Hər işdə Allahın rizasının ən çoxunu qazanmaq



Qarşılaşdığı hər hadisədə ixlaslı rəftarı göstərmək istəyən bir insan hər işində "Allahın rizasının ən çoxu"nu axtarmalıdır. Allahın bu əmri “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.” (Maidə surəsi, 48) ayəsində keçən "yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın" sözlərilə insanlara xatırladılmışdır. Bir başqa ayədə isə bu şəkildə buyurulmuşdur:

Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatir surəsi, 32)

Ayədə də bildirildiyi kimi, Allaha iman etdikləri halda “orta bir yol tutan” insanlar da vardır, “yaxşı işlərdə önə keçənlər” də. İxlas sahibi olan bir Müsəlman yaxşı işlərdə yarışır. Həyatının hər anında Allahın razı qalacağı rəftarları göstərmək üçün ciddi bir səy göstərir, əlindəki bütün imkanları istifadə edərək saleh qullardan olmağa çalışır.

Dini yaşamaqda orta yolu tutanlar və yaxşı işlərdə yarışıb önə keçənlər arasındakı fərqi bu şəkildə açıqlaya bilərik: insan həyatı boyunca bir çox hadisələrlə qarşılaşır. Həyatına necə bir istiqamət verəcəyi, hadisələr qarşısında necə vəziyyət alacağı, hansı əxlaqı göstərəcəyi mövzusunda hər zaman müxtəlif variantlarla qarşı-qarşıya gəlir. Seçki isə tamamilə öz vicdanından asılıdır. Bu variantlar arasında hər zaman Allahın rizasına uyğun olmayan alternativlər, yəni seçilə biləcək bir başqa yol, üsul, variant da vardır. İman edən bir insanın diqqəti bu dindənkənar variantlara qarşı son dərəcə açıqdır. Bu səbəbdən də bu ehtimalları qeyd-şərtsiz rədd edər və Allahın rizasına uyğun olan rəftarı seçər. Bu məqamda əhəmiyyətli olan isə budur: variantlar hələ sona çatmamışdır. Hələ də qarşısında alternativlər, başqa yollar vardır. Və bunların hamısı da, Quran əxlaqına uyğun rəftarlar ola bilər. Ancaq yenə də bu vəziyyət insanı aldatmamalıdır. Adamın bu mərhələdə vicdanını və diqqətini bir daha cəmləyib Allahın rizasını güdərək bir seçim etməsi lazımdır. Əgər insan özünə “orta bir yolu deyil” , “yarışıb önə keçənlərdən” olmağı seçmisdirsə, o vaxt hansı qərarı versə, Allahın ən çox razı olacağını asanlıqla anlayar. Bu səbəbdən, qarşısına çıxan bütün bu alternativ yollar arasından Allahın ən çox razı qalacağı, bu səbəbdən özünün də ən çox əcri, yəni savabı qazanıb, Allaha yaxınlaşmaq üçün ən çox yolu qət edə biləcəyini ümid etdiyi rəftarı seçər. Bu seçimin digərlərindən fərqi isə nəfsin heç bir şəkildə qarışmaması və tam olaraq Allahın rizasını hədəfləməsidir. Və bu vicdanı, diqqətli davranışı da ona ixlası qazandırar. Quranda iman edənlər arasında yarışıb önə keçən saleh qullardan bu sözlərlə bəhs edilmişdir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. (Ali-İmran surəsi, 113-114)

İnsanın qarşısında minlərlə alternativ olduğunda belə, bütün bunlar arasından Allahın ən razı qalacağı variantı görə bilməsi son dərəcə asandır. Allaha yaxınlaşma axtarışı içərisində olan və hadisələrə iman gözü ilə baxan bir insan üçün bu alternativ yanıb-sönən bir işıq qədər dəqiq və diqqətə çarpandır. Məsələn, insan gününü necə keçirəcəyi mövzusunda Allahın rizasının ən çoxuna görə bir seçim etməsi lazım olduğunda qarşısında bir çox alternativ olduğunu görər. Bütün gününü evdə oturub idman edərək və televizoru izləyərək keçirə bilər. İdman etməyin sağlamlığını qorumaq üçün əhəmiyyətli olduğunu, televizor izləməyin də mədəniyyətini artıracağını söyləyərək bunlarda Allah rizasını gördüyünü söyləyə bilər. Amma dünyada dinsiz cərəyanların üstünlük təşkil etdiyi bir dövrdə İslam torpaqlarında əziyyət çəkən qadınlar, yaşlılar və uşaqlar "Rəbbimiz Allahdır" dedikləri üçün öldürülərkən, müharibələr, qarşıdurmalar və əxlaqsızlıq bu dərəcədə artmışkən, iman edən bir insanın bütün gününü idmana və televiziyaya ayırması vicdanlı bir rəftar olmaz.

Bunun yerinə Quran əxlaqının mükəmməlliyini digər insanlara izah edib, onların da axirətlərinə vəsilə olmağa çalışması heç şübhəsiz, digərindən daha xeyirli bir davranış olacaq. Çünki bu “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.” (Ali-İmran surəsi, 104)” ayəsi ilə də bildirilmiş, hər müsəlmanın boynuna götürməsi lazım olan bir məsuliyyətdir. Bu istiqamətə yönəldiyi təqdirdə öz axirəti üçün ibadət və saleh bir əməl etmiş olar. Bununla bərabər, ayənin hökmünü yerinə yetirib, din əxlaqını təbliğ etdiyi və başqalarının da hidayətlərinə vəsilə olduğu üçün əcri qazanmış olacaq. Bu davranışın adama Allahın rizasını daha çox qazandıra biləcəyi isə son dərəcə açıqdır. Allah bu vəziyyətə Quranda belə bir nümunə vermişdir:

Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz. İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. (Tövbə surəsi, 19-20)

Ayələrdən də aydın olduğu kimi hacılara su vermək, ya da Məscidülhəramı təmir etmək də Allahın rizasına uyğun olan xeyirli davranışlardır. Ancaq imkanları olduğu halda, ibadətlərini bu davranışlarla məhdudlaşdıranların özlərini aldatmamaları və etdiklərinin yetərli olduğunu görməmələri son dərəcə əhəmiyyətlidir. Çünki müqayisə edildiyində bunların Allah yolunda malı və canı ilə mübarizə edən bir insanın davranışları ilə bir olmadığı görünər. İnsanın daha da gözəlini, daha da xeyirlisini, ya da təqvaya, Quran əxlaqına daha uyğun olduğunu bildiyi bir rəftar varkən, bundan daha azını seçməsi ixlasa uyğun bir davranış olmaz. Çünki vicdanını tam olaraq istifadə etməməsi, bir az da olsa nəfsinə pay ayırması, öz rahatlığından və öz mənfəətlərindən vaz keçə bilməməsi mənasını verər. Halbuki Qurana uyğun olan rəftar nə qədər nəfsinə ağır, nə qədər çətin gələn iş olsa da və nə qədər fədakarlıq tələb etsə də, hər zaman Allahın rizasını qazana bilməsi üçün nəfsani mənfəətlərindən üstün tutmasıdır. Bu şüur möminə ixlası, bir-birinin ardınca gələn saleh əməlləri səbəbindən də, Allahın razılığını, rəhmətini və cənnətini qazandırar.
(məqalə harun yahya)