ALLAH SEVGİSİ

İnsan ona kiçik bir qulluq göstərən və ya yaxşılıq edən insana bu gözəl davranışından duyduğu məmnuniyyəti dərhal göstərmək istəyir. Məsələn, onu evində saxlayan, qulluq göstərən şəxsə minnətdarlıq edir, xüsusilə də ev sahibi diqqətli insandırsa və heç bir söz soruşmadan qonağın hər ehtiyacını tamamilə ödəyirsə... Ciddi xəstəliyi olan insan da həkimin müalicəsi ilə şəfa tapanda ona necə təşəkkür edəcəyini bilmir. Bir insan yolu keçərkən onu maşın vurmasından xilas edən insana həyatını borclu olduğunu söyləyərək, həmin adamı mükafatlandırmaq istəyir və ona olan minətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edir. Hər insan ona sürprizlər edən, gözəlliklər bəxş edən, yaxşılıqlar edən şəxsləri çox sevir, onlara qarşı hörmət və qayğı göstərməklə səhv etməməyə çalışır.

Ancaq bəzi insanların unutduğu çox mühüm həqiqət var: Bir insanı sevindirən, onun qayğısına qalan, ona gözəl ruzilər, nemətlər bəxş edən, xoşuna gələn mənzərəni yaradan, hər səhər oyananda ona həyatını yenidən bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələnəndə ona şəfa verən, dərmanlar vasitəsilə ağrısını kəsən və ya kədərini unutduran, bütün canlı və cansız varlıqların sahibi Allahdır. Odur ki, insan sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və şükrünü Allaha yönəltməlidir. Bir insana köməyə görə təşəkkür edərkən, onu bu yardıma ilhamlandıraraq rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə belə bildirmişdir:

«Həqiqətən, göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!» («Tövbə» surəsi, 116).

Quranda Hz. İbrahimin Allaha olan duasında Rəbbimizin insanlar üzərindəki bu rəhmətini belə ifadə etdiyi bildirilir:

«Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!» («Şuəra» surəsi, 78-82).
(harun yahya Allah sevgisi)