KABİL (Qəbul edən, bağışlayan)

Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. (Şura Surəsi, 25)

İnsan həddən artıq aciz varlıqdır. Yaşamağı üçün lazım olan şərtlərin hamısı təmin edilməsə həyatını davam etdirməyi qeyri-mümkündür. Ancaq bütün bu acizliyinə baxmayaraq təkəbbür, azğınlaşma və Allaha qarşı nankorluq etməyə meyllidir. İnsanın bu xüsusiyyəti ilə əlaqədar olaraq Quranda belə bildirilir:

Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. (Əhzab Surəsi, 72)

Həqiqətən insan, Rəbbinə qarşı çox nankordur. (Adiyat Surəsi, 6)

İnsanı yaradan Allah şübhəsiz onun içində daşıdığı pislikləri də bilir. İnsanın hər an səhv edə biləcəyi, nankorluq, cahillik edə biləcəyi Onun elmi daxilindədir. Və şübhəsiz O, qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Bu qədər mərhəmətli olduğu üçün insanlara xilas yolunu göstərmişdir: tövbə etmək.

Zalım, cahil və nankor olan insana nəfsindəki bu pisliklərdən qorunmaq və işlədiyi səhvləri düzəltmək üçün böyük bir imkan verilib. İnsanın hər cür pis hərəkəti ola bilər, hər cür səhv edə bilər, Allaha heç gözlənilməyən şəkildə nankorluq da etmiş ola bilər. Ancaq əgər səmimi, Allaha içdən bağlı və Onun əzabından içi titrəyərək qorxub çəkinən bir insandırsa tövbə edər və bu şəkildə qurtuluş tapar. Çünki Allah səmimi edilən tövbələri qəbul edəcəyini, Özündən qorxan qullarının səhvlərini bağışlayacağını vəd etmişdir.

Şübhəsiz Allahın 'Kabil' sifəti insanlar üzərindəki şəfqətinin və mərhəmətinin açıq bir nümunəsidir. Allahın heç bir şeyə ehtiyacı yoxdur. Diləsəydi insanların bütün bu etdiklərinin heç birini qəbul etməzdi. Lakin Allah sonsuz rəhmətiylə insanların buna ehtiyaclarının olduğunu bilib,səmimi ürəklə edilən tövbələri qəbul edəcəyini xəbər verib. Allah bağışlayan olduğunu bir ayədə belə bildirir:

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə Surəsi, 104)
(məqalə harun yahya)