar yerə tullayıb məktəbə tələsir.

Sinfə çatdıqda artıq on beş dəqiqə olardı ki, dərsin vaxtından keçirdi. Əli müəllimin onu danlayacağından çox narahat idi. Çətinliklə də olsa, qapını döyüb sinfə daxil olmaq üçün icazə istədi. Müəllim icazə verdi. İçəri girəndə Zubeyri lövhənin yanında durmuş gördü. O, ev tapşırığını danışıb qurtarmışdı. Əli çox həyəcan keçirirdi. Bunu görən müəllim gülümsəyərək Əlidən soruşdu:

* Kötüyü çıxara bildinmi?

Əli utandığından başını aşağı salıb heç nə demədi.

Müəllim ayağa qalxaraq üzünü şagirdlərə tutub soruşdu:

* Kim deyər, bunlardan hansı daha doğru hərəkət edib?

Şagirdlərdən biri əlini qaldırıb:

* Zubeyr düz edib, o, dərsi hər şeydən üstün tutub və dərsə vaxtında çatıb. O, daha məsuliyyətlidir.

O biri şagird dedi:

* Məncə, Əli düz edib. Bəlkə, o yoldan başqa bir nəfər keçəsi idi, onda o, yıxılıb yaralana bilərdi. Əsl məsuliyyətli olan Əlidir.

Sinif uşaqları fikir ayrılığına görə iki yerə bölündü. Bir dəstə Zubeyrin, digər dəstə isə Əlinin düz hərəkət etdiyini deyirdi. Müəllim sinfi sakitləşdirib şagirdlərə dedi:

* Düzdür, Zubeyrin dərsə bu qədər əhəmiyyət verməsi çox gözəldir. O, dərsin məsuliyyətini başa düşdüyünə görə dərsə tələsib və buna görə onu heç kim qınaya bilməz. O ki, o yoldan kiminsə keçəcəyini yəqin bilmirdi. Belə olan halda, kötüyü çıxartmaq onun boynuna vacib olmur, amma dərsə vaxtında çatmalı idi. Zubeyir belə də edib. O, öz dərsinə necə məsuliyyətlə yanaşdığını göstərdi. Amma Əli dərsə yubanacağına, müəllimi tərəfindən danlanacağına baxmayaraq, kötüyü çıxarmaq qərarına gəlir. Bir nəfərin yoldan keçib yıxılacağı ehtimal olsa belə, Əli bu ehtimala görə çox böyük məsuliyyət hissi keçirib. Əgər Zubeyir özünün danlanacağına, dərsə yubanacağına görə narahat idisə, Əli başqalarının buradan keçərkən yıxılıb yaralanacağına görə narahat idi. Bunun müqabilində hətta dərsə yubanmağı belə gözə almışdı. Elə buna görə də Əlinin əməli daha üstündür. Mən istəyirəm ki, Əlinin başına gələn bu hadisədən hamınız ibrət götürəsiniz və gələcəkdə dərsinizə, işinizə baxmayaraq, tutduğunuz vəzifədən, rütbədən asılı olmayaraq insanlığı, başqalarını özünüzdən əvvəl fikirləşməyi həmişə üstün tutasız. Əli bu gün bizə çox gözəl bir dərs verdi.