Çətinlik və sıxıntılara qarşı gözəl səbr etmələrindən...

Allah "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur..." (Mülk surəsi, 2) ayəsi ilə dünya həyatının bir imtahan yeri olduğuna diqqət çəkmişdir. Həqiqətən də dünya həyatında meydana gələn, insanın lehinə və ya əleyhinə kimi görünən müxtəlif eniş-qalxışlar insanların həqiqi xarakterinin bilinməsi baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə, çətinlik anları insanların səmimiyyətlərini ortaya qoyan ən əhəmiyyətli anlardır.

Möminlərin diqqəti cəlb edən xüsusiyyətlərindən biri isə, çətin anlarda və firavanlıqda da eyni xarakteri, eyni səmimiyyəti və şövqü mühafizə etmələridir. Bunun önəmli səbəbi isə onların "çətinlik" anlayışına olan fərqli baxış yönləridir. Daha əvvəl də ifadə etdiyimiz kimi, onlar çətin mühitləri Allaha olan bağlılıqlarını və imanlarının gücünü isbat edəcəkləri əhəmiyyətli bir fürsət kimi qiymətləndirərlər. Bunun "qəlbində xəstəlik olanlar" ilə "Allaha könüldən iman edənləri" bir-birindən ayırmaq üçün Allahın xüsusi olaraq yaratdığı bir vəziyyət olduğunu bilərlər. Bu səbəblə, çətinlikləri bir sıxıntı olaraq deyil, əksinə, bir nemət və Allaha yaxınlaşmaq üçün bir yol olaraq görərlər. Qarşılarına çıxan bütün çətinliklərə "Mətanətlə səbr et!" (Məaric surəsi, 5) və "Rəbbin yolunda səbr et" (Muddəssir surəsi, 7) ayələrində də bildirildiyi kimi səbr edər və Allaha təvəkkül edərlər.

"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir..." (Bəqərə surəsi, 286) ayəsi ilə xəbər verildiyi kimi, Allahın güclərinin çatdığından artıq çətinlik yükləməyəcəyini bilməyin arxayınlığını və rahatlığını yaşayarlar. Əgər başlarına bir çətinlik gəlsə, bilərlər ki, bu, onların güclərinin çatdığı, yenə biləcəyi və səbrlə qarşılaya biləcəyi bir hadisədir. Buna görə də, qarşılarına hər nə qədər çətin hadisə çıxsa da, onlar bu çətinliklə şövqlə mübarizə aparar və hər bir halda Allaha qarşı təslimiyyətli bir davranış göstərərlər.

Bununla yanaşı, çətinliklərin bütün inananların qarşılaşdığı bir vəziyyət olduğunu da bilərlər. Allahın ayədə vəd etdiyi kimi, əvvəlki qövmlərin qarşılaşdığı hadisələr mütləq öz başlarına da gələcəkdir. Bu həqiqəti bilən mömin hələ bu çətinliklərlə qarşılaşmadan öncə özünü bunlara hazırlayar. İstənilən halda Rəbbimizə sadiq qalacağına, səbrdə, təslimiyyət və təvəkküldə qərarlılıq göstərəcəyinə və Allahdan razı olacağına dair Allaha söz verər. "…Allaha verilən əhd barəsində mütləq sorğu-sual olunacaqdır!" (Əhzab surəsi, 15) ayəsinin gərəyi kimi də əhdini mütləq yerinə yetirər. Dözülməz bir aclıq, kasıblıq, qorxu, yaralanmaq hətta ölüm belə olsa, bundan razı olar və Rəbbimizə qarşı şükür edici bir davranış göstərər. Minlərlə çətinlik ard-arda gəlsə belə, bütün həyatı dayanmadan bu çətinliklərin içərisində də keçsə, o, yenə də bunu bir gözəllik olaraq qiymətləndirər. Çünki bu dünyadakı bir neçə on illik çətinliyə Allah üçün gözəl bir səbr göstərdiyi təqdirdə sonsuzadək bir anlıq belə heç bir çətinlik yaşamayacağını bilər. Allahın diləməsi ilə bu şövqlü davranışı ona nemətlərin ən gözəli olan Allahın rizasını, rəhmətini və cənnətini qazandırar. Allah bir ayəsində iman edənləri çətinliklərlə sınayacağını belə xəbər vermişdir:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!" (Bəqərə surəsi, 155)

Ancaq bu mövzuda unudulmaması gərəkən bir xüsus yenə vardır. Möminlərin çətinliklərə səbr etmələri cahiliyyə cəmiyyətinin yaşadığı səbr anlayışından fərqlidir. Çünki cahiliyyə insanları səbr etməyi qarşılaşdıqları çətinliklərə dözmək kimi qiymətləndirərlər. Möminlər üçün çətinliklər əsla dözülməsi deyil, mübarizə ilə aşılması lazım olan hadisələrdir. Bu səbəblə, çətinlikləri aşmaq və firavanlığa qovuşmaq üçün ağıllarını və maddi-mənəvi bütün imkanlarını ən gözəl şəkildə istifadə edib qarşılaşdıqları çətinliyə həll tapmağa çalışarlar. Digər tərəfdən də özlərinə güc verməsi və qarşılaşdıqları çətinlikləri yüngülləşdirməsi üçün Allahdan kömək diləyərlər. Quranda möminlərin bu dualarına belə yer verilmişdir:


"...“Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!" (Bəqərə surəsi, 286)

Budur, möminlərin çətinliklər qarşısında göstərdikləri bu gözəl əxlaq, səmimi cəhd, səbr və təslimiyyət onların şövqlərini göstərən ən əhəmiyyətli əlamətlərdən biridir. Allaha və axirətə olan inanclarının gücü onların çətinliklər qarşısında heç bir şəkildə qorxmadan sonadək şövqlə mübarizə aparmaqlarına vəsilə olar.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)