ŞEYTAN İNSANLARA ÇİRKİN CƏSARƏTİ ƏMR EDİR

Şeytanın məqsədi insanları Allahın dinindən uzaq saxlamaq və öz arxasınca cəhənnəmə aparmaqdır. Buna görə də insanları aldatmaq və tələyə salmaq üçün fərqli üsullardan istifadə edir. Bu oyunları ilə insanlardan çoxunu aldadır, onları pis əxlaqa sövq edir. İnsanları haqq dindən uzaqlaşdırmaq, onlara öz azğın sistemini yaşatmaq üçün doğru və yalnış anlayışlarını qarışdırıb, gözəl əxlaqı pis, pis əxlaqı isə gözəl göstərməyə çalışır. Beləliklə, gözəl əxlaqa dair bütün anlayışları insanların səhv qəbul etmələrinə səbəb olur. Şeytanın və ona tabe olanların bu xüsusiyyəti ayələrdə bu cür vurğulanır:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)

Məsələn, səbir etmək çox gözəl əxlaqi xüsusiyyət olduğu halda, şeytan bu anlayışı insanlara səhv tanıdır. Demək olar ki, insanlar səbrin bu gözəl tərəflərini bilmirlər, əksəriyyəti səbir etməyin çətin, sıxıntılı və əziyyətli olduğunu zənn edirlər. Səbir dedikdə ağıllarına məcburiyyətdən qaynaqlanan, istəmədən nəyəsə “dözmək” feli gəlir. Halbuki səbir Allahın rizası olan bir işdə qərarlı olmaq, imtina etmədən, qorxmadan, əzmlə o işi sonuna qədər davam etməkdir. Məsələn, bütün hadisələr qarşısında gözəl davranmaq, hirslənəcəyi bir hadisə ilə qarşılaşdığı anda hirsini boğaraq gözəl söz söyləmək və nə olursa olsun bu əxlaqda qərarlı olmaq, zəiflik göstərməmək səbrə gözəl nümunədir.

Səbir eyni zamanda Allahın vəd etdiyi gözəl nəticəni sevinc və həsrətlə gözləməkdir. Şeytan səbri çətin və sıxıntılı göstərməyə çalışsa belə, əksinə səbir etmək möminin şövq, həyəcan və sevincini artırır. Məsələn, bütün möminlər həsrətlə axirəti, cənnətə qovuşmağı arzulayır və bunun üçün səbirlə gözləyirlər. Hər hasısa bir mövzuda Allah üçün səbir edən mömin, Allahın bu səbrinin qarşılığını verəcəyini bildiyi üçün sevincli yaşayır.

Mümin pis münasibətlə qarşılaşdığı zaman səbir edir. Yəni hirslənmədən, zəiflik göstərmədən Quranda əmr edilən gözəl davranış və əxlaqı göstərir.

Şeytanın “səbir”lə yanaşı insanlara fərqli göstərməyə çalışdığı anlayışlardan biri də “cəsarət”dir. İnsanlar Allahın ayələrinə tabe olmadıqları halda, şeytanın təsirinə düşürlər. Beləliklə, əxlaqi anlayışların mənasını Qurandan deyil, şeytanın təlqinlərindən öyrənirlər. Şeytan isə insanları “çirkin cəsarət”ə yönləndirir. Çirkin cəsarət insanın gözünü qırpmadan, vicdani sıxıntı çəkmədən, sonunu düşünmədən, çəkinmədən pislik etməsi, Allah haqqında bilmədiyi şeylərdən danışması, bütün kainatı yaradan Rəbbimizi və axirət gününü inkar edə bilməsidir. Quranda çirkin cəsarət göstərən insanlardan bu cür bəhs edilir:

“Rəhman özünə övlad götürmüşdür!” – dedilər. Siz, doğrudan da, olduqca pis bir şey etdiniz! Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun! Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz. Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, onları hesablamış və təkrar-təkrar saymışdır. Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. (Məryəm surəsi, 88-95)

Mömin isə Allahdan qorxur və pis əxlaq göstərməkdən, Allahın sonsuz qüdrətini təqdir edə bilməməkdən çox çəkinir. Allahın axirətdə hesab çəkəcəyini, əgər dünyada pis əxlaq göstərsə və Rəbbimizin sonsuz qüdrətini lazımi şəkildə təqdir etməsə bunun hesabını axirətdə verə bilməyəcəyini düşünür. Allah qorxusu olmayanlar isə şeytanın təsiri ilə pis əxlaq nümunəsi olan “çirkin cəsarət”dən çəkinmirlər.

Hər gün çirkin cəsarət sahibi olan insanlarla rastlaşa bilərik. Allah qorxusu olmayan və Quran əxlaqına uyğun yaşamayan insanlar, adətən hörmət, şəfqət, mərhəmət, insaniyyət duyğularından uzaq şəkildə yaşayır və heç çəkinmədən pis əxlaq göstərirlər. Cəmiyyətin böyük əksəriyyətində pis əxlaq nümunələri ilə rastlaşmaq mümkündür. İş adamlarından küçə avaralarına qədər müxtəlif təbəqəyə mənsub olan insanlarda bu əxlaqı görmək olar. Hər biri fərqli cəmiyyətlərin üzvü olsa belə əgər Allahdan qorxmurlarsa, demək ki, şeytanın özlərinə əmr etdiyi pis əxlaqa tabedirlər.

