Bəzən hər hansı bir problemin həlli hadisəyə "daha fərqli bir dünyagörüşlə baxmaq"dadır.

Həyatda hər insanın özünəməxsus dünyagörüşü var. Uşaqlığından etibarən aldığı təhsil, anasının, atasının şəxsi keyfiyyətləri, yaşadığı hadisələr, sahib olduğu mədəniyyətin əsasları dünyagörüşünə istiqamət verir. İnsanların hadisələri qəbul etməsində sahib olduqları bu dünyagörüşünün əhəmiyyəti o qədər böyükdür ki, bəzən iki insan eyni hadisəni müxtəlif cür qəbul edir. Məsələn, bəzən insan içindən çıxa bilmədiyi bir hadisə ilə qarşılaşdıqda və ya çox çətin bir vəziyyətə düşdükdə, böyük bir problemlə qarşı-qarşıya olduğunu zənn edir. Amma əslində ortada zənn etdiyi kimi bir problem yoxdur. Bəzən isə çox böyük zənn etdikləri bu problemin həlli, əslində adamın hadisəyə baxış tərzini dəyişdirməsindədir. İnsan yalnız baxış tərzini dəyişdirərək hadisələri fərqli şəkildə qəbul etmək imkanı əldə edir.

Belə ki, bir insanın küçənin ortasında dayanıb ətrafına baxdıqda gördükləri ilə başqa insanın həmin küçədə yerləşən bir göydələndən baxaraq gördükləri necə fərqlidirsə, eyni adamın bir hadisəyə baxış tərzi də eyni şəkildə fərqlidir.

Fərqli baxış tərzlərinin təsirini iki adam arasında bir problem olduğu zaman bu şəxslərin hər birinin hadisələri fərqli şəkildə nəql etməsində də görmək olar. Hər iki tərəfin şahidi olduğu vəziyyət, bəhanələri, haqlı olduqları məqamlar, səhv qəbul etdikləri qismlər, ön mühakimələri və ümidləri o hadisəyə olan münasibətlərinə təsir edir. Nəticədə isə iki fərqli baxış tərzi ortaya çıxır.

Beləliklə, insanın bütün hadisələrə bunu nəzərə alaraq yaxınlaşması çox əhəmiyyətlidir. Çünki insan bəzən sırf baxış tərzi içərisində olduğu üçün bir çox problemi həll edə bilmir. Halbuki sadəcə baxış tərzini dəyişdirməklə bir çox mövzuda uğur əldə edə bilər.

Bu, həm insanın qarşılaşdığı hadisələrdə daha doğru qərar verməsinə və daha doğru davranmasına, insanlarla münasibətində qarşı tərəfi daha yaxşı anlaya bilməsinə, öz qüsurlarını daha yaxşı görüb, problemlərinə konkret çarə gətirə bilməsinə vəsilə ola bilən bir məlumatdır.

Məsələn, bir insan qarşısındakı insanı fərqli baxış tərzi ilə qiymətləndirdiyi üçün onun bütün sözlərini və davranışlarını səhv anlaya bilər. Qarşı tərəfin yaxşı hərəkətini tamamilə əksinə və çox fərqli şəkildə izah edə bilər. Ya da o adamın adi və təbii davranışlarında qərəzli olduğunu zənn edərək bunlardan fərqli nəticələr çıxara bilər. Eyni şəkildə, baxış tərzinin təsiri ilə adi bir insanı sahib olduğundan daha üstün əxlaq və xarakterli bir insan zənn edə bilər. Bu adamın davranışlarına həmişə hüsnü-zənn (hüsnü-zənn etmək - gözəl düşünmək) ilə yaxınlaşdığı üçün onun əsl niyyətini, məqsədini və ya da qüsurlarını görməyə bilər.

İnsan bu tərz ehtimallara qarşı ‘hadislərə baxış tərzini yalnız Qurana görə formalaşdırmalı' və buna özündən heç bir məntiq əlavə etməməlidir.

Allah Quranda insanlara kimə, hansı vəziyyətdə, hansı səbəblərlə və hansı hadisələrdə nə cür baxış tərzi ilə yaxınlaşmalarının lazım olduğunu bildirmişdir. Bu, insan üçün çox qəti və sarsılmaz bir ölçü olmalıdır. Məsələn, insan iman edən, bütün davranış və səmimiyyətilə Quran əxlaqını yaşayan, heç bir halda bu xüsusiyyətlərindən kənara çıxmayan, etibarlı bir Müsəlmana hüsnü-zənnə əsaslanan, olduqca müsbət bir baxış tərzi ilə yanaşmalıdır. Bu adamın səhv kimi görünən davranışları və ya sözləri olsa da, bunlara xeyir və hikmət gözü ilə baxmalı, xeyirə yozmalı, mövzunu o şəxsin lehinə qiymətləndirməlidir. İki mömin arasında müəyyən bir problem yaranarsa, bu vəziyyətdə məhz öz baxış tərzində səhv ola biləcəyinə ehtimal verib bu baxış tərzini dəyişdirməyi sınamalıdır. Çünki tamamilə Qurana görə hərəkət edən iki insanın aralarındakı hər hansı bir mövzunu həll etməsi son dərəcə asan olmalıdır. Buna görə də əgər ortada bir çətinlik varsa, o zaman problem hər iki tərəfin baxış tərzində ola bilər.

Buna əsasən, bəzən insanın öz həyatına, yaşadıqlarına və hadisələrin mövcud inkişafına istiqamətlənmiş baxış tərzinin səhv olması da, o adamın çox böyük bir problemlə qarşı-qarşıya olduğunu zənn etməsinə və lazımsız yerə çətinlik çəkməsinə səbəb ola bilər. Quran əxlaqına uyğun olmayan bəzi cahil məntiqlə hərəkət etdiyi üçün hadisələr haqqında səhv ehtimallar edə bilər. Bu səbəbdən hər hansı bir Müsəlman əgər öz daxilində çətin bir mövzu ilə qarşı-qarşıyadırsa, bu vəziyyətdə də hadisələrə səhv bir baxış tərzinin ola biləcəyindən şübhələnməli və mövzuya başqa prizmadan yaxınlaşmağı sınamalıdır.

Hər hansı bir mömin yaşadığı bütün hadisələrə Quranın tələb etdiyi əxlaqla yanaşıb hər şeyi Quranı ölçü götürərək dəyərləndirdiyi müddət ərzində Allahın izni və köməyi ilə qarşısına çıxan problem adlandırılan hər şeyi həll edə biləcək.

Quranda bu həqiqət insanlara belə xəbər verilmişdir:

Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır. (Ənbiya surəsi, 106)

... Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. (Talaq surəsi, 2)

... Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər. (Talaq surəsi, 4)
(məqalə harun yahya)