BAİS (Göndərən (peyğəmbər), oyandıran, dirildən)

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Bəqərə Surəsi, 28)

Şübhəsiz, yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün öləcək və məzara qoyulacaq. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük əksəriyyəti ölümü düşünmür və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu şəxslərin vəziyyətləri belə xəbər verilir:

Deyirlər: “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” (Naziat Surəsi, 10-11)

Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir:

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! (Yasin Surəsi, 78-79)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi Allah bütün insanları ilk dəfə yaradandır. Gəlmiş-keçmiş bütün insanları bir-birlərindən fərqli xüsusiyyətlərlə yaratmışdır. Belə ki, bu gün bilindiyi kimi hər insanın barmaq ucuna qədər bir çox xüsusiyyəti digər insanlardan fərqlidir. Şübhəsiz, onları ilk dəfə yaradan Allah, ikinci dəfə və hətta sonsuz sayda eyni şəkildə yaratmağa güc çatdırar. Necə ki, Allah bunun dəlillərini bizlərə yer üzünün dirildilməsində göstərir.

Ətrafımıza baxdığımız zaman hər payız bütün təbiətin bir növ 'ölüm' yaşadığına şahid oluruq. Bu 'ölüm' bütün qış mövsümü ərzində davam edir. Ancaq yaz gəldiyi zaman ağacların qupquru olmuş budaqlarında yenidən rəngarəng çiçəklərin, yamyaşıl yarpaqların çıxdığını, bütün təbiətin canlanaraq yaşıllandığını görürük. Üstəlik bu 'ölümdən sonra diriliş' minlərlə ildir heç dayanmadan davam edir. Beləliklə, insanın ölümündən sonra dirilişi də Allah üçün bu dərəcə asandır. İnsanın dirildilməsi ilə təbiətin dirildilməsi arasındakı bu bənzərliyə Allah ayələrində belə diqqət çəkmişdir:

(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də belə çıxardılacaqsınız. (Rum Surəsi, 19)

Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O hər şeyə qadirdir! (Rum Surəsi, 50)

Allahın “Bais” sifətinin bir başqa mənası da “peyğəmbər” göndərəndir. Allah insanlara xəbərdar edən, qorxudan, müjdə verən elçilər göndərmiş və onları doğru yola dəvət etmişdir. Elçilərindən bəzisinə insanları qaranlıqdan işığa çıxaracaq kitablar vəhy etmişdir. Şübhəsiz bu, Allahın insanlara böyük bir lütfüdür. Quranda belə buyurulur:

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki, özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin üzündən ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər. (Bəqərə Surəsi, 213)

Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali-İmran Surəsi, 164)
(məqalə harun yahya)