Şeytana tabe olan insan isə ağıla gələ biləcək hər cür pisliyi edir. Çünki şeytan ona çirkin cəsarət verir, onu aldadır, pislik etdiyi zaman çox soyuqqanlı olmasını təmin edir. Onsuz da, özü də eyni ruh halına sahibdir. Allah mələklərə səcdə etməsini buyurmuş, o isə qürurlanaraq çirkin cəsarət göstərmiş və itaətsizlik edərək azmışdır. Şeytanın bu ibrətamiz azğınlığından Quranda bu cür bəhs olunur:

Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.

(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi.

(Allah) buyurdu: “Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaraşmaz. Çıx, çünki sən alçaqlardansan!”

(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”

(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”

(İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam!

Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

(Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam! (Əraf surəsi, 11-18)

Qəsdən pis işlər görmək və qarşılığında cəhənnəmə getməyi gözə alaraq çirkin cəsarət göstərmək şeytanın azğınlığının şiddətini göstərir. Bunun üçün şeytan, təsiri altına saldığı insanlara da eyni azğınlığı və çirkin cəsarəti aşılamağa çalışır. Allah insanları şeytana tabe olmamaq üçün bir çox ayə ilə xəbərdar etmişdir:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)

Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər. (Bəqərə surəsi, 168-169)

Şeytanın azmasına səbəb olan ən əhəmiyyətli faktorlardan biri isə qürurlanmasıdır. Bunun üçün də şeytan insanların da özünə oxşayaraq qürurlanmalarını təmin etməyə çalışır. “Çirkin cəsarət” də əslində insanın nəfsinə məğlub olmasının nəticəsidir.

Bu qürur insanlar arasında müxtəlif şəkillərdə ortaya çıxa bilər. Şeytanın yolunu izləyən bəzi insanlar eynilə onun kimi Allahın varlığını bildikləri halda din əxlaqından uzaq həyat yaşayırlar. Bəzi insanlar isə Allahın yaratdığı milyonlarla iman həqiqətini gördükləri halda Allahın varlığını inkar edirlər. Bəziləri isə inkar etmir, amma həqiqətləri görməməzlikdən gəlirlər. Məsələn, yer üzünün hər kvadrat millimetrinin Allahın yaradılış dəlilləri ilə dolu olmasına baxmayaraq, bəzi insanlar çirkin cəsarət göstərərək bütün bunların kor təsadüflər nəticəsində yarandığını iddia edirlər. Bütün müxtəliflikləri, gözəllikləri ilə canlıların, yerin , göyün, dünyanın, Günəş sisteminin, ulduzların, qalaktikaların, qısası bütün kainatın təsadüfən meydana gəldiyini iddia edirlər. Bunun qeyri-mümkün olduğunu gördükləri və əslində vicdanən də anladıqları halda Allahın yaradılışdakı ehtişamını rədd edirlər. Bütün bunlar çirkin cəsarətin, vicdansızca inkar etmənin, qürurlanaraq Allaha tabe olmamağın əlamətləridir. İnkar edənlərə nə qədər iman həqiqəti göstərsəniz də -Allah diləmədikcə- bir nəticə əldə etməniz çox çətindir.

Üstəlik qürurlanaraq çirkin cəsarət göstərən insanlar öldükdən sonra dirilməyə də şübhə edirlər. Bu şübhələrini açıq-aşkar ifadə etməkdən də çəkinmirlər. Allah Quranda bu insanların ağılsızlığını və şüursuzluğunu bu cür xəbər verir:

Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, bilən Odur! Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. Hər şeyin hökmü əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də Onun hüzuruna qaytarılacaqsınız! (Yasin surəsi, 77-83)

Bu cür insanlar xəbərdar edildikləri halda tabe olmurlar. Özlərinə göstərilən ibrətlik hadisələri görməməzlikdən gəlirlər. Məsələn, pis əxlaqlı, qarışıqlıq salan, gözəl əxlaqlı insanlara zülm etməyə çalışan, hər cür pisliyi edən bu adamlar özlərini “yaxşı insan” adlandırırlar. Pis əxlaq göstərdikləri, elçilərə üsyan etdikləri üçün cəzalandırılan qövmlərdən bəhs etdikdə yenə ibrət almırlar. Xəbərdar edilib qorxudularaq doğruya dəvət edilsələr belə, bunu rədd edib sonsuz cəhənnəm əzabına razı olurlar. Allah Quranda bu insanların varlığından bu cür bəhs edir:

İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Axı Biz onları yapışqan bir palçıqdan yaratdıq. Bəli, sən onlara təəccüblənirsən, onlar isə istehza edirlər. Onlara öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar. Bir möcüzə gördükdə isə ona istehza edərlər. Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız?!” De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18)

Allah yuxarıdakı ayənin davamında çirkin cəsarət göstərək şeytana tabe olan insanların axirətdəki vəziyyətlərini bu cür xəbər vermişdir:

O yalnız dəhşətli bir səsdən ibarətdir. Onlar dərhal baxacaqlar. Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!”. “Bu yalan hesab etdiyiniz ayırd etmə günüdür!”. “Yığın bir yerə zülm edənləri, onların həmtaylarını və ibadət etdiklərini - Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin! Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (Mələklər deyəcəklər “Sizə nə olub ki, bir-birinizə kömək edə bilmirsiniz?” Bəli, onlar bu gün təslim olmuşlar! (Saffat surəsi, 19-26)
(harun yahya MöminlƏrin cƏsarƏti)