2 sonuçtan 1 ile 2 arası

İlahi Vəhy

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    İlahi Vəhy


    İlahi Vəhy

    «Vəhy» kəlməsi Qurani-Kərimin bir neçə ayəsində 82 dəfə müxtəlif mənalarda işlənmişdir. «Vəhy – hər hansı bir mətləbin ani və rəmzi olaraq, bir nəfərdən digərinə başqalarının başa düşə bilməyəcəyi tərzdə çatdırılmasına deyilir».

    1-İnsana olunan fitri ilham

    Münəccimlər Firona oğlan uşağının dünyaya gəldiyini və onun hakimiyyətinə son qoyacağını xəbər verdikdən sonra Misirdə bütün azyaşlı oğlan uşaqlarının kütləvi şəkildə öldürülməsini əmr etmişdi. Allah-Təala Musanın (ə) anasına ilham olaraq süd verdikdən sonra səbətə qoyub Nil çayına atmağı əmr edir.

    «Biz Musanın anasına (ilham yolu ilə): «Musanı əmizdir, elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at…» («Qəsəs» surəsi, 7-ci ayə).

    Vəhy və ilham arasındaki fərq. İnsanın əvvəllər bilmədiyi məlumatları bir anın içində bilməsinə ilham, əvvəllər bilmədiklərinin ona vəhy mələyi tərəfindən göndərilməsinə –

    vəhy deyilrir.

    2-Heyvanlara olunan batini ilham (təlqin)

    «Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: «Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə özünə yuva tik» («Nəhl» surəsi. 68-ci ayə).

    3 -Ani və rəmzi olaraq olunan işarələr

    «Sonra Zəkəriyya mehrabdan (məbəddən) camaatın qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: «Səhər-axşam Allahı təqdis edib şəninə təriflər deyin!» («Məryəm» surəsi, 11-ci ayə).

    4- Şeytanın fitnəamiz vəsvəsələri

    «Beləcə, Biz hər bir peyğəmbər üçün insan və cin-şeytanlardan düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər vəsvəsə edərlər. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün vəsvəsə (təlqin edərlər)» («Ənam» surəsi,.112 və 121-ci ayələr).



    5- Mələklərə verilən əmr

    «Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi. «Mən də sizinləyəm. Möminlərə qüvvət, mətanət verin» («Ənfal» surəsi, 12-ci ayə).

    6- Allahın peyğəmbərlərlə danışması

    «Vəhydən başqa bəşər övladına Allahla danışmaq müyəssər olmaz» («Şura» surəsi, 51-ci ayə).

    Ayənin ardında isə buyurulur:

    «Allah onlarla ancaq vəhy ilə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir».

    Deməli, Allahla peyğəmbərlər arasında bərqərar olan əlaqələr üç yolla həyata keçmişdir:

    1. Hər hansı bir mətləb arada heç bir vasitə olmadan peyğəmbərlərin qəlbinə təlqin olunmuş;

    2. Allah pərdə arxasından peyğəmbərlərlə danışmış;

    3. Allah mələklərlə peyğəmbərlərə vəhy göndərmişdir.

    Vəhy mələyi Həzrət Jəbrail İlahi hökmləri nazil etdiyi zaman adi insan surətində gəlmiş və Peyğəmbərlə (s.ə.s) görüşmüşdür.

    «Bəqərə» surəsinin son iki ayəsi istisna olmaqla, Qurani-Kərim Həzrət Məhəmmədə (s.ə.s) Allahın əmrilə vəhy mələyi Həzrət Jəbrail vasitəsilə nazil olmuşdur. Bu iki ayədə heç bir vasitə olmadan Peyğəmbərə vəhy olmuşdur.

    Vəhy necə və harada nazil olmuşdur?

    Həzrət Məhəmməd (s.ə.s) Allahın vəhy etdiyi ilk Peyğəmbər olmamışdır. Bu haqda «Nisa» surəsinin 163 və 164-cü ayələrində buyurulur:

    «Biz Nuh və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik. Biz peyğəmbərlər göndərdik. Onların bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir vasitə olmadan) danışdı».

    Qədr gecəsində Peyğəmbərə (s.ə.s) nazil olan ilk ayə Qədr surəsinin ilk beş ayəsi olur.

    «Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik». («Duxan» surəsi, 3-cü ayə) - «Həqiqətən, Biz Quranı Qədr gecəsi nazil etdik». ( «Qədr» surəsi,1-ci ayə).

    Rəvayətlərdən birində deyilir: Peyğəmbər (s.ə.s) buyurur: «Tövrat Ramazan ayının 6-cı günü, İncil - 13-cü günü, Zəbur - Ramazan ayının 18-ci günü, Quran isə Ramazan ayının 23-cü günü nazil olmuşdur».

    Bəzi rəvayətlərə əsasən İbrahim Peyğəmbərə nazil olan səhifələr də məhz Ramazan ayına təsadüf etmişdir. Vəhyin necə nazil olduğu isə Peyğəmbərin (s.ə.s) özü tərəfindən belə açıqlanır: «Bəzən kilsə zənginin səsinə bənzər səs eşidirdim. Vəhyin belə nazil olması mənim üçün çox ağır idi. Sonra bu səs kəsilər və Cəbrailin gətirdiklərini əzbərləyərdim. Bəzən də Cəbrail kişi surətində yanıma gələr və mənimlə danışardı və mən onun bütün dediklərini olduğu kimi əzbərləyərdim».

