5 sonuçtan 1 ile 5 arası

əl-Fatihə (Kitabı açan) surəsi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    əl-Fatihə (Kitabı açan) surəsi

    Mərhəmətli , rəhmli Allahın adı ilə!


    Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,


    (Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,


    Haqq-hesab (qiyamət) gününün sahibinə!


    Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!


    Bizi doğru (düz) yola yönəlt!


    Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    əl-Bəqərə (İnək) surəsi

    Əlif, Lam, Mim.


    Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.


    O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.


    O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar,


    Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.


    (Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.


    Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!


    İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər.


    Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.


    Onlar ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!


    Onlara : “Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, -deyə cavab verirlər.


    Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.


    Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.


    Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.


    (Belə əməllərin müqabilində) Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar).


    Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar.


    Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər.


    Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər.


    Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edəndir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər).


    İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.


    Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)


    O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!


    Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!


    Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!


    (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir”, -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar.


    Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.


    O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!


    Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.


    Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!


    (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.


    (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (isimlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!”- dedi.


    Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.


    (Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu.


    (Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.


    (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.


    (Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, -dedik.


    (Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.


    Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”.


    Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.


    Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!


    Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!


    Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!


    (Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!


    Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?


    (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.


    Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.


    Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və sizi (vaxtilə əcdadınızı) bütün aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!


    Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!


    (Ey İsrail oğulları! Yadınıza gətirin o vaxtı ki) Firon əhli sizə (babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda (sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.


    (Yadınıza salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik.


    (Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz).


    Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.


    (Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.


    O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.


    (Və yadınıza salın ki) siz: “Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”,- dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu.


    Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.


    (Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular.


    Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, -demişdik.


    (Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla” mənasında işlədilən “hittə” sözünə gülərək onu “buğda” mənasında olan “hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.


    Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik).


    Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.


    İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.


    (Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz: ) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” - (deyə əmr etmişdik).


    Bundan sonra siz (əhdinizdən) döndünüz (əvvəlcə əməl etdiyiniz Tövrata sonra əməl etmədiniz). Əgər sizə Allahın yazığı və rəhmi gəlməsəydi (tövbə etmək üçün möhlət verilməsəydi), əlbəttə, (böyük) zərər çəkənlərdən olardınız.


    Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik.


    Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.


    Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.


    Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi.


    Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi.


    Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”.


    (Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.


    Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır!


    Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz möcüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.


    Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!


    (Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.


    (Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”,- deyirlər. Xəlvətdə olduqları vaxtda isə biri digərinə: “Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?” – söyləyirlər.


    Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!


    Onların (yəhudilərdən) bəziləri də avamdırlar (bisavaddırlar), kitabı (Tövratı) bilməzlər. Uyduqları yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.


    Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!


    Onlar (yəhudilər): “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. (Ya Rəsulum!) Onlara söylə: “Siz Allahdan belə bir vəd almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”


    Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.


    İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.


    Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.


    Xatırlayın ki, yenə bir zaman sizinlə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid olub (onu) təsdiq etdiniz.


    (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.


    Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar.


    (Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-əzəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi).


    (Yəhudilər Quranı anlamaq və qəbul etmək barəsində) dedilər: “Bizim qəlblərimiz örtülüdür (pərdəlidir)”. (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə görə lənət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları kimi) iman gətirər.


    Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün (“Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!” - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!


    Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!


    Onlara: “Allahın nazil etdiklərinə (İncilə və Qurana) inanın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə (Tövrata) inanırıq”, -deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. Halbuki o (sonra göndərilən Quran) onların əllərində olanı (Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”


    Musa sizə açıq-aydın dəlillər (möcüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.


    Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!”


    (Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. ”Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!” (Çünki Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmağa səbəb olan ölümü mütləq arzulayar).


    (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!


    Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!


    (Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.


    Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.


    (Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər.


    (Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.


    Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.


    (Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!


    Əgər onlar (Qurana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.


    Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gözün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.


    (Ey möminlər!) Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (nemət) sahibidir!


    Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!


    Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!


    (Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.


    (Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!


    Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!


    (Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”


    (Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.


    Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər “, -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!


    Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!


    Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!


    (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!


    Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” –deyər, o da (fövrən) olar.


    (Müşriklərdən olan) cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər (yəhudilər və xaçpərəstlər) də buna bənzər sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.


    (Ya Rəsulum!) Biz səni (möminlərə) haqq ilə (Quranla) müjdə verməyə və (kafirləri) qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.


    (Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.


    Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.


    Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi (əcdadınızı) aləmlər üzərinə (bütün ümmətlərə) üstün etdiyimi xatırlayın!


    Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!


    (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə: ) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.


    (Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik.


    Yadına sal ki, İbrahim ; “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!”- deyə dua etdikdə, O (Allah) : “Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!” – deyə buyurdu.


    Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.


    (İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”


    (Onlar yenə dedilər: ) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.


    (Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.


    Rəbbi İbrahimə : “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!” – deyə cavab vermişdi.


    İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”


    (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər.


    Onlar (İbrahim, Yəqub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.


    (Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” - deyirlər. (Ya Rəsulum!) Sən de: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.


    (Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”


    (Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.


    (Ey möminlər, deyin: ) “(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.


    (Ya Rəsulum! Kitab əhlinə de: ) “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”


    Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.


    Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.


    (Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”.


    (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.


    (Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.


    (Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!


    Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.


    (Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!


    Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!


    (Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.


    (Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.


    Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.


    Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!


    Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur).


    Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.


    Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!


    O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.


    Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!


    (Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.


    Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.


    Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!


    Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!


    Onlar həmişəlik lənət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).


    Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.


    Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.


    İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.


    O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.


    O zaman (bütpərəstlərə) tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”, - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.


    Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir.


    O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.


    Onlara (bütpərəstlərə) : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)


    Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.


    Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!


    O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!


    Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!


    Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər!


    Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.


    Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!


    Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!


    Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz.


    Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.


    (Ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir.


    Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!


    Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!


    (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taq&#60
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Ali-İmran (İmran ailəsi) surəsi

    Əlif, Lam, Mim!


    Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.


    Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.


    Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!


    Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.


    Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!


    (Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.


    Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, nemət) bəxş edənsən!


    Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!


    Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!


    Bunların adəti Firon camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!


    (Ya Rəsulum!) Kafir olanlara de: “Siz (tezliklə) məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!” (Cəhənnəm) necə də pis yerdir!


    (Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.


    Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.


    (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!


    O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər.


    Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır).


    Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.


    Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.


    (Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: “Siz də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!


    (Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!


    O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır.


    Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) dəvət olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə) dönüklük edəndirlər (haqdan üz çevirəndirlər).


    Bu (dönüklük) onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar) aldadıb yoldan çıxartmışdır.


    Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının (tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.


    (Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!


    Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”.


    Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!)


    (Ya Rəsulum!) De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir!


    O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”


    (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”


    Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”


    Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.


    Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!


    (Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!


    Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).


    Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!


    (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”


    (Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.


    (Zəkəriyya: ) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? “ – söylədi. (Allah isə: ) “ (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, - deyə buyurdu.


    (Zəkəriyya: ) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər”, - dedikdə, (Allah: ) “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!” buyurdu.


    (Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.


    Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”


    (Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.


    Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.


    O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”.


    (Məryəm: ) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.


    (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.


    Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.


    Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!


    Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!


    İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!”


    (Həvarilər dedilər: ) “Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!”


    Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).


    O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!


    Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!”


    İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!


    (Ya Rəsulum!) Bunları ayələrdən və hikmətlə dolu olan zikrdən (Qurandan Cəbrail vasitəsilə) sənə söyləyirik.


    Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu.


    (Ya Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!


    (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”


    Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!


    Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır!


    (Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”


    Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?


    Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz!


    İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.


    Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!


    Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.


    Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün (onları) inkar edirsiniz?


    Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?


    Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (möminlər öz dinlərindən) üz döndərsinlər.


    Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” (Ya Rəsulum! Onlara) söylə: “Əlbəttə, doğru yol, Allahın yoludur”. (Yəhudilər öz adamlarına dedilər: ) “Sizə verilən şeyin (Tövratın və bəzi digər nemətlərin) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə (inanmayın)!” (Ya Rəsulum!) De: “Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!”


    (Allah) Öz nemətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!


    Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.


    Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.


    Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!


    (Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.


    Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” - deyər.


    O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr edərmi?!


    (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!


    Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir).


    Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.


    (Ya Rəsulum!) Söylə: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!”


    Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!


    İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!


    Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!


    Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!


    Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!


    İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!


    Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!


    Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!


    Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yəqub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: “Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!”


    Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!


    (Ya Rəsulum!) De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi”


    Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.


    Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!


    De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?”


    De: “Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir”.


    Ey möminlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.


    Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.


    Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!


    Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!


    (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.


    (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.


    Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir.


    Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!


    Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.


    Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır!


    (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır.


    Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.


    Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar.


    Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.


    Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.


    Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!


    Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.


    Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.


    Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.


    Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir.


    Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.


    (Ya Rəsulum!) Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!


    (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!


    (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!


    O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”


    Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.


    Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki,


    O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər.


    (Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.


    Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!


    Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!


    Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!


    Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!


    Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.


    O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.


    O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.


    Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!


    (Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!


    Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.


    (Ühüd müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!


    Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!


    (Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür.


    Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?


    Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız.


    Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.


    Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!


    Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!


    Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır.


    Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!


    Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.


    Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.


    Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!


    (Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!


    Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!


    Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. (Ya Rəsulum!) De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”


    (Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!


    Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya öldürülmüş) qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, - deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!


    Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir.


    Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!


    (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!


    Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!


    Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!


    Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!


    Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.


    Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.


    Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!


    (Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin.


    Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!


    (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”


    Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.


    Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.


    Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.


    Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!


    O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.


    Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.


    Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!


    Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!


    Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!


    Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!


    Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!


    Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!


    “Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: “Dadın atəşin əzabını!” – deyəcəyik.


    Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!


    “Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”


    (Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.


    Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir.


    Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.


    (Ya Rəsulum!) Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!


    (Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!


    Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!


    Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.


    O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!


    Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!


    Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !


    Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”


    Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”


    (Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!


    Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!


    Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.


    Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.


    Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
    Geri dön
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    ən-Nisa (Qadınlar) surəsi

    Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!


    Yetimlərin mallarını (həddi-buluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.


    Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.


    Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!


    Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.


    Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-buluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!


    Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.


    Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!


    Özlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!


    Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.


    Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    (Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayı birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!


    Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!


    Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.


    Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan (möminlərdən) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!


    İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!


    Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!


    Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.


    Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!


    Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.


    Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!


    Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!


    (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış etiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!


    Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.


    Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır.


    Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!


    Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!


    Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.


    Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərindən ütün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.


    Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!


    Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!


    (Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!


    Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!


    O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!


    Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xətrinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!


    Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.


    Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!


    (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?


    O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər!


    Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!


    (Ya Rəsulum!) Məgər sən kitabdan (Tövratdan) bir pay verilmiş olanları (yəhudi alimlərini) görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də (doğru) yoldan azmanızı istəyirlər?


    Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər!


    Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, - deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.


    Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!


    Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.


    (Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!


    Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir!


    (Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər.


    Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!


    Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.


    Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik.


    Onlardan (yəhudilərdən) kimisi ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi kitaba) iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz döndərənlərə) Cəhənnəmin alovlanmış odu kifayət edər!


    Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!


    İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.


    Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!


    Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.


    (Ya Rəsulum!) Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər


    Onlara: “Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.


    Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: “Biz yalnız yaxşılıq etmək və (iddiaçılar arasında) barışıq yaratmaq istədik”, - deyərək Allaha and içəcəklər.


    Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini (yaxşı) bilir. (Ya Rəsulum!) Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!


    Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.


    Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.


    Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım olardı).


    O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik.


    Və onları düz yola yönəldərdik.


    Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!


    Bu mükafat Allah tərəfindəndir. (Hər şeyi) bilən Allah (sizə) kifayət edər!


    Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!


    Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım”, - deyər.


    Əgər Allah tərəfindən sizə bir nemət (qabiliyyət) yetişərsə, o zaman guya aranızda heç bir dostluq yoxmuş kimi: “Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!” (söyləyərlər).


    Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.


    (Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?


    İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!


    (Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”


    Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəsulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!


    (Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.


    Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.


    (Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!” – deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!


    Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.


    Onlara (münafiqlərə bəzi müsəlmanların sadəlövhlüyü üzündən döyüş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (möminlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını təyin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.


    (Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!


    Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir).


    Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.


    Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!


    Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!


    Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!


    Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.


    Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.


    Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!


    Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!


    Zərər çəkmədən (üzrsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.


    (Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir.


    Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!


    Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.


    Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!


    Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!


    Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.


    (Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!


    Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.


    (Kafir) qövmü təqib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    (Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!


    Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!


    Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!


    Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır (Allah onları bilir). Allah onların nələr etdiyini biləndir.


    (Ey xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?


    Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.


    Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!


    Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).


    (Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!


    Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!


    Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.


    Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.


    (Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər.


    Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.


    Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.


    (Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir.


    Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar.


    İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!


    Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!


    Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!


    Yaxşı əməl sahibi olun özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!


    Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.


    (Ya Rəsulum!) Səndən qadınlar barəsində fitva (əsasında hökm çıxarılan şəri məsləhət) istəyirlər. De ki: “Onlar barəsində fitvanı sizə Allah və Kitabdan (Qurandan) sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!


    Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!


    Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!


    Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!


    Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tərif olunmağa) layiqdir.


    Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər.


    Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. (İnsanları məhv edib əvəzində başqa bir məxluq yaradar). Allah buna qadirdir!


    Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!


    Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!


    Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.


    (Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!


    (Ya Rəsulum!) Münafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab var.


    O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!


    Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!


    (Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi? “ deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (möminlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmı? “ – söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!


    Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.


    (Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!


    Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?


    (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!


    Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (etiqadını) təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir!


    Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!


    Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!


    Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!


    Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər -


    Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!


    Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!


    (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” – demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın möcüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq möcüzələr) verdik.


    Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” – dedik. Və onlardan möhkəm əhd aldıq.


    Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Ürəklərimiz pərdəlidir!” - dedikləri ucundan (Allahın lənətinə düçar oldular). Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.


    Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün (lənətə düçar oldular).


    (Onların lənətə düçar olmalarının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.


    Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!


    Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.


    Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə (əvvəlcə) özlərinə halal edilmiş gözəl (təmiz, halal) nemətləri onlara haram etdik.


    Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!


    Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!


    (Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.


    (Biz) peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.


    Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!


    Lakin (Ya Rəsulum!) Allah sənə nazil etdiyi (Quran) ilə şəhadət verir ki, onu (Quranı) Öz elmi ilə (Özünə xas olan elm və hikmətlə) nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!


    (Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar.


    Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!


    Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox asandır!


    Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla (Quranı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!


    İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!


    (Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!


    Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik.


    Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.


    (Ya Rəsulum!) Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fitva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir ba
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    əl-Maidə (Süfrə) surəsi

    Ey iman gətirənlər! Əhdlərə sadiq olun. Ehramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!


    Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!


    Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!


    (Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!


    Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!


    Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun). Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!


    Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik”, - dediyiniz zaman sizinlə bağladığı əhdi unutmayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah ürəklərdə olanları (qəlblərin sirrini) biləndir!


    Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!


    Allah iman gətirib yaxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini vəd buyurmuşdur!


    Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər!


    Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Möminlər yalnız Allaha təvəkkül etsinlər!


    Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!”


    Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bəzi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!


    “Biz xaçpərəstik”, - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!


    Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi.


    Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!


    “Allah Məryəm oğlu Məsihdir”, - deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: “Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!


    Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik”. (Onlara) de: “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!


    Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir (Cənnətlə) müjdə verən, nə də bir (cəhənnəm əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz (Muhəmməd) gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!


    Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən (bəşər övladından) heç birinə vermədiyini sizə verdi.


    Ey camaatım! Allahın sizin üçün əzəldən (vətən) müəyyən etdiyi müqəddəs torpağa (Beytülmüqəddəs və ya Şama) daxil olun, geri dönməyin (düşməndən qorxub qaçmayın və ya dininizdən dönməyin), yoxsa zərər çəkmiş halda geri dönərsiniz.


    Onlar dedilər: “Ya Musa, orada nəhəng (qüvvətli) adamlar (Ad qövmünə mənsub Əmaliqə tayfası) vardır. Onlar oradan çıxmayınca bir ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”.


    (Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”


    (İsrail oğulları) dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.


    (Musa) dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma (Haruna) gücüm çatar (sözüm keçər). Sən bizi bu günahkar və azğın camaatdan ayır!”


    (Allah Musaya) buyurdu: “Artıq ora (müqəddəs torpaq) qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə (Tih səhrasında) sərgərdan gəzib dolaşacaqlar. O günahkar (və azğın) camaatın halına acıma!”


    (Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!


    Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.


    Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!”


    Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.


    Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu.


    Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan (bu möcüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.


    Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.


    Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!


    Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!


    Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!


    Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır!


    Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!


    Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!


    (Ey insan!) Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!


    Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!


    Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!


    İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim təyin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? Onlar iman gətirmiş (mömin) kimsələr deyildirlər.


    Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!


    Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!


    Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.


    İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.


    (Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!


    O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!


    Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!


    Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!


    Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq”, - deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.


    İman gətirənlər isə deyəcəklər: “Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır?” Onların (bütün) əməlləri puça çıxdı və (axirətdə) zərərçəkənlərdən oldular.


    Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!


    Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.


    Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).


    Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!


    Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.


    (Ya Rəsulum!) De: “Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!


    De: “Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!


    (Münafiqlər) sizin yanınıza gəldikləri zaman: “Biz iman gətirdik!” - deyirlər. Halbuki onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir!


    Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!


    Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!


    Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!


    Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qurana) iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (neməti bol olan) Nəim cənnətlərinə daxil edərik.


    Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qurana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin nemətlərindən) yeyərdilər. Onlar arasında mötədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!


    Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!


    De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!


    Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!


    Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.


    Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular. (Haqqı görməkdən və eşitməkdən aciz qaldılar). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə (haqqı) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!


    Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” – deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”


    “Allah üçün (üç ilahinin) üçüncüsüdür!” – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır).


    Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir!


    Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onlardan hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.


    De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz? Halbuki Allah (hər şeyi) eşidəndir, biləndir!”


    De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!”


    İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.


    Onlar etdikləri pis əməldən əl çəkmirdilər (və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər). Onların gördükləri iş necə də pis idi!


    Onların (kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!


    Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!


    (Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir.


    Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (belə) deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!


    Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə (Cənnətə) daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!


    Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!


    Kafir olub ayələrimizi yalan hesab edənlər isə cəhənnəmlikdirlər!


    Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!


    Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun!


    Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!


    Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!


    Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?


    Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).


    İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!


    Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ehramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!


    Ey iman gətirənlər! Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!


    Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ehramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!


    Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!


    Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir!


    Peyğəmbərin üzərinə düşən vəzifəsi ancaq (Allahın əmrlərini insanlara) təbliğ etməkdir. Allah üzə çıxartdıqlarınızı və gizlətdiklərinizi (hamısını) bilir!


    (Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.


    Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə əzab verməkdə tələsən deyildir!)


    Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.


    Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah (sizin üçün müəyyən edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər.


    Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!


    Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!


    Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, - deyə Allaha and içdirin!


    Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa məruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”, - deyə Allaha and içərlər.


    Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!


    Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab verəcəklər.


    (Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”


    Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab vermişdilər.


    Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):” Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi.


    (Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.


    Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”


    Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!”


    (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!


    Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!


    Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)


    Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”


    Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.