Fevralın 12-də “Borçalı” İctimai Birliyi 2012-ci ilin nəticələri və 2013-cü ilin fəaliyyət proqramı, Gürcüstandakı miqrantların problemləri ilə bağlı mətbuat konfransı keçirdi. 2012-ci ilin Gürcüstanda səmərəli il olduğunu deyən Zəlimxan Məmmədli bu ölkədəki parlametn seçkiləri ilə bağlı danışdı. Bildirdi ki, 2012-ci il Gürcüstan tarixində demokratik proseslərlə yadda qalıb: “Parlament seçkilərində tarixi hadisə oldu. Prezident Saakaşvili hakimiyyətdə olduğu halda parlament seçkilərində iqtidar uduzdu, müxalifət qalib gəldi. Bu prosesdə Saakaşviıli hakimiyyəti dünyaya demokratiklik nümunəsini göstərdi. Saakaşvili uduzmasına baxmayaraq dərhal qalib tərəfi İvanişvili hakimiyyətini təbrik etdi və ölkədə demokratik durum yaratdı. Saakaşvili bununla doğrudan da tarixi bir addım atdı və sübut etdi ki, siyasi elitada sağlam rəqabət aparmaq mümkündür”. 2012-ci ildə “Borçalı” İctimai Birliyinin fəaliyyətindən danışan Zəlimxan Məmmədli bildirdi ki, ötən il rəhbərlik etdiyi təşkilatın da işlərində xeyli irəliləyişlər görülüb. Həmin il 4-cü Borçalı Türklərinin “Elat Mədəniyyəti Günü” baş tutub. Tədbirdə 10 minə yaxınm insan iştirak edib. Bundan başqa, təşkilat 12 adda hər biri 1000 tirajla bukletlər, “Eldən-Elata” jurnalı, həır biri 2 səhifəyə yaxın iki kitab və sair nəşrlər çap olunub. Bununla yanaşı, təşkilatın 2012-ci ildə “Borchalı-ic.orq” saytı istifadəyə verilib. Təşkilatın 2013-cü il planı barədə də məlumat verən Zəlimxan Məmmədli bildcirdi ki, 2013-cü ildə ilk planlardan biri Gürcüstan prezidenti Mixail Saakaşvili və parlament seçkilərində qalib gələn İvanişvili ilə görüşməkdir. Görüşdə əsasən Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli müzakirə ediləcək.
Azərbaycanda da Gürcüstandan gələn miqrantların problemlərinin olduğunu deyən Z. Məmmədli qeyd etdi ki, onlar əsasən Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə almaqda çətinlik çəkirlər. Bu məqsədlə 2012-ci ilin dekabrında təşkilat “Soydaşlarımız haqqında” qanun layihəsini hazırlayıb parlamentə təqdim edib. Parlamentdə layihə bir dəfə müzakirəyə çıxarılsa da, hələ ki, qəbuıl olunmadan qalıb. Zəlimxan Məmmədli bildirdi ki, layihə ilə bağlı təşkilat yenidən Milli Məclisə müraciət edəcək və problemin həlli üçün qanunun qəbulunu xahiş edəcək. Zəlimxan Məmmədli bildirdi ki, “Borçalı” İctimai Birliyi Gürcüstan prezidenti Mixail Saakaşvilini “Demokratiyaya xidmət ödülü” ilə təltif edib. Bu ilin mart-may aylarında təşkilat üzvləri Gürcüstan prezidenti ilə keçirəcəyi görüşdə həmin mükafatı ona təqdim edəcək.
Bundan başqa 2013-cü ildə təşkilat 5-ci Borçalı Türklərinin “Elat Mədəniyyət Günü”yubiley tədbirini və bu günə həsr olunmuş Elat Çempionatını keçirməyi planlaşdırıb. Bununla yanaşı, təşkilat bu il Faxralı kəndində, tanınmış vəkil, mərhum İsaxan Aşurovun xatirəsinə həsr olunmuş sambo üzrə Borçalı birinciliyini təşkil edəcək .
Samir
Yer imleri