Kamil iman barədə bir neçə söz



Allah Quranı insanlara yol göstərici olaraq endirmişdir. Quran əxlaqının tam mənada yaşanması ancaq ayələrin hamısının birdən tətbiq olunması ilə mümkündür.

Bu əhəmiyyətli həqiqəti dərk edə bilməyən bəzi insanlar Quranın bəzi hökmlərini yerinə yetirməyə diqqət göstərərkən, bəzi hökmlərinə lazım olan əhəmiyyəti verməzlər. Söz gəlişi bəzi ibadətləri dəqiqliklə yerinə yetirərkən, Allahın Quranda bütün detallarını verdiyi gözəl əxlaqı yaşamaq üçün eyni dərəcədə diqqətli davranmazlar.

Bu insanlar "Mən onsuz da Allaha inanıram" deməyin kafi olacağını zənn edirlər. Halbuki Allah Quranda "İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (Ənkəbut surəsi, 2) ayəsi ilə insanları bu mövzuda xəbərdar etmişdir. Bu ayədən aydın olur ki, bir insan "mən iman etdim" dedikdən sonra Allahı razı etmək üçün yaşamalı, Onun xoş gördüyü əxlaqı hərəkəti ilə də göstərməlidir. Qarşısına çıxan hər cür vəziyyətdə Allahın məmnun olacağı gözəl əxlaqı yaşamalı, əksinə bir rəftar göstərməkdən də şiddətlə çəkinməlidir. Əsl dindar olmağın yolu məhz budur.

Adamın səmimiyyəti Allahın gözəl gördüyü əxlaqı həyata keçirmək səyi ilə müəyyən olunur.

Bu mövzuda xalq arasında olduqca məşhur olan bir yanlış fikir vardır. Bir çox insan gözəl əxlaq və təqvanın ancaq Quranda nümunə göstərilən peyğəmbərlər, əshabələr kimi üstün əxlaqlı insanlar tərəfindən yaşana biləcəyinə inanır. Halbuki Allah bu insanların əxlaq nümunələrini digər insanların da həmin rəftar və davranışları, həmin əxlaqı göstərmələri üçün vermiş və bütün insanları Quranda bildirilən hökmlərə uymağa, İslam əxlaqını əksiksiz şəkildə yaşamağa dəvət etmişdir.

İnsan vicdanının səsini dinləyib səmimiyyətdən uzaqlaşmadığında, Quran əxlaqını Quranda nümunə göstərilən saleh möminlər kimi ən gözəl şəkildə yaşaya bilər.

Allah bir ayədə belə bildirir:

Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Fatır surəsi, 32)

Ayədə açıqlandığı kimi, bəzi insanlar Allahın çağırdığı doğru yola uymayıb zərərə uğrayarlar, ancaq bəziləri də yarışıb önə keçər və qurtulanlardan olmağı ümid edərlər. Qüvvətli imana sahib olan hər mömin gücünün çatdığı ən üstün əxlaq səviyyəsinə çatmağa çalışar. Çünki Allahın sevgisini və məmnuniyyətini ancaq bu şəkildə qazanacağını bilir, onun əsl yaranma məqsədi də budur. Rəbbimizi haqqı ilə təqdir edib Onun sevgisini, rizasını və cənnətini qazana bilmək...

Hər bir insan bu əxlaqı hədəfləməklə və buna cəhd göstərməklə məsuldur. Bu mövzuda insanların önünə hər hansı bir sərhəd qoyulmamışdır. Allaha qəlbən iman edən, ONA səmimiyyətlə yaxınlaşmağa çalışan hər mömin bu əxlaqı qazana bilər və "imani yetkinliyə" çata bilər.

Bu blogun yaradılmasındakı məqsədlərindən biri hər işdə Allaha yönəlməyin, daim Allahın razılığını və dostluğunu qazanmaq üçün qeyd-şərtsiz gözəl bir əxlaq göstərməyin nəticəsində yaranan "imani yetkinliyi", "kamil iman"ı təyin etmək, dinə səmimiyyətlə sarılan hər insanın bu üstün əxlaqı yaşamasına vəsilə olmaqdır.

Blogun yaradılmasındakı başqa məqsəd isə dərin bir Allah qorxusuna sahib olunduğunda və səmimiyyətlə yaxınlaşdıqdan sonra "peyğəmbər əxlaqı"na çata bilməyin qarşısında heç bir mane olmadığını bildirməkdir. Ən əhəmiyyətlisi Allah Qatında qəbul olunan davranış formasının axirət üçün "ciddi" bir səy göstərmək olduğunu vurğulamaqdır. Allah bununla əlaqədar olaraq bir ayədə belə buyurmuşdur:

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)
(məqalə harun yahya)