Allah İnsanlara Çətinlik Verməz, Onlardan Asan Olanı İstəyər

Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, göndərdiyi kitablar və peyğəmbərlər vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asan, ibadətlər hər insanın gücü çatacağı şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin rizasını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:

«Biz sənə ən asan olanı müyəssər edərik» («Əla» surəsi, 8).

«...O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dinində olduğu kimi...» («Həcc» surəsi, 78).

«Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik» («Taha» surəsi, 2-3).

Allah başqa bir ayəsində isə insana gücü çatmayacağından artığını yükləmədiyini bildirir:

«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!»« («Bəqərə» surəsi, 286).

Allahın insanlar üçün yaratdığı asanlıqlar Onun mərhəmətinin, bağışlayan olmasının və şəfqətinin təzahürüdür. Allah bəndələrini asan dinə cavabdeh etmişdir və dünyadakı bu asan imtahanın sonunda insanı bənzərsiz gözəllikdə, insanın xəyalına belə gətirməyəcəyi mükəmməllikdə olan nemətlərlə dolu olan sonsuz Cənnət həyatı ilə mücdələyir:

«Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnətlərlə mücdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!» («Tövbə» surəsi, 21-22).

Allah heç bir şeyə ehtiyacı olmayandır, hər cür əskiklikdən uzaqdır. İnsanların isə Allaha ibadət etməyə və gözəl əxlaq göstərməyə ehtiyacları var. Dünyanın ən zülmkar, ən imansız insanı da Allaha heç bir şəkildə zərər verə bilməz. Allah canlı və cansız bütün varlıqların tək hakimi və tək sahibidir. Buna baxmayaraq, Allah insanlara gözəl davranışlarına görə onları mükafatlandıracağını bildirir. Bu, Allahın ali bağışlayan və rəhmət sahibi olmasının dəlillərindən biridir.

Allahın insanları qaranlıqlardan nura çıxaran haqq kitablar endirməsi və onları doğru yola çağıran elçilər göndərməsi də Rəbbimizin rəhmətinin təzahürlərindəndir. Allah haqq kitabı olan Quranı insanlara doğrunu və yanlışı bildirən nur etmiş, onunla insanlara hər şeyi açıqlamışdır. Rəbbimiz insanları cavabdeh etdiyi hər cür ibadəti, inancı və davranış şəklini açıq-aydın ayələri ilə bizə bildirmişdir.

«Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət - olan bir kitab gətirdik» («Əraf» surəsi, 52).

Allah Quranı qorumuş, tək bir hərfinin belə dəyişməsinə izn verməmişdir. Allah bu həqiqəti ayələrində belə bildirir:

«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!» («Hicr» surəsi, 9).

«Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir» («Fussillət» surəsi, 42).

Qiyamətə qədər qorunacaq və bizim üçün qanun olan, qüsursuz və əskiksiz yol göstərənə sahib olmaq insanlar üçün böyük nemət və asanlıqdır. Allah Quranın möminlər üçün əhəmiyyətini belə bildirir:

«...Biz Kitabı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və mücdə olaraq nazil etdik!» («Nəhl» surəsi, 89).

Bundan başqa, Allah tarix boyu insanlara elçilərini də göndərmişdir. Allahın seçdiyi elçilər çox etibarlı, təqva sahibi, ədalətli, gözəl əxlaqlı və çox xeyirli kimsələrdir. Elçilər yalnız Allahın rizasını axtarmış, ölümdən belə çəkinmədən, insanları doğru yola çağırmaq üçün həyatları boyu mübarizə aparmışlar. Allahın elçilərinin başqa bir xüsusiyyəti də çox şəfqətli, möminlərə qarşı çox mehriban, onları qoruyub qayğısına qalan, dərin düşüncəli, diqqətli və fədakar şəxslər olmalarıdır. Allahın tarix boyu seçdiyi bütün elçilərin bu qədər gözəl xüsusiyyətlərə sahib olmaları Rəbbimizin möminlərə böyük lütfüdür.

Allahın insanlara hər şeyi açıq bildirmiş olması, haqq kitablar və etibarlı elçilərlə onları asan olan bir yola çağırması Allahın insanlar üzərindəki rəhmətinin və qoruyuculuğunun bir təzahürüdür. Allah tarix boyu insanlara rahatlıq yaratmış, istəklərini onlara ən gözəl vasitəçilərlə çatdırmış, çağırışına tabe olanların himayəçisi və qoruyucusu olacağını vəd etmiş və bütün bunlardan sonra onları sonsuz gözəllikdə olan Cənnəti ilə mücdələmişdir. Rəhman və Rəhim olan Allah dünyada da, axirətdə də insanlara rəhmət edən, onları qoruyan, nemətləndirən sonsuz şəfqət sahibi olandır. Düşünən, ağıl və vicdan sahibi olan hər insan ona verdiyi bütün bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükr edər və Rəbbimizə səmimi sevgi və təslimiyyətlə bağlanar.
(harun yahya Allah ağılla bilinir)