Heç kim ağlına belə gətirə bilməz ki, SSRİ-nin dünyaya meydan oxuduğu, Nikita Xruşşovun başçılığı altında müttəfiq respublikalarda ruslaşdırma siyasətinin yeni mərhələyə qədəm qoyduğu bir zamanda Azərbaycana ilk gələn xarici dövlət başçısını burada elə Azərbaycan dilində salamlayıblar. Özü də onun şərəfinə düzülmüş Fəxri Qarovulun rəisi tərəfindən. Hansı ki, o dövrün bütün hərbi nizamnamələri rus dilində idi. SSRİ-də təmsil olunun 15 respublikanın hamısında yerləşən hərbi kontingentlərdə bütün komandalar bu dildə verilir, ali qonaqları qarşılayan Fəxri Qarovullar rus dilində məruzə edərdilər.

Misirin ilk prezidenti, bu ölkəni müstəmləkəçilikdən qurtarıb Yaxın Şərqin ən nüfuzlu dövlətinə çevirən Camal Əbdül Nasir xələflərindən fərqli olaraq, hakimiyyəti dövründə ölkəsinin milli təhlükəsizliyinin təmin olunmasında daha çox SSRİ-yə güvənirdi. Solmeyilli sayılan Nasirə SSRİ rəhbərliyi həm siyasi, həm iqtisadi, həm də hərbi köməyini əsirgəmirdi. Sovet mütəxəssisləri “qardaşlıq yardımı” çərçivəsində ərəb ölkələri arasında əhalisinin sayına görə ən böyüyü olan Misirdə müxtəlif sahələrdə çalışır, kadrların hazırlanmasında, Asuan bəndi kimi onlarla mühüm obyektlərin tikintisində işləyirdilər. Nüfuzlu hərbçi olan Nasir qeyd olunduğu kimi SSRİ tərəfindən hərbi cəhətdən xüsusilə dəstəklənirdi. Sovetlər birliyi Misirə təmənnasız və ən güzəştli şərtlərlə silah, hərbi texnika satır, bağışlayır, hərbçi kadrların hazırlanmasında kömək göstərirdi. O zaman SSRİ-nin tərkibinə daxil olan Azərbaycan SSRİ-Misir əlaqələrinin genişlənməsində mühüm rol oynayırdı. Misirli tələbələr, əsasən də neft-kimya sektoru üzrə mütəxəssislər Bakıdakı təhsil müəssisələrində hazırlanırdı. Azərbaycan neftçiləri, geoloqları isə Misirdə neft-qaz yataqlarının öyrənilməsində və istismarında iştirak edirdilər. Azərbaycan eyni zamanda Misir ordusunun təşkili, güclənməsində də mühüm rol oynamaqdaydı. Rəsmi məlumatlara görə, o vaxt rəsmi Qahirənin müraciəti əsasında Bakıda yerləşən Xəzər Hərbi Dənizçilik Məktəbində Misir Hərbi Dəniz Qüvvələri üçün müxtəlif dənizçi ixtisasları üzrə kadrlar hazırlanırdı. Nasosnıdakı (indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi) SSRİ-nin Aviasiya Təmiri Zavodunda isə Misir Hərbi Hava Qüvvələrinin arsenalındakı sovet istehsalı olan təyyarələr təmir edilir və geri yola salınırdı. Xatırladaq ki bu zavod eyni zamanda Suriya və İraqın təyyarələrinin təmirində də mühüm rola malik idi. Bu münasibətlər çərçivəsində Nasir SSRİ dönəmində Azərbaycana gələn ilk xarici prezident oldu. Onun Bakıya birinci səfəri isə 1959-cu ildə gerçəkləşdi.

Rus general şoka düşür

Məmmədəli Məmmədov keçmiş Bakı Ali Birləşmiş Komandirlər Məktəbini 50-ci illərin əvvəllərində bitirən onlarla azərbaycanlı zabitlərdən biri idi. Şəki rayonunda anadan olmuş M.Məmmədovu digər zabit yoldaşlarından fərqləndirən isə məktəbdə oxuduğu dövrdə nizam-intizama ciddi riayət etməsi olub. Təhsildə göstərdiyi əla göstəricilərinə görə, o dövr üçün görünməmiş bir qərarla - rəhbərliyin təqdimatı ilə dərs keçmək, zabit kadrları hazırlamaq üçün məktəbdə saxlanılıb.

M.Məmmədovun oğlu Sahib Məmmədovun sözlərinə görə, atası sovet ordusunda düz 25 il xidmət edib. Xidmətinin böyük hissəsi Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə düşüb. Onun dərs keçdiyi qruplar nümunəvi göstəricilər əldə etdiklərinə görə, M.Məmmədova paradlarda və yüksək rütbəli qonaqlar gəldikdə Fəxri Qarovul təşkil etmək həvalə olunub: “Onun tağımı nizamlı addımları ilə digərlərindən fərqlənirdi. Elə bil bütün tağım ayaqlarının yerdən qalxma məsafəsini xətkeşlə ölçürdü. Bu tağım sıra hazırlığında ayaq səsinə görə fərqlənirdi”.

