Münasibətlər yenicə başladığı vaxtlarda qarşı tərəflər bir-birinin xətrinə dəyməmək üçün davalardan və acı sozlərdən uzaq qaçırlar. İllər keçir, hisslər dəyişir. Sevdiyin insan sanki özgələşir. Tez-tez baş verən ziddiyyətlər isə işləri bir qədər də əngələ salır. Sizə məsləhətimiz odur ki, davanı sakitləşdirməkdənsə onu başlamayasınız. Beləliklə, konfliktsiz yaşamaq üçün 10 məsləhət.

1. Partnyorla maraqlanın

Onu daha yaxından tanımağa çalışın. Onun maraqları, fikirləri sizin üçün önəmli olmalıdır. Onun yalnız müsbət tərəflərini deyil, zəif tərəflərini də anlayışlı qəbul etməyə çalışın. Yalnız öz problemləri ilə məşğul olan insanlara digərləri ilə ünsiyyət qurmaq çətin olacaq. Başqalarına qarşı anlayışlı yanaşma aqressiyanın da qarşısını alır.
2. Qarşı tərəfi dinləməyi bacarın

Dinləmə bacarığı insanlarla yaxşı əlaqəni təmin edir. Hətta dinləmə danışmaqdan daha qiymətli ola bilər. Bu baxımdan ailə də istisna deyil. İşdən yorğun gəlmiş ərinizə hər şey haqda danışırsınız: qonşunun başına gələnlərdən, qarderobdakı çatışmamazlıqlardan və s. Ailədə xoş psixoloji abu-havanın yaranmasına ümid etməyin. Belə halda kişi sakit dayanır və sizlə paylaşmaq istədiklərini dilinə belə gətirmir. Öncə işdən yorğun gəlmiş həyat yoldaşınızı dinləyin, daha sonra öz problemləriniz haqda danışın.

3. Partnyoru maraqlandıran söhbətlər edin.

Danışan hiss etməlidir ki, siz nəinki ona qulaq asırsınız, həmçinin onun fikirlərini izləyirsiniz. Əriniz etdiyi söhbətin sizin üçün maraqlı olduğunu hiss etməlidir.
4. Tənqidə həddindən artıq meyilli olmayın.

Tənqid hər zaman geri dönən bumeranqdır. Əgər tənqid edirsinizsə unutmayın ki, o mütləq sizə tərəf qayıdacaq. Əgər arvad ərinə deyirsə o eybəcərdir cavabında bunları eşidə bilər: “Öncə özünə bax, gör özün nəyə oxşayırsan?” Tənqid pozitiv elementlər də daşımalıdır. O, partnyorun qüruruna toxunmamalıdır. Qarşı tərəfi tənqid edən zaman onu tərifləmək də lazımdır.

5. Əmrlərlə ehtiyatlı olun.

Əksər insanlar əmri xoşlamırlar. Çünki nigahdakı insanlar özlərini bərabərhüquqlu hesab edirlər. Bu danışıq formasından yaranacaq problemlərdən qaçmaq üçün hər bir işi yardım və xahiş formasında demək lazımdır. Əks halda güclü konfliktlər yarana bilər. Çünki kişilər əmri sevmirlər. Bu onun qüruruna toxunacaq. Unutmayın ki, kişilər özlərini başçı kimi hiss edirlər.

6. Səhvlərinizi etiraf edin.

Əgər vaxtında səhvlərinizi boynunuza alıb düzəltməyə çalışsanız konfliktdən qaçmış olacaqsınız. Öz xoşumuza səhvləri dərk ediriksə bu artıq səhv hesab olunmur.

7. Tez-tez tərifləmək və yüngülcə ideallaşdırmaq.

Adətən xoşlamadığımız bir hadisəyə qarşı dərhal münasibət bildiririk. Xoşladığımız cəhətlər haqda isə susuruq. Məsələn: əgər xanım həyat yoldaşına dadlı yemək bişiribsə onu yeyən zaman ər susur. Lakin yemək yaxşı alınmayanda dərhal iradını bildirir. Əslində isə hər şey əksinə olmalıdır. Partnyoru azacıq ideallaşdırmaq lazımdır ki, o da tərifdən nəticə çıxararaq daim o cür olmağa can atsın.

8. Özünüzü qarşı tərəfin yerinə qoyun.

Mübahisəli məsələlərə hər kəsin müxtəlif yanaşma tərzi var. Məsələn: ər axşam evə gec gəlib. Həyat yoldaşı isə bu gün ona sürpriz etmək məqsədilə şam yeməyi hazırlayıb. Nəticədə işdən yorğun və əsəbi qayıdan ərin yemək yeməyə iştahası yoxdur. Arvadı isə bundan çox inciyir və otağına çəkilir. Onlar arasında soyuqluq yaranır. Xanım özünə qarşı diqqətsizliyin olduğunu hiss edir. Əgər onlardan hər ikisi özünü digərinin yerinə qoysa məsələ aydınlaşacaq və problem aradan qalxacaq.

9. Dalaşmayın.

Dava-dalaş yaranmış problemi həll etmir, əksinə gərginlik və ədalətsizlik yaradır. “Dalaşmayın” prinsipi tam sakit dayanın anlamında deyil. Əksinə davadan üstün olun, hər şeyi söhbətlə yoluna qoyun. Lakin söhbət zamanı daim “yox, sən səhvsən bu sənin günahındır!” sözləri də düzgün deyil. Çünki siz onun nə dərəcədə ağılsız olduğunu vurğulamış olursunuz. Bu heç kimə xoş olmaz. Hətta fikrimiz düzgün olsa belə onun qəbul olunmasında problemlər yaradırıq.
10. Tez-tez gülümsəyin.

Xoş gülüş konfliktin əksi deməkdir. Xoş, gülərüz insanın yanında dava-dalaş abu havası da olmur. Və daha xoş əhval yaranır. Əgər partnyorunuzun üzünə gülsəniz əmin olun ki, o da sizə bu cür cavab verəcək. Bir insanın xeyirxah və xoş enerjisi digərində də eyni hissləri yaradır və gərginliyi tam şəkildə aradan qaldırır.



Yazı V. Seluykonun “Münasibətləri necə xilas etmək olar” kitabı əsasında yazılıb.