Mömin həyatının sonuna qədər, hər an, hər mövzuda dayanmadan cəhd etməklə mükəlləfdir. “Onsuz da bu məsələni həll etdim” deyib, bir saat belə bu cəhdindən əl çəkməz…



İnsanın dünya həyatındakı imtahanının əsas cəhətlərindən biri də hər işdə həyatının sonuna qədər dayanmadan cəhd etməsidir.

Əsl Müsəlman olmağın əsas əlamətlərindən biri də insanın hansı şərtlərlə qarşı-qarşıya gəlirsə-gəlsin həyatının sonuna qədər Quran əxlaqını yaşamaqdan əl çəkməməsidir. Şeytan həyatı boyu insana vəsvəsə verəcək, buna görə də insan həyatının sonuna qədər şeytanın vəsvəsələrinə Quran əxlaqı ilə cavab verməlidir. Nəfsi həyatı boyu insanı pislik etməyə təşviq edəcək, insan isə nəfsinə tabe olmamalı, Allahın əmr etdiyi kimi yaxşılıq etməyə çalışmalıdır. Ətrafındakı zəif imanlı insanlar hər zaman onun imanında zəiflik göstərməsini istəyəcək, o isə həyatının sonuna qədər sevgi ilə, şövqlə Allaha ibadət etməkdə qətiyyət göstərməlidir. Çətinlik, sıxıntı, imtahan həyatının sonuna qədər bir-birinin ardınca gələcək, mömin də bütün bunlara qarşı hər gün, hər an, imanı ilə qətiyyətli olmağa davam etməlidir.

Deməli, insanın sadəcə bir gün, iki gün, bir həftə, bir ay, ya da bir neçə il mübarizə aparıb, sonra istirahət etməsi dünya həyatında mümkün deyil. İnsan hər yuxudan oyandığı və şüuru açıldığı andan etibarən hər gün özündən əmin olduğu mövzularda belə sıfırdan başlayırmış kimi cəhd etməklə mükəlləfdir.

Bir şəxs ətrafındakı insanların yanında gözəl əxlaqlı, ən fədakar, ən zəhmətkeş, ən sadiq, ən mərhəmətli və ən imanlı biri kimi tanına bilər. Buna baxmayaraq, o yenə də rahat olmaz. Əksinə, bir insanın Allah qorxusu və imanı nə qədər güclüdürsə, o insan hər gün, hər saat daha çox cəhd edəcək. Çünki davranışları, əxlaqı nə qədər yaxşı olursa-olsun, axirətin, Allahın sonsuz cəhənnəm əzabının mütləq olacağını bilir və bu onun həmişə şüurunun açıq olmasına səbəb olur.

İnsan günün 23 saatını vicdanının səsini dinləyə bilər. Amma heç vaxt “Bir az da vicdanımın səsini kənara qoyum, bir az istirahət edim, necə olsa da günün böyük hissəsini gözəl əxlaq göstərərək, mübarizə apararaq keçirmişəm” deməz. Əlindən gəldiyi qədər ən gözəl əxlaqı yaşamağa cəhd edər.

Bunlar ciddi əmək, ağıl, diqqət və vicdanın səsinə qulaq vermək kimi böyük səy tələb edən, çox gözəl və möhkəm xarakterin, əxlaqın tələbləridir. Ancaq buna nail olmaq mömin üçün yorucu və çətin bir şey deyildir. Mömin olmaq imanın nəsib etdiyi Allah sevgisi və qorxusu ilə mümkündür. Allah yolunda etdiyi hər bir şey onu çox şövqləndirir və daha da güclü edir.

Çünki bu enerji Allah sevgisindən qaynaqlanır. Bu möminin Allaha olan bağlılığını, sevgisini göstərən və Allahın sonsuz gözəl əxlaqına layiq olmaq arzusundan qaynaqlanan, ürəkdən gələn, səmimiyyətlə istəyərək, şövqlə edilən bir cəhddir.

Quranda, möminlərin Allah sevgilərindən qaynaqlanan bu daimi cəhdlərinin tərifəlayiq bir əxlaq olduğu belə bildirilmişdir:

Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir! (Kəhf surəsi, 46)
(məqalə harun yahya)