1. əl-Fatihə
"Kitabı açan" surəsi, 7 ayə,
Məkkədə nazil olu

1
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
2
Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
3
(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
4
Haqq-hesab (qiyamət) gününün sahibinə!
5
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
6
Bizi doğru (düz) yola yönəlt!
7
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

2. əl-Bəqərə
"İnək" surəsi, 286 ayə,
Mədinədə nazil olub.

1
Əlif, Lam, Mim.
2
Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.
3
O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
4
O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,
5
Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.
6
(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
7
Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!
8
İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər.
9
Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.
10
Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!
11
Onlara : “Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.
12
Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
13
Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.
14
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.
15
(Belə əməllərin müqabilində) Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).
16
Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar.
17
Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.
18
Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.
19
Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).
20
İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.