Sizi Yaradanı Nə Qədər Tanıyırsınız?

Sizi kim yaratdı? Sizə bu bədəni, gözlərinizin rəngini, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisi arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?

Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: "Allah". Sizin kimi digər insanlardan da bu suallar soruşulduğunda, onlar da "Allah" deyə cavab verirlər. Necə ki, Allah Quranda insanların öz ağızlarıyla bu gerçəyi təsdiq edəcəklərini belə bildirmişdir:

Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər? (Ənkəbut Surəsi, 61)

Yaxşı, sizi və kainatı ən incə detalına qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa necə yaşamalı olduğunuzu bildirir? Allahı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir?

Şübhəsiz, bunlar kimi daha bir çox sual soruşula bilər və siz də özünüzə görə bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, ya qohumlarınızdan, ya ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Ya da illər əvvəl din dərsində oxuduqlarınızdan ağlınızda qalanlar... Yaxşı, verdiyiniz cavabların həqiqətən doğru olub olmadığını heç düşünmüsünüzmü?

Şübhəsiz, hər kəs Allah haqqında çox fərqli fikirlər söyləyə bilər. Fəlsəfəçi Allahı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarır, təsirləndiyi filosofların fikirlərini istifadə edərək Allahı tanıdır. Allah haqqında heç bir məlumatı olmayan evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanır. Allahla əlaqədar kitab yazan yazıçı isə bəlkə də heç din təhsili almayıb, hətta Allahın endirdiyi ayələrin birini belə bilmir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs, sanki onun fikirləri müzakirəsiz doğruymuş kimi qəbul edir, bütün yazılanları tətbiq edir və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edir. Çox insan o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal vermir.

Lakin unudulmamalıdır ki, insan yanıla bilən, cahillik edə bilən varlıqdır. Bu halda bizə, Allahı ən doğru tanıdacaq qaynaq, yalnız Onun bizlərə endirdiyi haqq kitab Qurandır. Allah Quranda insanların öyrənməsi lazım olan şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə Allahın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik Allah dilədiyi quluyla danışır. Məsələn:

Quranda, Hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanları olduğu kimi, mələkləri və cinləri də yaratmışdır. Və Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət və cəhənnəm həyatı yaratmışdır.

İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamaları lazım olduğunu da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların çox qısa cavablarıdır və bu cavabların hamısı Quranda var.

Bu an oxuduğunuz bu sayt da sizə şah damarınızdan daha yaxın olan Allahı, Quranda bildirdiyi şəkildə tanıtmaq üçün hazırlanmışdır. Bu saytın məqsədi, başınızdakı dumanlı, pozuq, səhv məlumatların yerinə Qurani Kərimdəki gerçək Allah inancını yerləşdirmək, beləliklə, uca Allahı daha yaxşı tanımanızı, Ona daha yaxın olmanızı təmin etməkdir. Allah, 1400 il əvvəl endirdiyi Quran ayələriylə insanlara Özünü tanıtmış, Özünə aid adları bildirmişdir. Quranda verilən müxtəlif nümunələr və izahatlar Onun sonsuz ağlını, elmini, sənətini göz önünə gətirəğir. Allah Quran ilə Özünü qullarına tanıdır.

Bu saytda yerləşən hər adın altında istifadə edilən ayələr, açıqlanan adın keçdiyi ayələrdir. Bu ayələrin ərəbcəsinə baxsaq, Allahın bu adlarının ayələrin içində keçdiyini görərik. Bundan başqa hər adın altında, bəlkə də bu günə qədər üzərində düşünülməyən detalları xatırladacaq qısa açıqlamalar var. Əlbəttə, bu açıqlamalar göylərin və yerin Rəbbi olan Allahı tanıtmaq üçün kifayət deyil. Çünki bütün kainatı, bütün canlıları, insanları və maddəni yaradan və ən gözəl adların sahibi olan Allahın sadəcə bir adını açıqlamaq üçün belə cildlərlə kitab yazıla bilər. Lakin belə bir imkan olmadığı üçün bu saytda qısa nümunələr, insanı düşünməyə sövq edəcək izahlar istifadə edilərək, oxucunun təfəkkür üfqü açılmağa çalışılır.

Bu saytla əlaqədar gözdən qaçırılmaması lazım olan bir cəhət daha var: Bu sayt sizə, yalnız Quranda keçən məlumatları çatdırır. Çünki, Allahın adları haqqında Onun Quranda bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Bizə məlum olmayanlar isə Rəbbimizin qatında gizlidir:

"Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən” - dedilər." (Bəqərə Surəsi, 32)
(məqalə harun yahya)