Nuh Tufanı Haqqında Spekyulasiyalar



Quranda diqqət çəkilən Nuh Tufanı inkar edənlərin başa düşə bilmədiyi və rədd etdikləri mövzulardan biridir. Nuh Tufanının varlığını inkar edənlər bu iddialarına dəlil olaraq dünya miqyasında tufanın reallaşmasının texniki olaraq qeyri-mümkün olduğunu söyləyirlər. Bunu nəzərə alaraq belə bir hadisəni təsdiqləyən Quranın Allah sözü olmadığını iddia edirlər.

Halbuki bu iddia Allahın endirdiyi və təhrif edilməmiş yeganə müqəddəs kitab olan Quran-i Kərimlə üst-üstə düşmür. Çünki Quranda təsvir edilən Tufan hadisəsi Tövratda və müxtəlif mədəniyyətlərdə rast gəlinən Tufan izahatlarından çox fərqlidir.

Təhrif edilmiş Tövratda bu tufanın bütün dünyanı əhatə etdiyi yazılır. Halbuki Quranda Tufanın bütün dünyanı əhatə etməsi ilə bağlı ifadə yoxdur. Əksinə mövzu ilə bağlı ayələrdən Tufanın lokal olduğu, bütün dünyanı əhatə etmədiyi və ancaq Hz. Nuhu yalanlayan qövmün cəzalandırıldığı aydın olur.Eynilə Ad qövmünə göndərilən Hz. Hud (Hud Surəsi, 50) və ya Səmud Qövmünə göndərilən Hz. Saleh (Hud Surəsi, 61) və digər Peyğəmbərlər kimi Hz. Nuh da ancaq öz qövmünə göndərilmişdir və Tufan da Hz. Nuhun qövmünü məhv etmişdir:

Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”(Hud Surəsi, 25-26)

Həlak olanlar Hz. Nuhun təbliğini saymayan və üsyanda dirənən qövmdü. Bu mövzu ilə bağlı ayələr heç bir mübahisəyə səbəb olmayacaq qədər açıqdır:

Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir camaat idilər. (Əraf Surəsi, 64)

Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edənlərin isə kökünü kəsdik. Onlar iman gətirən deyildilər. (Əraf Surəsi, 72)

Görüldüyü kimi Quranda bütün dünyanın deyil, yalnız Nuh qövmünün həlak edildiyi bildirilir. Ayələrin bu qədər açıq və anlaşılan olduğuna baxmayaraq, Quranda da Nuh Tufanının qlobal şəkildə təsvir edildiyini iddia etmək cahil insanları aldatmaq, onların fikirlərini qarışdırmaq cəhdlərindən başqa bir şey deyil.



Təhrif olunmuş və insanlar tərəfindən bir çox hekayə və əfsanə əlavə edilmiş Tövrat və İncildəki məntiqsizliklərin, xurafatların heç birinin Quranda olmaması, hətta bunların düzəldilmiş gerçək vəziyyətlərinin izah edilməsi də Quranın tamamilə Allah qatından göndərilən Kitab olduğunu sübut edir.

Quranda Tufandan qlobal hadisə olaraq bəhs edilməsi başqa tərəflərdən də mümkün deyil. Çünki Allah hər hansı bir qövmə elçi göndərilmədikcə, o qövmün həlak edilməyəcəyini söyləyir. Qövmün həlakı üçün ona xəbərdaredici-qorxuducu elçi gəlməsi və bu peyğəmbərin yalanlanması lazımdır. Qəsəs Surəsində belə deyilir:

“Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!” (Qəsəs Surəsi, 59)

Başqa bir ayədə də “Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (İsra Surəsi, 15) buyurulur.

Ayələrdən aydın olduğu kimi xəbərdaredici elçi göndərilməyən bir qövmün həlak edilməsi Allahın qanununa zidddir. Hz. Nuh isə yalnız öz qövmünə göndərilmişdir. Buna görə də Allah xəbərdaredici elçi göndərilməmiş qövmləri deyil, yalnız Hz. Nuhun qövmünü həlak etmişdir.

Tufan haqqındakı bir başqa mübahisə mövzusu isə suların bölgədəki bütün ovalıqları, dağları örtəcək qədər yüksəlib-yüksəlmədiyi ilə bağlıdır. Bilindiyi kimi Quranda gəminin Tufandan sonra “Cudi”yə oturduğu bildirilir. “Cudi” sözü bəzən xüsusi dağ adı olaraq qeyd edilir, halbuki bu söz ərəbcədə “yüksək yer, təpə” mənasını verir.

Bundan əlavə “cudi” sözünün bu mənasından suların ancaq müəyyən bir yüksəkliyə çatdığı, qurunu tamamilə örtmədiyi aydın olur. Qurandan Tufanın təhrif olunmuş Tövratda və digər əfsanələrdə izah edildiyi kimi bütün yer üzünü və yer üzündəki bütün dağları əhatə etmədiyini, yalnız müəyyən bir bölgəni örtməsini öyrənirik.

Eləcə də Tufanın baş verdiyi ehtimal edilən bölgədə aparılan arxeoloji qazıntılar da Tufanın qlobal səviyyədə deyil, Mesopotamiyanın bir hissəsini təsiri altına almış çox geniş fəlakət olduğunu göstərir.
(məqalə harun yahya)