EVLİLİK HƏYATINDA QADINA VERİLƏN DƏYƏR

İnsanların dünyəvi dəyərlər üzərinə qurduqları evliliklər qısa müddətdən sonra darıxdırıcı ola bilər. Evliliklərdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar, hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, mümkünsüz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, bu səbəbdən sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, etibar ya da mövqe kimi dəyərlər də asanlıqla itirilə biləcək xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdiyində artıq qarşısındakı adamı sevə bilmək, ona hörmət edə bilmək üçün özündə heç bir səbəb tapa bilməyəcək.

Sevgini, hörməti və sədaqəti daimi edən, iman, Allah qorxusu və gözəl əxlaqdır. Bir insanı, imanı və əxlaqı üçün sevən adam, evlilik həyatında da qarşısındakı adama qarşı hörmət bəsləyən, sadiq və gözəl əxlaqlı olacaq. Nə gəncliyini, sağlamlığını gözəlliyini itirməsi, nə də zənginlik, etibar kimi xüsusiyyətlərini itirməsi, həmin insanın sevgisinə və qarşı tərəfə verdiyi dəyərə təsir edə bilməyəcək. İmanı və Allah qorxusu səbəbindən heç vaxt qarşı tərəfi narahat edəcək, çətinliyə salacaq şəkildə hərəkət etməyəcək. Quran əxlaqına uyğun olaraq hər şərtdə, şəfqət, mərhəmət, ədalət və xoşgörüşlə yaxınlaşacaq, bunun Allahın özünə yüklədiyi məsuliyyət olduğunun şüuruyla hərəkət edəcək. Allah Quranda evlilikdə qadın və kişinin bir-birlərinə qarşı olan məsuliyyətlərini

"... Onlar, sizin örtüləriniz, siz də onlara örtüsünüz..." (Bəqərə Surəsi, 187)

ayəsiylə bildirməkdədir. Allah bu ayədə insanlara qadın və kişinin ailə həyatında bir-birlərinə qarşı bərabərhüquqlu olduqlarını da xatırladır. Allahın ayədə bildirdiyi 'örtü' ifadəsi, tərəflərin bir-birləri üzərindəki qoruyucu xüsusiyyətləri ortaya qoyur. Bu ayədə, həmçinin qadın və kişinin bir-birlərini tamamlayıcı xüsusiyyətlərinə də diqqət çəkilir.

Allah bir başqa ayədə də

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Rum Surəsi, 21)

ifadəsiylə, evlilikdə 'sevgi və mərhəmət' anlayışlarının əhəmiyyətinə diqqət çəkmişdir. İman edənlər evlilikdə, qarşılıqlı olaraq, bir-birlərini Allahın özlərinə olan bir neməti və əmanəti olaraq görər, bundan ötrü də bir-birlərinə böyük dəyər verərlər. Hər cür çətinlik ya da səhv qarşısında sevgini və mərhəməti əsas götürərək hərəkət edərlər. Qurana uyğun davranışın hər çətinliyin öhdəsindən gəlmələrini təmin edəcəyini və qarşılaşdıqları problemləri həll edəcəyini bilərlər. Bu da Allahın ayədə ifadə etdiyi kimi evliliyin mömin qadın və mömin kişi üçün bir-birlərində 'dinclik və rahatlıq tapmalarını' təmin edən bir nemətə çevrilməsinə səbəb olar.

Allah Quranın, "... bir-birinizlə yaxınlıq etmişdiniz..." (Nisa Surəsi, 21) ayəsiylə, evliliyin təmin etdiyi səmimiyyətə və yaxınlığa da diqqət çəkmişdir. İman edənlərin evlilikdəki bu səmimiyyətlərini, yaxınlıqlarını və bir-birlərinə dəyər vermələrini təmin edən, bu kəslərin axirətdə də sonsuza qədər davam edəcək bərabərliyi məqsəd qoymuş olmalarıdır. Əsl sədaqət bu düşüncəni tələb edir. Aralarında mənfəətlərə əsaslanan keçici sevgi olmadığı və qarşılarına axirətdə sonsuza qədər birlikdə olmağı məqsəd qoyduqları üçün bir-birlərinə qarşı çox sadiq, yaxın və səmimi olurlar.

Göründüyü kimi Quran əxlaqı əsas götürüldüyündən, hər iki tərəfin də Allahdan qorxan, vicdanlı olduqları gözəl bərabərlik yaşanar. Bu cür sədaqət, vəfa, hörmət, sevgi, səmimiyyət, xoşgörüş kimi vacib əxlaq xüsusiyyətlərinin yaşanması nəticəsində evlilikdə davamlılıq və sabitlik olar. Bu xüsusiyyətlərdən məhrum olan insanların evlilikləri isə qısa müddətli olur.

Bu səbəbdən İslam əxlaqında evlilik, qadın üçün böyük bir rahatlıqdır. Sevgini, hörməti, sədaqət və vəfa hislərini ən gözəl şəkildə yaşaya biləcəyi bərabərlikdir. Qarşısındakı insandan həmişə hörmət, sevgi və qayğı görər. Çəkişmə, mənfəət qarşıdurması, üstünlük axtarışı, qürur, yalan kimi pis əxlaq xüsusiyyətlərinin olmaması, qadının evlilikdən Allahın ayədə bildirdiyi kimi, 'dinclik və rahatlıq tapmasını' təmin edər.

Peyğəmbərimiz (səv) öz həyatıyla bu mövzuda bütün möminlər üçün nümunə olmuşdur. Allah,

"And olsun, sizin üçün, Allahı və axirət gününü ümid edənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulunda gözəl nümunə vardır." (Əhzab Surəsi, 21)

ayəsiylə buna diqqət çəkmişdir. Peyğəmbərimiz bir çox sözündə mömin qadınların nə qədər qiymətli varlıqlar olduqlarını ifadə etmişdir. Bu sözlərindən birində

“Dünya keçici bir bər-bəzəkdir .Dünya bər-bəzəyinin ən xeyirlisi isə salehə qadındır”

şəklində buyurmuşdur.

Bir başqa sözündə isə, evlilikdə qadına göstərilməli olan qayğını və verilməli olan dəyəri,

“Ən yetkin imana sahib mömin, xasiyyəti ən gözəl və ailəsinə qarşı ən nəzakətli, lütfkar olandır”

sözləriylə ifadə etmişdir. Bundan başqa Peyğəmbərimizin (səv) göstərdiyi gözəl əxlaq bu sahədə bütün müsəlmanlar üçün gözəl nümunə olmuşdur. Bir hədisdə evlilikdə qadınlara qarşı göstəriləcək gözəl əxlaqın əhəmiyyətini belə xatırlatmışdır:

“Ən xeyirliniz, xanımlarına qarşı ən xeyirli olanınızdır. Mən xanımlarına qarşı sizdən ən yaxşı olanıyam.”

Bundan başqa, Peyğəmbərimiz (səv) Vida Xütbəsində;

"Qadınlar sizə Allahın bir əmanətidir.”

şəklində buyuraraq, qadınlara qarşı necə münasibət göstərilməsini bir daha xatırlatmışdır.

Bütün həyatıyla olduğu kimi ailə həyatıyla da iman edənlər üçün gözəl nümunə olan Peyğəmbərimiz (səv), xanımlarına qarşı daima şəfqət, mərhəmət və gözəlliklə davranmışdır. Hz. Aişə (rə)dan rəvayət edildiyinə görə, Peyğəmbərimiz "Xanımlarına qarşı insanların ən mülayimi, ən təbəssümlü olanı idi. "
(məqalə harun yahya)