Görən nədən oldu bu həsrət bu qəm
Günahsız bir eşqin cəzasıdırmı
Dünən qoşa idik bu günsə təkəm
Bu da bu dünyanın vəfasıdırmı?

Göydəndüşmə bir ayrılıq üzündən
Getdi həyatımdan həyatım mənim
Kədər yağır hər gecəmin gözündən
Onunla gedibdir sabahım mənim.

Bir vaxt varlığıyla nəfəs aldığım
İndi kölgəsiylə gözümdən itdi
Gecələr yuxumdan yola saldığım
Bir də qayıtmadı uzağa getdi

Söyləyə bilmədim getmə bir dayan
Qəlbimin fəryadı lap ərşə qalxır
Bir vaxt hər sözümə can deyən oğlan
İndi yadlar kimi uzaqdan baxır.