MÜTƏALİ (Ağlın dərk edə biləcəyi hər şeydən çox Uca)

“Haqq Hökmdar olan Allah ucadır! Onun (ayələrinin) vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de.” (Taha Surəsi, 114)

İnsanların bir qismi ətraflarındakı saysız-hesabsız dəlilə baxmayaraq Allahın Ululuğunu, Ucalığını təqdir edə bilmirlər. Həddən artıq aciz olduqları halda özlərini böyük görür, özlərini yaradan Allahı isə heç düşünmürlər. Bu böyüklənmə hissinin səbəbi insanın pisliyi əmr edən bir nəfsə sahib olmasıdır. Ancaq iman edənlər Allahın Ucalığı qarşısında insanın nə dərəcə aciz bir varlıq olduğunu, buna görə heç nəyə güc çatdıra bilməyəcəklərini bilirlər.

Çünki Allah Quranda insanların acizliyinə və Şəxsinin Ucalığına belə bir misalla diqqət çəkir:

“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də!” (Həcc Surəsi, 73)

“Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!” (Həcc Surəsi, 74)

Halbuki kainatın hər zərrəsi Allahın Böyüklüyünü göstərir. Amma Onun sonsuz Gücünü və Elmini izah etməyə əsla kifayət deyil. Allah şirkdən, qüsurdan, nöqsandan münəzzəh olandır. Bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibi Odur. Onun Elmi, Ağlı, Gücü, Qüdrəti, Rəhməti, Şəfqəti və Lütfü sonsuzdur.

Allahın böyüklüyünü qavraya bilmək üçün “Sonsuz” sözü üzərində yaxşı-yaxşı düşünmək lazımdır. Allah insanları ölümlərindən sonra yeni bir yaradılışla yaradacaq və bundan sonra onların dünyada etdiklərinin qarşılığı kimi cənnət və ya cəhənnəmdə davam edəcəkləri sonsuz həyatlarını başladacaq. Burada yüz deyil, min deyil, yüz min və ya milyard il deyil, trilyon, ya da katrilyon dəfə katrilyon il də deyil, sonsuza qədər davam edəcək bir ömürdən bəhs edilir. Yəni yüz trilyon insan olsa, gecə gündüz heç dayanmadan yüz trilyonu yüz trilyon ilə vursalar, yüz trilyon ömürləri olsa və ömürləri boyunca bu işlə məşğul olsalar yenə də il sayını hesablaya bilməyəcəklər.

Halbuki Allah elə böyük bir elmə malikdir ki, insana görə “sonsuz” olan hər şeyi bilir. Zamanın ilk yaradıldığı andan sonsuza qədər davam edəcək hər hadisəni, hər düşüncəni, vaxtı və hər halıyla təyin edən və bilən Allahdır. Bu həqiqətə Quranda belə diqqət çəkilir:

“Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz (neçə-neçə) həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı? Onların etdiyi hər şey (əməllərinin yazıldığı) kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır.” (Qəmər Surəsi, 49-53)

“(Allah) onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır.” (Əraf Surəsi, 190)

“Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır.” (Nəml Surəsi, 63)

“Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, (heç olmazsa,) birini edə bilən varmı? O, pakdır və (müşriklərin) Ona şərik qoşduqlarından ucadır.” (Rum Surəsi, 40)
(məqalə harun yahya)