Əsl yol insan oğlunun yoludur. Çünki yolların ən dəyərlisidir o.

Yollar var ki, qıvrım-qıvrım, sonsuzluğa, əbədi səadətə uzanır. Yollar da var ki, yolçusunu vəhşətə aparır. Hər insanın qarşısında belə yollar var. Seçim insanındır, öz iradəsi ilə istədiyini seçə bilər.
Əslində hər yolun mənzili aydındır. Yolçu yoluna başlamazdan əvvəl hara getdiyini yaxşı bilir. Çünki yolçu məqsədinə uyğun yolu seçir. Məqsədlər isə fərqlidir, yollar da bu məqsədlər qədərdir...
Yollar var ki, çox genişdir. Sağı da, solu da işıqlıdır. Hər tərəfi yaşıldır. Bu yoldakı “atmosfer” onun apardığı mənzildən xəbər verir. Bu yolun yolçularının simaları, hərəkət və davranışları o qədər xoşdur ki, bu yolun cazibəsinə qapılmamaq qeyri-mümkündür. Çünki bu yolda hər şey təbiidir və insanlığa layiqdir.
Elə yollar da var ki, hər tərəfdən süni gözəlliklərlə əhatələnib. Bu gözəlliklər sabun köpüyü kimidir: üfürməklə onları yox etmək mümkündür. Bu yolların da cazibəsi var. Ancaq bu cazibə nəfsə xoş gəldiyi üçün insanı uçuruma aparır.
Yollar var ki, insanı zirvəyə ucaldır, yollar da var ki, uçuruma aparır...
Dünyada yollar çoxdur. Hər varlıq öz yolunu seçir və onunla mənzil başına can atır. Soxulcan sürünərək gedir, tısbağa çox asta sürətlə irəliləyir, ceyranlar sıçrayaraq qaçırlar, quşlar qanad çırparaq süzürlər...
Dünya öz yolu ilə fırlanır, günəş öz yolu ilə çıxır və batır...
Əsl yol isə insan oğlunun yoludur. Çünki yolların ən dəyərlisidir o. Ən dəyərlisidir, ancaq eyni zamanda ən çətini və ən risklisidir. Bu yolda qazananlar da var, itirənlər də.
Yunusun dediyi kimi:
Bu yol uzaqdır,
Mənzili çoxdur,
Keçidi yoxdur,
Dərin sular var.
Hər dövrdə ulduzlar arasında səyahət edən yolçularla yanaşı, bataqlıqlarda yol axtaranlar da olub...
İnsan oğlunun yolu enişli-yoxuşludur. Bu yolda gedərkən hər an ayağının sürüşmə təhlükəsi var. Ona görə də bu yolçuluq hər an diqqət tələb edir. “Onsuz da bu yol məni gözəlliyə aparır”, - deyib ehtiyatsız davranmaq doğru deyil. Çünki bu yolda insanı müşayiət edən, onun zəif bir nöqtəsini axtaran nəfs və şeytan var. İnsan bu iki düşməninə qarşı iradəsinin gücü ilə həmişə mübarizə aparmalıdır. Çünki yol uzundur, harada qurtaracağı isə insana məlum deyil...
Yolda getmək o vaxt təhlükəsiz olur ki, yola yaxşı bir rəhbərlə çıxasan. O rəhbərin göstərdiyi istiqamət üzrə hərəkət etdikdə yoxuşları dəf etmək də asanlaşır, zirvələr fəth edilir...
Doğru yolun cəfası çox olur, çünki sonunda səfası var. Doğru yol həmişə güllü-çiçəklidir, ancaq bu güllərin tikanları da var. Gülü sevən tikanına da dözər...
Haqq yolun yolçularının nə ayrılıq qorxusu var, nə də ölüm. Əslində ölüm onlar üçün ayrılıq deyil, əksinə, vüsaldır, Sevgiliyə qovuşmadır.
Yol zamanla birlikdə var. Yolu qət etmək müəyyən vaxt tələb edir. Ona görə də yol eyni zamanda səbirdir və əsl yolçu səbirli olandır.