    Vəhyin qısa tarixçəsi

    Həzrət Məhəmmədə (s.ə.s) peyğəmbərlik verilməzdən bir neçə il əvvəl camaatdan ayrılaraq Hira dağında saatlarla, bəzən günlərlə ibadətlə məşğul olardı. Bu müddət ərzində qeyri-adi hisslər keçirməyə başlayır və bütün vücudu ilə ilahiləşərək mənən tamam kamilləşir. O daim yaradıcı və yaradılış barədə düşünür, həqiqəti dərk etməyə və onu özündə yaşatmağa nail olur. Ramazan ayının 18-ci və ya Rəcəb ayının 27-si, (Hicrətdən 12 il əvvəl), (610-cu miladi ili, 6 avqust və ya 1 fevral) 40 yaş, altı ay səkkiz günlüyündə Allah tərəfindən peyğəmbərliyə təyin olunur. Peyğəmbər (s.ə.s) ona vəhy olunduğu günü belə xatırlayır:

    «Hira dağında yatmışdım. Birdən Həzrət Cəbrail yanıma gəlib dəri üzərində yazılmış bir şey gətirdi və oxumağımı istədi. Dedim: «Oxuya bilmirəm». O, təkidlə oxumağımı əmr etdi və mən oxuya bilmədiyimi bildirdim. Həzrət Cəbrail bunu üç dəfə təkrar etdi, sonra məni özünə sıxıb sonuncu dəfə: «Oxu!» deyərək əmr etdi. Mən ondan nə oxumalı olduğumu soruşduqda dedi: «Oxu! Yaradan Allahın adı ilə…» («Qədr» surəsi,1-5-ci ayələr).

    Tarixçilər yazırlar: Peyğəmbərə (s.ə.s) ilk dəfə vəhy nazil olunduqdan sonra narahatlıq hiss etməyə başlayır. Evə gəlib həyat yoldaşı Xədicədən üstünü örtməsini xahiş edir. Onu bu vəziyyətdə görən Xədicə çox narahat olur. Elə həmin gün Tövratı və İncili əzbər bilən əmisi oğlu Vərəqə ibn Nofəlin yanına gəlir və baş verənləri ona danışır. O da Xədicəyə Həzrət Məhəmmədə (s.ə.s) peyğəmbərlik verildiyini bildirib ona ürək-dirək verir.

    Yaşı ötmüş Vərəqə Peyğəmbərlə (s.ə.s) görüşüb ona deyir: «Səndən əvvəlki peyğəmbərləri öz qövmü yurd-yuvasından qovduğu kimi, sənin də qövmün səni öz elindən çıxaracaqdır. Kaş, sən öz peyğəmbərliyini və dəvətini aşkar etdiyin zaman sağ olaydım və sənə iman gətirəydim…».

    Buradan bir neçə sual meydana gəlir.

    * Allah xəbərdarlıq olmadan nəzərdə tutduğu şəxsi peyğəmbərlik kimi ağır bir vəzifəyə təyin edə bilərdimi?

    * Heç bir hazırlığı və məlumatı olmayan bir şəxs (Peyğəmbər olsa belə) buna tab gətirə bilərdimi?

    * Əgər doğrudan da Vərəqə ibn Nofəl Həzrət Məhəmmədə (s.ə.s) toxtaqlıq vermişsə, bəs ondan əvvəlki peyğəmbərlərə kim toxtaqlıq vermişdir?

    * Həzrət Məhəmmədin (s.ə.s) həqqaniyyətinin şahidi olan Vərəqə nə üçün elə oradaca iman gətirmir və Peyğəmbərin (s.ə.s) dəvətini aşkar edəcəyi vaxtda sağ olacağını və o zaman iman gətirəcəyini arzulayır?

    * Bəs onun iman gətirməsinə mane olan nə idi? Bildiyimiz kimi, Həzrət Məhəmməd (s.ə.s) öz dəvətini yalnız üç ildən sonra aşkar edir.

    * Əgər aşkar etməsəydi, Vərəqə iman gətirməyəcəkdimi?!

    Bu və bu kimi suallar rəvayətin son dərəcə əsassız olduğunu sübuta yetirir. O ki qaldı həqiqətin necəliyinə, bunu Quran ayələrinə, eləcə də Həzrət Məhəmmədin (s.ə.s) həyatının həmin dövrünə və bu barədə nəql olunan hədislərə nəzər saldıqda görmək olar. Rəvayətlərdən birində deyilr:

    Peyğəmbər (s.ə.s) buyurur: «Mənə peyğəmbərlik verilməzdən əvvəl səhra ilə yol gedərkən hatifdən səs gələr və mən «Ya Məhəmməd, əntə Rəsulullah» («Ey Məhəmməd, sən Allah peyğəmbərisən» səsini eşidər və bir çox hallarda yer, qaya və ağacların mənə salam verdiyini eşidərdim…».

    Bu məzmunda nəql olunan digər rəvayətlərdən və Peyğəmbərin (s.ə.s) həyatı barədə yazılan kitablardan belə məlum olur ki, Peyğəmbər (s.ə.s) nəinki belə böyük əhvalatdan xəbərsiz olmuş, bəlkə əksinə, bu İlahi vəzifəyə hələ bir neçə il əvvəldən hazırlaşmağa başlamışdır.

    Və belə bir böyük şəxsiyyətin haqq olduğunu sübuta yetirmək üçün Vərəqə ibn Nofəl kimi şəxslərin toxtaqlıqlarına və bu məzmunda uydurulmuş hədislərə heç bir ehtiyac yoxdur.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: İlahi Vəhy

    bele movzular ucun cox cox sagol

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.