Əgər uşağınız cizgi filmlərinə həddən artıq aludədirsə, diqqətli olun. Çünki ekranda cərəyan edən hadisələrin dəyişmə sürəti real həyatdakından qat-qat çoxdur. Və cizgi filmlərindən fərqli olaraq, real həyatdakı hadisələr daha ləng inkişaf edir. Tezliklə bu ona gətirib çıxarır ki, uşaq adi vəziyyətdən sıxılmağa başlayır: onun nəzərində zaman kəsiyində çox az dəyişikliklər baş verir.

Nəticədə belə uşaq daha az sərbəst oyunlar oynayır, çünki beləliklə nağıllar və sehrlər dünyasından ayrılaraq darıxdırıcı reallığa qayıtmaq istəmir. Belə nağıllar isə uşağın öz təxəyyülünün məhsulu deyil, darıxdığı zaman düyməni basmaqla əldə etdiyi nağıllardır. Beləliklə, uşaqda belə hazır obrazlara aludəçilik yaranır. Gələcəkdə belə uşağı nələr gözləyir? Ən yaxşı halda kompüter oyunları və yaxud İnternetdən asılılıq.

Cizgi filmlərinə uzun müddətli baxış uşağı hazır obrazlara öyrəşdirir. Buna görə də beynin daxili obrazları sərbəst yaratmağa cavabdeh olan hissəsi lazımi dərəcədə inkişaf etmir. Gələcəkdə uşağın kitab oxumaqla bağlı problemləri yaranır. Çünki biz hansısa maraqlı bir kitab oxuyarkən çap hərflərini görmürük - bizim gözümüzün önündə oxuduğumuz hadisələr inkişaf edir, obrazlar canlanır, onların səsini eşidirik. Bu, bizim beynimizin daxili fəaliyyətidir.

Buna görə də əgər uşağınız darıxdığı üçün mızıldanırsa, onu sevdiyi cizgi filmlərinə tamaşa etməyə yollamayın. Ona oynamağı, nəsə düzəltməyi və ya təmir etməyi öyrədin. Ona fantaziya qurmağı öyrədin. Məsələn, uşağa nağıl oxuduqdan sonra soruşun: “Qəhrəman necə geyinib, onun evi necədir, nağıl qurtarandan sonra onların taleyi necə olacaq?” və s. Nağıla aid rəsm çəkməyini xahiş edin. Uşaqlara öyrənməyi öyrədin. O zaman dünya onların qarşısında yeni rənglərə bürünəcək!