Kanada alimləri Kristof Sensenin rəhbərliyi altında insan bədəninin ilk tam kompyuter modelini düzəldiblər.

Bu model tibbi və tibbi-bioloji tədqiqatların aparılması üçün nəzərdə tutulmuş bir növ interaktiv atlasdır.
CAVEman (hərfən - “mağara adamı”, “troqlodit”) “mağarada” - kompyuter holoqramlarının yaradılması üçün nəzərdə tutulmuş kubşəkilli virtual reallıq otağında “yaşayır”. İnsanın təbii böyüklükdə üçölçülü təsviri divarlar və döşəmə ilə proyeksiya edilir və CAVEman sanki mərkəzdə süzür. Kompyuterin modelləşdirdiyi proseslər zamanla inkişaf etdiyindən model əslində dördölçülü alınıb.
Özlüyündə interaktiv atlas heç bir yenilik təklif etmir, adi anatomiya dərsliklərində olan məlumatlar əsasında qurulub.
Əsas sistemlər və orqanlar peşəkar rəssam tərəfindən animasiya təsvirləri kimi verilib və vizuallaşdırılmaq üçün Java 3D mühitinə konvertasiya edilib.
Xüsusi eynəklər və coystik vasitəsilə istifadəçilər bədənin vəziyyətini idarə edə, daxilinə baxa, təsvirin miqyasını dəyişdirə bilərlər. Bundan başqa, vaxtın istənilən anında modelin ayrı-ayrı hissələrini göstərmək olar.
CAVEman təkcə xəstəliklərin inkişafı mexanizminin öyrənilməsini asanlaşdırmayacaq, habelə həkimlərə cərrahiyyə əməliyyatlarının aparılmasına, yeni yanaşma üsullarının işlənib hazırlanmasında yardım edəcək.


İlqar Oqtayoğlu