Diqqətli Olmaq



Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu gerçəyi qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq “görmə” qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır bununla görməzlər…”. (Əraf Surəsi, 179) Gözləriylə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti fərq edəcək ağıla və qavrayışa sahib deyildirlər.

Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf etdikcə, mömin qəbul etdiyi bu böyük gerçəkliyi qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır.İmanın bu şəkildə inkişafı üç mərhələyə ayrılır: Elm-əl yəqin, Ayn-əl yəqin, Haqq-əl yəqin.

Bu mərhələləri açıqlamaq üçün istifadə edilən yağış nümunəsi var. Bayırda yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci dərəcədə – yəni elm-əl yəqində, bir insan pəncərələri bağlı olan evdə oturduğu halda bayırdan gələn bir insan ona yağışın yağdığını söyləyər və o da bunun doğruluğuna inanar. İkinci dərəcə ayn-əl yəqin, yəni gözlə qavramaq dərəcəsidir: bu halda həmin insan pəncərənin yanına gedər, pərdəni çəkər və yağışın yağdığını gözləriylə görər. Haqq-əl yəqində isə qapını açar və evdən çıxar; artıq yağışın “içində”dir.

İmanın elm-əl yəqindən ayn-əl yəqinə və daha da irəliləməsi üçün lazım olan feli dualardan biri də diqqətli olmaqdır.



Quranda möminlər, Allahı qavramaq üçün diqqətli olmağa çağırılırlar. Ayələrdə belə buyurulur:

Diqqətli olun; göylərdə və yerdə olanların hamısı Allahındır. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur Surəsi, 64)

Diqqətli olun; həqiqətən onlar, Rəblərinə qovuşacaqlarına şübhə edirlər. Diqqətli olun; həqiqətən O, hər şeyi biləndir. (Fussilət Surəsi, 54)

Allahın ayələrini hər yerdə görə bilmək üçün bu mövzu üzərində düşünmək və bunun üçün zehini öyrətmək lazımdır. Əks halda özbaşına buraxılan zehin idarəsiz şəkildə fəaliyyətə başlayar. Bir neçə saniyə içində mövzudan mövzuya keçib “boş işlər”lə özünü məşğul edər. Bu, bir növ sərxoşluqdur. Belə olduğu təqdirdə həm ətrafında baş verən hadisələrin incəliklərini qavraya bilməz- yəni təfəkkür edə bilməz- həm də bu hadisələrə müdaxilə etmək üçün iradəyə sahib ola bilməz.

Halbuki möminlər Allahın izniylə düşüncələrini istədiyi kimi istiqamətləndirən, ağlını davamlı olaraq Allahı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə edən insanlardır. Bu səbəbdən iman edən birinin ağılına boş düşüncələr gəldikdə bunu dərhal anlayar və Quranda təsvir edildiyi şəkildə zehinini bu boşluqdan xilas edər. “Ağılı təmiz saxlamaq” cəhdinin ən vacib hissəsi isə diqqətdir.
(məqalə harun yahya)