Bismillahir Rəhmanir Rəhim
Quranın digər Möcüzəvi xüsusiyyətlərindən biri də qanunvericilik və əxlaq prinsiplərində tutduğu orta mövqe və ədalətdir. Belə ki, bu müqəddəs kitabda qanunvericilikdə ifrat və təfritə varmadan orta mövqe tutulmuşdur. Quran ədalət və bərabərliyə diqqət yetirir və bu iki xüsusiyyət üzərində qurulan bütün işləri insanlar üçün zəruri hesab edir. Və eyni zamanda onların dilindən, Allah-Taaladan bütün işlərin ifrat və təfritə yol vermədən həyata keçirməsini diləmələrini bəyan edir.
«Bizi doğru yola yönəlt». (Fatihə surəsi, ayə 5)
Quranın digər ayələrində də insanların bütün işlərdə orta mövqe tutmaları (ifrat və təfritə yol verməmələri) tövsiyə olunur.
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir». (Nisa surəsi, ayə 58)
« Ədalətli olun. Bu təqvaya daha axındır». (Maidə surəsi, ayə 8)
«Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun ». (Ənam surəsi, ayə 152)
«Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» (Nəhl surəsi, ayə 90)
Quran həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur və müsəlmanlara da daim bu meyara əsaslanmağı tövsiyə edir. Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq.
1. SƏRVƏT VƏ MÜLKİYYƏT
Quran insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis olmamasını tövsiyə edir. Quranın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq olmaları əmr olunur:
«Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər, heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır». (Ali İmran surəsi, ayə 180)
Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tövsiyə olunur.
«İsraf etməyin. Allah israf edənləri sevməz!» (Ənam surəsi, ayə 141)
«Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır». (İsra surəsi, ayə 27)
«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan». (İsra surəsi, ayə 29)
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT
Quran insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərə səbr etməyə tövsiyə edir. Səbr edənlərin böyük nemətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:
«Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir». (Zumər surəsi, ayə 10)
«Allah səbr edənləri sevər». (Ali İmran surəsi, ayə 146)
Amma bu heç də o demək deyildir ki, Quran insanları zülmə qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe olmalarını tövsiyə edir. Xeyir! Quran məzlumlara, öz haqlarını tələb etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə surəsinin 194-cü ayəsində bu haqda deyilir:
«Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın (cavab verin)».

* * *

Quran, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yəni daha ağır əzab növlərindən istifadə etmədən) qisas almaq ixtiyarın vermişdir.
«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdikdə (istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər). Lakin, o da qətl etməkdə ifrata varmasın. (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin». (İsra surəsi, ayə 33)
3. MADDİ VƏ MƏNƏVİ İŞLƏRDƏ ƏDALƏT
Quranın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu üçün, onda dünya və axirət qanunları arasında müəyyən oxşarlıq vardır. Quran, tövratda olduğu kimi yalnız insanların maddi həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən silməmişdir. Belə ki, xeyirxah işlər görən şəxslərin mükafatını, məhz dünyəvi var-dövlətdə və başqalarının üzərində hakimiyyətdə görür. Və eyni zamanda incildə olduğu kimi, yalnız axirətə qapılaraq dünyəvi həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir.
Quran həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi halal ləzzətlərdən zövq almağı tövsiyə edir.
«Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük uğur və qurtuluşdur! Hər kəs Allaha və peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa surəsi, ayə 13-14)
«Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir (mükafatlanacaqdır).
Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasnı çəkəcəkdir)». (Zilzal surəsi, ayə 7-8)
«Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərft et). Dünyadakı nəsibini də unutma». (Qəsəs surəsi, ayə 77)
Quranın bir çox ayələrində elm və təqvaya tövsiyə olunmaqla yanaşı, dünyəvi halal ne`mətlərdən səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir.
«(Ya Məhəmməd!) De ki, Allahın öz bəndələri üçün yaratdığı zinət və təmiz (halal) ruziləri onlara kim haram buyurmuşdur?» (Əraf surəsi, ayə 32)

* * *

Qeyd etdiyimiz kimi Quran, insanların dünyəvi həyatları ilə yanaşı axirət dünyasının mənəvi məsələlərinə də xüsusi diqqət yetirir. Bütün bunlarla yanaşı insan, yaradılış dünyasında mövcud olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına sövq olunur. Burada tək insanla Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və ehtiram prinsiplərinə də diqqət yetirilir.
4. İQTİSADİYYATDA ƏDALƏT
Qurani-Kərimdə qanuni alqı-satqı və digər müamilə üsulları halal, sələm, çəkidə və digər ölçü vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur.
«Allah, alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir». (Bəqərə surəsi, ayə 275)
«Ey iman gətirənlər! Əhdlərə sadiq olun!» (Maidə surəsi, ayə 1)
5. HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT
Bəşəriyyətin yer üzündə çoxalaraq qalmasının yeganə amili varsa, o da evlənmək və ailə qurmaqdır. Bu səbəbdən də Allah-Taala insanlara müəyyən olunmuş qanunlar çərçivəsində evlənmə əmrini vermişdir.
«(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütf, mərhəmət) geniş olan və (hər şeyi) biləndir!» (Nur surəsi, ayə 32)
«Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfəri ilə nikah bağlayın». (Nisa surəsi, ayə 3)
6. RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT
Quran, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-mənəvi ehtiyaclarını ödəməyə və digər müsəlmanlarla, xüsusilə ata-ana, yaxın qohumlarla da gözəl rəftar etməyə dəvət edir. Başqalarına qarşı xoş rəftar etmək və səmimi ünsiyyətdə olmaq yalnız müsəlmanlara deyil, eləcə də bütün bəşəriyyətə vacib olan məsələlərdəndir.
«Onlarla (qadınlarınızla) gözəl (Allah buyurduğu kimi) rəftar edin». (Nisa surəsi, ayə 19)
«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır». (Bəqərə surəsi, ayə 228)
«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz». (Nisa surəsi, ayə 36)
«Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz». (Qəsəs surəsi, ayə 77)
«Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır». (Əraf surəsi, ayə 56)

Ayətullah Haci Seyid Əbülqasim Xoyi