O vaxt Binə hava limanı kiçik təyyarələri qəbul etdiyindən Nasir hərbi aerodromda qəbul olunur. Hava soyuq və küləkli olduğundan Fəxri Qarovul üçün aerodroma gətirilən kursantlar donmağa başlayır. Boş dayanıb donmasınlar deyə təyyarə enənə qədər qarovul heyətinə bir qədər spirtli içki və müxtəlif sıra hərəkətlərini icra etmək əmri verilir. Nasiri qarşılamaq üçün o vaxtkı Azərbaycanın rəhbərliyi başda İmam Mustafayev, həmçinin Bakı hərbi dairəsinin komandanı, ordu generalı İvanov olmaqla hamı aerodroma gəlir. Azərbaycanlı zabitin nüfuzlu qonağı qarşılamaq üçün necə hazırlaşdığını izləyən İ.Mustafayevlə söhbət zamanı qərara alınır ki, Nasir Azərbaycan dilində salamlansın və ona elə Azərbaycan dilində məruzə edilsin. Deyilən kimi də edilir. Misir prezidentini qarşılayan Fəxri Qarovulun rəisi baş leytenant M.Məmmədov rus hərbçilərinin və ölkə rəsmilərinin çoxluq təşkil etdiyi mərasimdə o dövrün görünməmiş addımını atır. Nasir Azərbaycan dilində salamlanır və azərbaycanlı baş leytenant general İvanovu belə şoka salaraq “Yoldaş Misir Respublikasının prezidenti. Sizin şərəfinizə Fəxri Qarovul düzülmüşdür” deyə məruzə edir. Nasir isə qarovulun əsgərlərini bütün müsəlmanların dəyişməz kəlməsi olan “salam” sözü ilə salamlayır. General İvanov baş verənlərdən özünü itirir, İ.Mustafayev isə azərbaycanlı zabitə gülümsəməklə razılığını bildirir.

S.Məmmədovun sözlərinə görə, hadisədən sonra general M.Məmmədovu çağıraraq irad tutsa da zabitin arqumentləri qarşısında bir söz deyə bilmir. Amma bundan sonra M.Məmmədov “qara siyahı”ya düşür. Oxumaq üçün Moskvaya – Hərbi Akademiyaya göndərilmiş sənədləri geri qaytarılır.

Nasirdən azərbaycanlı zabitə hədiyyə

Ötən əsrin 60-cı illərin əvvəllərində ortalarında C.Ə.Nasir Bakıya ikinci dəfə gəlir. Bu dəfə Binə hava limanından Bakıya gələn Nasiri qarşılamağa yenidən M.Məmmədovun rəhbərliyi altında Fəxri Qarovul düzülür. Nizam-intizamlı azərbaycanlı zabitlə ilk görüşünü unutmayan general Nasirin bu dəfə Fəxri Qarovul üçün xüsusi hədiyyələri də olur – qarovul rəisinə daş-qaşla bəzədilmiş kiçik qılınc və 8 ədəd qızıl saat.

“Həmin gün gecə bizi yuxudan milislər oyatdı. Evimiz indiki R.Behbudov küçəsində, Pasport Qeydiyyatı İdarəsi ilə üzbəüz yerləşdirdi. Milislər evi ələk-vələk edir, paltarların arasını, yorğan-döşəyi belə gəzirdilər. Onlardan biri dedi ki, xarici ölkənin rəhbəri sənə qiymətli əşyalar verib. Onları neyləmisən? Qızıl saatları harada gizlətdiyini soruşduqda atam Politbüronun qərarı ilə saatın səkkizini də kursantlara payladığını, ona hədiyyə edilmiş qılıncı isə silah otağına qoyduğunu söylədi. Milislər isə “adam da belə şeyi başqalarına paylayarmı” deyib getdilər”, - deyə S.Məmmədov o dövrü belə xatırlayır.

S.Məmmədovun sözlərinə görə, Nasirin bağışladığı qılınc müstəqillik illərinə qədər məktəbdə saxlanılıb. Bu hədiyyə silahın sonrakı taleyi isə bəlli deyil.

On beş ildən artıq Azərbaycana gələn ali qonaqları qarşılamaq üçün Fəxri Qarovula rəhbərlik etmiş M.Məmmədov 1964-cü ildə Azərbaycan Dövlət Universitetində fəaliyyəti yenidən bərpa olunmuş hərbi kafedranın işinin təşkilinə göndərilir. Uzun müddət bu kafedrada dərs keçir və ADU-dan pensiyaya çıxıb. M.Məmmədovun tələbələri arasında bir neçə general, hazırda Azərbaycan Silahlı Qüvvələrində və hökumətində yüksək vəzifələrdə çalışan insanlar var.